Zelenski Qərbin xəyanətini ifşa etdi: Rusiya isə "qaranlıq planlar"dan imtinaya məcburdur

Ukrayna Qərbdəki "müttəfiqlər"indən ümidini kəsib, Rusiya ilə anlaşmaq istiqamətində hərəkətə keçdi; Rusiya isə bir tərəfdən savaşa qarşı daxili etiraz dalğası, digər tərəfdən isə sanksiyaların iqtisadiyyata ağır zərbələri ilə üzləşdiyindən Ukraynanın danışıqlar təklifini qəbul etməyə məcbur qala bilər...

Ukraynada baş verənlər insanlıq tarixinin ən dəhşətli hadisələri sırasına daxil olacaq. Bu hadisələrin bütün günahları öz adlarını bəşər tarixinə elə indidən qara hərflərlə yazdırmağa nail olublar. Və ən ağır cəzaları da bu insanlıq ayıbına görə tarixin ittihamları olacaq.

İyirmi birinci əsrdə Ukrayna bütün dünyanın gözü qarşısında Rusiya tərəfindən işğal olunur. Kremlin imperialist eqosu Ukrayna xalqını hədəfə alıb. Rusiya Ukraynanın müstəqilliyini həzm edə bilmədiyini təsdiqləyir.

Kremlin qəribə bəhanələri də var. Prezident Vladimir Putin Rusiyanın Ukraynanı işğal etməyə məcbur buraxıldığını iddia edir. ABŞ və Qərb ilə hərbi-siyasi ziddiyyətlər ucbatından Rusiyanın Ukraynanı qurban seçib, bu ölkəni dağltmasına haqq qazandırmağa çalışır. Ancaq Kreml sahibi də çox gözəl anlayır ki, dünyada heç kim bundan sonra onun dediklərinə əhəmiyyət verməz.

rus_ukr_bvjpg-1645445594.jpg (61 KB)

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bəhanəsi isə daha biabırçı məzmun daşıyır. Təcrübəli diplomat olsa da, Rusiyanın Ukraynada rus dilini xilas etmək üçün savaşa başladığını əsaslandırmağa çalışır. Yəni, Rusiya kimi nəhəng dövlətin xarici işlər naziri hələ də bilmir ki, hər bir müstəqil ölkənin öz dövlət dili var. Və heç bir müstəqil ölkəni rus dilinə xüsusi ayrıcalık tanımağa məcbur etmək olmaz, bu, yolverilməzdir.

Əslində, Rusiya xarici işlər naziri də onun bəhanəsinin diplomatik biabırçılıq olduğunu anlayır. Ona görə də, bəhanələrin arasına Ukraynaya qarşı işğalçılıq siyasətinin əsas səbəbini də yerləşdirməyə məcbur olub. O, bildirib ki, Rusiya Ukraynanın demilitarizasiya olunmasını təmin edəcək. Yəni, demək istəyir ki, Kreml Ukraynada Rusiyanın maraqlarına zidd xarici siyasət yürüdən hakimiyyəti dəyişmək niyyətindədir.

Təbii ki, bu, Rusiyanın Ukraynanın daxili işlərinə kobud şəkildə, həm də savaş yolu ilə müdaxilə etməsi anlamına gəlir. Ukraynanın indiki hakimiyyəti bu ölkənin vətəndaşları tərəfindən seçilərək, formalaşdırılıb və siyasi dəyişikliklər yalnız xalq tərəfindən reallaşdırıla bilər. Bu baxımdan da, Rusiyanın Ukraynaya qarşı öz işğalçılıq siyasətinə haqq qazandırmaq şansı yoxdur.

Rusiya xarici işlər nazirinin dedikləri Ukrayna prezidenti Volodimir Zelenskinin iddialarını tamamilə haqlı çıxarır. Çünki prezident Volodimir Zelenski bildirib ki, Rusiya onu bir nömrəli hədəf olaraq, müəyyən edib: "Ancaq mən və ailəm Ukrayna paytaxtında xalqımın yanındayıq".

regnum_picture_1543900880553335_normal.jpg (1.04 MB)

Göründüyü kimi, Rusiyanın Ukrayna ilə bağlı kifayət qədər ciddi və "qaranlıq planları" var. Kreml Ukraynada Rusiyanın təlimatları ilə işləyəcək hakimiyyət qurmağa və bu ölkəni tamamilə öz nəzarəti altına almaq niyyətindədir. Halbuki bütün bunlar və xarici işlər naziri Sergey Lavrovun biabırçı bəhanələri Rusiyaya ciddi problemlər də yarada bilər.

Ona görə də, Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov xarici işlər naziri Sergey Lavrovun səhvlərini düzəltməyə cəhd göstərib. O, bildirib ki, Kremldə Volodimir Zelenskini Ukrayna prezidenti kimi tanıyırlar. Və o, nə qədər qəribə də olsa, əmindir edir ki, Rusiyanın Qərblə münasibətləri istənilən halda, normallaşma mərhələsinə keçəcək.

Əslində, D.Peskovun bu əminliyi qətiyyən boşuna deyil. Çünki, Kremldə ABŞ və Qərbin Ukraynanı Rusiyanın qarşısında necə köməksiz, təkbaşına buraxdığını görürlər. Və bu situasiyanın tezliklə Rusiyanın xeyrinə çevriləcəyini ehtimal edirlər.

Maraqlıdır ki, Ukraynanın Rusiya qarşısında təkbaşına buraxılmasına Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da reaksiyasız qalmayıb. Türkiyə lideri vurğulayıb ki, NATO daha qətiyyətli davranmalıydı: "Qərb Ukraynaya yalnız məsləhətlərlə dəstək verir. NATO və Avropa Birliyinin Ukraynaya münasibəti dostluq və həmrəylik xarakteri daşımır".

images-zelenski-telefon.jpg (8 KB)

Maraqlıdır ki, rəsmi Kiyev də artıq bu qənaətdədir. Rəsmi Kiyev artıq ABŞ və Qərbi Ukraynaya vəd olunan dəstəyi verməməkdə qınamağa başlayıb. Prezident V.Zelenski bəyan edib ki, Qərbin yeni sanksiyaları Rusiyanı dayandırmaq üçün qətiyyən yetərli deyil və hazırda Ukrayna tək qalıb. Onun fikrincə, dünya Ukraynanın başına gətirilən faciəni uzaqdan müşahidə etməklə kifayətlənir.

Prezident V.Zelenskinin açıqlamasında ABŞ və Qərbin Ukraynadan necə üz çevirdiyinin faktlarla təsviri də yer alır. Avropanın 27 dövlət başçısı ilə danışdığını bildirən prezident V.Zelenski məyusluğunu qətiyyən gizlətməyib: "Mən onlardan Ukraynanın NATO üzvü olub-olmayacağını açıq şəkildə soruşdum. Cavab vermədilər, çünki hamısı qorxur. Ancaq biz qorxmuruq".

Təbii ki, belə vəziyyətdə rəsmi Kiyev Ukraynanı tam dağılmaqdan xilas etməyin yollarını axtarmaq məcburiyyətində qalıb. Artıq prezident V.Zelenski ABŞ və Qərbə ümid bəsləməyin mənasız və boşuna zaman itkisi olduğundan əmindir. Ona görə də, Ukrayna prezidenti artıq ABŞ və Qərbin məsləhətlərini dinləmək fikrində deyil.

-5215300426310728727_121.jpg (155 KB)

İndi o, yalnız Ukrayna xalqına güvənə biləcəyindən ümummilli səfərbırlik elan etməklə yanaşı, Rusiya ilə anlaşmaq üçün hərəkətə keçmək niyyətindədir: "Biz Rusiyadan da, onunla danışıqlar aparmaqdan da qorxmuruq. Rusiya ilə Ukraynanın təhlükəsizliyi və neytral statusu barədə danışıqlara hazırıq. Qarşı tərəfə danışıqlara başlamağı və qan tökülməsini dayandırmağı təklif edirəm".

Belə anlaşılır ki, prezident V.Zelenski ABŞ və Qərbdən artıq ümidini tamamilə kəsib. Çünki, indi hər kəs, eləcə də, rəsmi Kiyev Ukraynanın ABŞ və Qərb tərəfindən xəyanətə uğradığını bilir. Prezident V.Zelenskinin ABŞ və Qərbə yönəlik ittiham xarakterli qınaqları da əslində, həmin xəyanətin ifşa olunması anlamı daşıyır. Hər halda, Ukrayna Qərbdəki "müttəfiqlər"indən ümidini kəsib, Rusiya ilə anlaşmağa çalışması rəsmi Kiyev üçün hazırda ən doğru çıxış yolu təsiri bağışlayır.

Maraqlıdır ki, Kreml də prezident V.Zelenskinin danışıqlar təklifinə müsbət reaksiya verilib. Son məlumatlara görə, Kreml Minskə Ukrayna ilə danışıqlar üçün nümayəndə heyəti göndərməyə hazırdır. Və bu, Rusiyanın da hazırda olduqca ağır vəziyyətə düşdüyünü göstərir. Çünki bir tərəfdən Rusiya daxilində Ukrayna ilə savaşa etiraz dalğası genişlənir. Digər tərəfdən isə ABŞ və Qərbin sanksiyaları hər halda, Rusiyanın iqtisadiyyatını artıq zərbələrə və itkilərə məruz qoymaqdadır. Ona görə də, Kreml Ukrayna ilə anlaşıb, ABŞ və Qərbin sanksiyalarından xilas olmaq barədə düşünməyə başlayıb.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu