Aydınlar Partiyasının bəyanatı: "Xocalı qətliamını törədən canilər tarixin mühakiməsindən boyun qaçıra bilməyəcəklər"

Aydınlar Partiyası Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar bəyanat yayıb. Bəyanatda deyilir:
“XX əcrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımının törədilməsindən 30 il keçir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhərini işğal edərək azərbaycanlılara qarşı qətliam törətdilər. Bu qətliam nəticəsində Xocalının dinc sakinlərindən 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 nəfəri vəhşicəsinə öldürüldü, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi, 76 –sı uşaq olmaqla 487 nəfər yaralandı, 1275 nəfər əsir götürüldü və 150  nəfər itkin düşdü.
Xocalı soyqırımı ermənilərin Azərbaycana və türklərə qarşı apardıqları etnik təmizləmə və terror siyasətinin davamı kimi qiymətləndirilməlidir. Törədilməsindən 30 il keçməsinə baxmayaraq Xocalı coyqırımı hələ də beynəlxalq aləmdə öz qiymətini almamış, erməni terrorçuları insanlıq əleyhinə cinayətlərinə görə layiqincə cəzalandırılmamışlar. Xocalı soyqırımını tərədənlərin layiqli cəzalarını almaması  yeni-yeni beynəlxalq cinayətlərə yol açır, dünyanın müxtəlif bölgələrində soyqırımıların təkrarlanması, terror, ekstremizm və separatçılıq üçün zəmin yaradır.
Azərbaycan xalqının birliyi sayəsində 44 günlük Vətən müharibəsində erməni qəsbkarları üzərində qazanılan tarixi qələbə onu deməyə əsas verir ki, Xocalı qətliamını törədən canilər gec olca da tarixin mühakiməsindən boyun qaçıra bilməyəcəklər.
Aydınlar Partiyası Xocalı soyqırımının 30-cu ildönümü ərəfəsində bütün dünya ictimaiyyətinə bir daha müraciət edərək Azərbaycan xalqına qarşı törədilmiş  erməni vəhşiliklərinə prinsipial siyasi, hüquqi qiymət verməyə, Xocalı qətliamını beynəlxalq hüquqa uyğun olaraq soyqırımı aktı kimi tanımağa, bu cinayətiləri törədən erməni cəlladlarının beynəlxalq-hüquqi məsuliyyətə cəlb edilməsi üçün səy göstərməyə çağırır.”