KKTC-nin Bakı təmsilçiliyi Xocalı soyqırımı ilə bağlı açıqlama yaydı

Quzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Bakı təmsilçiliyi Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar açıqlama yayıb.

İlkxeber.org-a daxil olan açıqlamada deyilir: 

"1992-ci il fevralın 26-da Ermənistanın Azərbaycanın Qarabağ bölgəsinin Xocalı şəhərinə qarşı həyata keçirdiyi hücumlarda 613 günahsız dinc azərbaycanlı, o cümlədən qadın və uşaqlar öldürülüb, yüzlərlə Azərbaycan vətəndaşı yaralanıb. Bu hücumlarda mindən çox insan əsir götürülüb. Təəssüf ki, itkin düşənlərin taleyindən bu günədək xəbər tutmaq mümkün olmayıb. 

Bilirik ki, yaxın tariximizdə dünyanın gözü qarşısında baş vermiş Xocalı soyqırımının vurduğu yaralar hələ də yenidir, yaddaşlardadır. 

Xocalıda insanlığa sığmayan qırğında həyatını itirən azərbaycanlı bacı-qardaşlarımıza Allahdan rəhmət diləyir, Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir, həyatını itirənlərin əziz xatirələri qarşısında ehtiramla baş əyirik. 

Bu münasibətlə Azərbaycanın işğal altında olan torpaqlarını azad etdiyi 44 günlük Vətən Müharibəsində və 1974-cü ildə Kıbrısda keçirilən Mutlu Barış və Özgürlük Hərəkatında həyatını itirən şəhidlərimizi bir daha rəhmət və ehtiramla yad edirik".