Qarabağ salnaməsinin yeni səhifəsi - 44 günlük Zəfər tariximiz

QHT-nin bu mövzuya həsr edilmiş layihəsi davam edir

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Demokratiyanın və Milli Dəyərlərin Təbliği” İctimai Birliyi tərəfindən “Zəfər tarixi ilə bağlı mədəni tədbirlərin təşkili” adlı layihənin icrasına start verilib.

İlkxeber.org-a “Demokratiyanın və Milli Dəyərlərin Təbliği” İctimai Birliyindən bildiriblər ki, 3 ay müddətinə həyata keçiriləcək bu layihə xalqımızın taleyində, tarixində, ərazi bütövlüyümüzün bərpasında mühüm əhəmiyyət kəsb edın Vətən müharibəsində qazandığımız böyük Zəfər tariximizin ölkəmizdə yeniyetmə gənclər arasında necə əksini tapması və milli özünüdərk prosesinə təsirlərindən bəhs edir.

İctimai Birliyin sədri Əli Cəfərov layihənin ictimai əhəmiyyəti barədə deyib ki, Azərbaycan xalqının müasir taleyində və tarixində böyük dönüş yaradan Vətən müharibəsində qazanılan Qələbə XXI əsrin ən bariz faktı olmaqla, bizim milli düşüncəmizdə, o cümlədən mədəni düşüncəmizdə yeni, başlıca strateji hədəfləri də müəyyənləşdirmiş oldu:

“Qənaətimiz budur ki, bu qürurlu tarixi olayların timsalında Müzəffər Ali Baş Komandan İlham Əliyevin yürütdüyü böyük siyasətin nəticəsi olaraq, qalib xalqın qalib mədəniyyəti şəklində gənclər arasında təbliğ olunmalıdır.

Uzun illər erməni işğalına məruz qalan mili mənəvi dəyərlərimizin, mədəni abidələrimizin doğma Qarabağımızı azad etmək ruhu hər bir Azərbaycan vətəndaşının əsas məqsədi olmuşdur. Eyni zamanda, xalqımızın Vətən müharibəsindəki mübarizliyi, həmrəyliyi mənəviyyatımızda yeniləşmənin təməlidir.

Mənəviyatımızda torpaqlarımızın müdafiəsi uğrunda birliyinin, əzminin, sevgisini nümayiş etdirən azərbaycanlı obrazı Vətən müharibəsinin elə ilk günlərindən yaranmağa və mətbuatda görünməyə başladı. Qarabağ salnaməsinin yeni səhifəsinin və tariximizin bu həlledici anının gənclərin yaddaşına hopdurulması bizim əsas görəvimizdir”.

Layihə çərçivəsində görüləcək işlər haqqında məlumat verən Əli Cəfərov bildirdi ki, tədbirlər seminarlarla müşayiət olunacaq:

“Təlim-seminarın mövzusu "İlham Əliyev və qüdrətli Azərbaycan” adlanacaq. Bu seminar əslində layihənin mövzusuna və bütövlükdə Qarabağ münaqişəsinə, Qarabağ tarixinə, 44 günlük Vətən müharibəsinə və Zəfər tariximizə bir ekskurs, mövzunun açarı rolunu oynayacaq. Bu seminarda ümumi məlumatlar verilməklə yanaşı, şagirdləri qarşıdakı müsabiqələrə psixoloji baxımdan hazırlamaq, onların bilik və bacarıqlarını mövzuya sövq etmək nəzərdə tutulur”.

Daha sonra layihə rəhbəri deyib ki, Vətən müharibəsindəki qalibiyyət tariximiz yeni nəsillərin milli ruhunda, dilində, adət-ənənəsində, vətənpərvərlik duyğularında, eləcə də müasir dünyada yaşayan bütün azərbaycanlıların həyatının, gələcəyinin ən aktual stimuluna çevrilməsində keçirəcəyimiz tədbirlərin müstəsna rolu olacaqdır. Ona görə də, layihəmizin məqsədi bu kimi məsələlər çərçivəsində Vətən müharibəsində Zəfər tariximizdən bəhs edən inşa və şeir müsabiqələrinin təşkili, qaliblərin mükafatlanması və Hərbi Qənimətlər Parkına ekuskursiyanın təşkilinin böyük əhəmiyyəti olması yanaşı gələcəyimiz üçün sanballı bir aditoriya hazırlamaqdır.