Baba Rzayev yeni açılan “Qobu” Enerji Qovşağının imkanları haqda məruzə etdi

Xəbər verildiyi kimi bu gün fevralın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Qobu” Enerji Qovşağının - yükötürmə gücü 1000 meqavat olan 330/220/110 kilovoltluq “Qobu” yarımstansiyasının və 385 meqavatlıq “Qobu” Elektrik Stansiyasının açılışında iştirak edib. Açılış zamanı “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev dövlətimizin başçısına görülən işlər barədə məlumat verib.

Bu məlumatlara əsasən Prezident İlham Əliyevin 2020-ci ilin avqustunda təməlini qoyduğu 385 meqavatlıq “Qobu” Elektrik Stansiyası və yükötürmə gücü 1000 meqavat olan 330/220/110 kilovoltluq “Qobu” yarımstansiyası rekord müddətdə tikilib. Azərbaycan energetikası tarixində ilk dəfə istilik elektrik stansiyasının layihələndirilməsini xarici institutlar deyil, “Azərenerji” ASC-nin Layihə-Axtarış Energetika İnstitutu layihələndirib və tikintini də yerli şirkət həyata keçirib. Ən əsası odur ki, burada tikilən yarımstansiya Bakıda inşa olunan ilk 330 kilovoltluq yarımstansiyadır.