Zahir Məlikli - Ocaq kimi isti adam

Çingiz Özgür
 
Mənə 4 qat əziz insan: Dostum, dostum Elçinin atası, dostum Alpərin babası və gözəl ziyalı- rəssam Zahir Məliklinin 60 illik yubileyidir.
Zahir müəllim su kimi saf adamdı, ocaq kimi isti adamdı, torpaq kimi bərəkətlidi, hava kimi vacib əhəmiyyətlidi. Həyatın dörd ünsürünü özündə birləşdirən, tək - tük BÜTÖV ADAMlardandı Zahir müəllim!
Güzgü kimidir. Onu görəndə əvvəl özünə xaricdən fikir verirsən ki, "Görüm hər şeyim qaydasındadımı?" Yaxınlaşıb danışdıqca, söhbətləşdikcə özünə daxildən fikir verirsən ki, "Görəsən pis bir iş görməmişəm, günahım çox deyil ki?" Adamı münasibəti ilə, söhbəti ilə, davranışı ilə saflaşdıran adamdı Zahir müəllim!
Təbiətcə sakit, dava-şavadan uzaq adamdı. Amma həm də DAVA ADAMIdı! İllərdir ki, yorulmadan, usanmadan yazılarıyla, rəsimləri ilə, söhbətləri ilə böyük bir dava aparır Zahir müəllim!
Cəsarətli adamdı, qorxmaz adamdı! Amma həm də bütün varlığı ilə günah işlətməkdən, pis əməldən qorxur. Və nəyinki özü üçün, ətrafındakıların, ona yaxın adamların da günah işlətməsindən qorxan adamdı Zahir müəllim!
Onun həyatı əvvəlindən ta indisinə incəsənətlə doludur. Yaşadığı yerdə, işlədiyi yerdə, hətta gəzməyə getdiyi yerdə belə incəsənət nümunələri ilə doludu hər tərəf. Bu nümunələri özü yaradır, yaradıcı adamdı Zahir müəllim!
Dostluğa, yoldaşlığa, münasibətə dəyər verən, dəyərləri qoruya bilən adamdı, düzə- düz adamdı. Düz adamdı Zahir məllim!
Bu təbriki çox tərəfə uzatmaq olar, amma bütün deyilən və deyilməyənləri bir sözdə birləşdirmək olar: KİŞİ ADAMDI ZAHİR MÜƏLLİM!!!
Biz onu çox sevirik! 60 illik yubileyini həm də burdan təbrik etməklə, yaş ədədindəki ilk rəqəmin ən azı 6 dəfə də dəyişməsini və ən əsası ona biçilən Tanrı payı- ömürü sağ canla yaşamasını arzu edirəm!
Təbriklər dostum! Sizə dostum Elçinin 60 illik yubileyində iştirakı, dostum Alpərin toyunu görməyi, o toyda qol qaldırıb oynamağınızı arzu edirəm!!!
Yaşa, Zahir müəllim! Gözəl və sağlam yaşa! Eşq olsun!!!