QHT sədri buster dozadan danışdı: Azərbaycandakı vəziyyət məqbuldur ŞƏRH

Gülayə Səfərova: "Prezident İlham Əliyevin buster doza ilə bağlı sözügedən fikirləri hər bir Azərbaycan vətəndaşı üçün örnək olmalıdır"

“Koronavirus infeksiyası dünyanı bürüdükdən sonra demək olar ki, bütün ölkələrdə ayrı-ayrı mübarizə mexanizmləri tətbiq edilsə də onların bir sırasında elə də ciddi uğurlar qazanılmadı. Yalnız qabaqlayıcı və operativ addımlar atan ölkələr COVİD-19 virusunun insanlar arasında yayılması prosesinin qarşısını müəyyən mənada almağa nail oldu. Mübarizə vasitələri müxtəliflik təşkil etsə də, ancaq mütəşəkkil fəaliyyətləri ilə yadda qalan dövlətlər kütləvi yoluxmaların daha da artmasına əngəllər yaratmağa müvəffəq oldu. Bu xüsusda, pandemiya şəraitində Azərbaycanda həyata keçirilən operativ və mütəşəkkil tədbirlər öz uğurlu sözünü dedi, xüsusilə vaksinasiya prosesində fəallıq müşahidə olundu, insanlarımız həmin prosesdə digər ölkələrdəkilərdən fərqli olaraq yaxından iştirak etdilər və əbəs deyil ki, istər Ümumdünya Səhiyyə Təşkilatı, istərsə də BMT çərçivəsində Azərbaycanın əldə etdiyi mübarizə vasitələri, peyvəndolunmalar və s. tədbirlər başqa ölkələrə, hətta aparıcı Avropa dövlətlərinə örnək olaraq göstərildi”. Bu fikirləri İlkxeber.org-a "Ailə Dünyası" Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri, tanınmış QHT sədri Gülayə Səfərova bildirib.

Onun sözlərinə görə, koronavirus infeksiyası mutasiyalara uğradıqca bir-birini əvəzləyən ştammlar meydana çıxdı və son olaraq “Omicron” ştammı dünya boyunca sürətlə artır. Belə olan vəziyyətdə isə sürətli artımın qarşısının alınması vaksinasiyanın “buster doza” deyilən prosesi ilə mümkündür: “Bildiyimiz kimi, ötən müddət ərzində 325 milyona yaxın şəxs koronavirusa yoluxub, 5,5 milyondan artıq insan isə bu infeksiyadan həyatını itirib və eyni zamanda, dünyada 51 milyondan çox insan koronavirus infeksiyasının aktiv daşıyıcısıdır. Bütün bunların müqabilində koronavirusun “Omicron” ştamı öncüllük təşkil edir. Ona görə də bu ştammın ölkəmizdə də sürətlə yayılmasının qarşısını almaq üçün vətəndaşlarımız daha əvvəllər olduğu kimi fəallıqlarını nümayiş etdirməli, üçüncü doza ilə peyvənd olunmaqla həm özlərinin, həm də yaxınlarının sağlamlıqlarının mühafizəsində yer almalıdırlar”.

QHT rəhbərinin sözlərinə görə, bu infeksiyanın qarşısının alınması üçün Avropanın bəzi ölkələrində etinasızlıq hökm sürür, insanlar sanki öz sağlamlıqlarının qeydinə qalmaqdan imtina edirlər və bütün bunlar lik növbədə bəşəriyyətə qarşı fəaliyyət göstərən qaranlıq dairələr tərəfindən planlı şəkildə icra olunur, lakin bunun fəsadları barədə düşünənlər sonrakı nəticələrin nə qədər faciəvi olduğunu da anlamırlar.

Gülayə Səfərova qeyd edib ki, virusa yoluxanların sayında qeydə alınan yeni rekordlar dünyanın bir çox ölkələrində səhiyyə sisteminin yüklənməsinə gətirib çıxarır. Lakin yuxarıda sadalanan fikirlərdən belə nəticə hasil etmək mümkündür ki, Azərbaycanda dünyanın bir çox ölkələri, o cümlədən Qərb dövlətləri ilə müqayisədə koronavirusla bağlı vəziyyət məqbul səviyyədədir. Bununla bağlı o, bəzi statistik rəqəmləri misal gətirib: “Ölkəmizdə hazırda 46 xəstəxana koronavirus xəstələrinin müalicəsi ilə məşğuldur. Aktiv daşıyıcılar olan xəstələr üçün ümumilikdə hazırda 10 min çarpayı ayrılıb və hazırda onlardan cəmi 10 faizi doludur. Bayaq da dediyimiz kimi, Azərbaycanda görülən tədbirlər öz səmərəliliyini göstərir. Bütün bunlar isə bir faktordan irəli gəlir ki, Azərbaycan bu xəstəlikdən itkilərin az olduğu ölkələr siyahısındadır. Hətta mövcud vəziyyət də göstərir ki, ölkəmizdə yoluxma sayı sürətlə artarsa, bunun öhdəsindən gəlmək üçün ölkədə bütün imkanlar mövcuddur. Hazırda xəstəxanalarda kifayət qədər çarpayı ehtiyatı var, reanimasiyalar ağır xəstələr üçün hər cür tibbi avadanlıqlarla təmin olunub və həmin proses daim dövlətimizin diqqəti mərkəzindədir. Eyni zamanda, peyvəndlənmə də uğurla aparılır, yaşları 8-dən yuxarı olan əhalinin təxminən 65 faizi artıq peyvəndin hər iki dozasını alıb. Eyni zamanda, buster dozanı vurduranların sayı 1,7 milyonu keçir. Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 12 milyona yaxınlaşır. Belə olan halda Azərbaycan dünyanın bir çox ölkələrində olduğu kimi pandemiya səbəbindən yenidən sərt qapanmalara ehtiyac görmür”.

“Bu prosesdə cənab Prezident İlham Əliyevin ölkə jurnalistlərinə verdiyi müsahibəsi zamanı özünün də buster doza ilə peyvənd olunduğunu bəyan etməsini də qeyd etməliyik”, deyən Gülayə Səfərova “omicron” ştammının qarşısının fəallıqla alınmasında dövlət başçısının hər bir vətəndaşa örnək olduğunu vurğulayıb: “Əbəs deyil ki, dövlətimizin başçısı vətəndaşlara həmin yöndə çağırış etdi və bizlər bu çağırışı qiymətləndirir, realizə olunması üçün maarifləndirmə tədbirlərimizi də həyata keçiririk. İlk növbədə, Prezident İlham Əliyev cənablarının peyvəndlənmə və buster dozanın vacibliyi ilə bağlı fikirləri artıq həmin prosesin aktivləşməsinə səbəb olmaqdadır”.

“Müsahibəsi zamanı immun sisteminin aşağı düşməməsi üçün bunun vacib bir amil olduğunu qeyd edən Prezident İlham Əliyevin buster doza ilə bağlı sözügedən fikirləri hər bir Azərbaycan vətəndaşı üçün örnək olmalıdır və əlbəttə ki, bizlər də ətrafımızda bu təbliğatı fəallıqla aparmalıyıq. Çünki sağlamlığımızın gələcəyi öz əlimizdədir və nəzərə alsaq ki, “Omicron” ştamı “Delta” ilə müqayisədə yüngül fəsadlar yaradır, bu zaman sürətlə peyvəndləmədə iştirakın artırılması vacib bir məsələyə çevrilməlidir. Bütövlükdə isə qorunma səviyyəsinin artırılması üçün vətəndaşların buster doza peyvəndlənməsi bu fonda zəruri hesab olunur. Ümidvarıq ki, vətəndaşlarımız bütün digər məsələlərdə olduğu kimi, bu prosesdə də birlik, vəhdət, mütəşəkkillik nümayiş etdirməklə hər birimizin pandemiya şəraitindən uğurla çıxmamıza yardımçı olacaqlar. Bu gün “Bir olaq, güclü olaq” şüarı aktuallığını qoruyub-saxlayır və bizlər ölkəmizin sağlam mühiti üçün tələb edilən bütün qaydalara və qanunlara riayət etməliyik”.

Rövşən RƏSULOV