Qədim bayramın qədim atributu: iqtisadi və bioloji faydaları - ARAŞDIRMA

SSRİ Texniki (Şərabçılıq) Elmləri namizədi: “Bəzi konyak və şərablarımız bir sıra xarici ölkələrdə məşhurdur və yüzlərlə, hətta minlərlə dollara satılır”

 

Yeni il süfrəsinin ənənəvi atributlarından biri də Şampan şərabıdır. Ənənəyə uyğun olaraq yeni ilin başlamasına bir az qalmış süfrəyə oturulur və saatlar 00:00-ı göstərəndə şampan şərabı partladılır və hər kəs qədəh toqquşdurub içməklə yeni ili şən və yüksək əhvalda qarşılayır. Bu yazıda şampan şərablarının tarixinə və şərabçılığın iqtisadi əhəmiyyətinə toxunacağıq.

 

Önümüzdə elə şərab var ki, bizim ərğavan,

Rəngi, ətri unutdurur gülləri də hər zaman,

Şöhrətində o mey sanki ruh açan bir reyhandı,

Əsli firəng yurdundandı, ləqəbi isə Şampandı.

 

Bütün gözəl şərablardan o şöhrətli, adlıdı,

Hansı şərab onun kimi ləzzətlidi, dadlıdı?!

Həyat verən yar ləbitək o mey şirin, təmizdi,

Özü bir az acıdırsa, mənfəəti hədsizdi.

A.Qüdsi

 

Üzümçülüyün və şərabçılığın qısa tarixi

 

Son elmi-tarixi araşdırmalara görə, üzüm bitkisinin vətəni Qafqaz və Orta Asiya hesab olunur. Arxeoloji qazıntıların nəticəsinə əsaslanaraq üzümçülük üzrə görkəmli alim A.M.Neqrul 6-7 min il əvvəl mədəni üzümçülüyün və şərabçılığın Azərbaycan ərazilərində də geniş yayıldığını göstərib.

Qədim Roma ərazilərində arxeoloqların aşkar etdiyi uzunsov quruluşlu piyalələr təsdiq edir ki, şampan şərabları qədim romalılara belə məlum olub. Hazırda şampan şərabının vətəni Fransanın Şampan əyaləti sayılsa da, bu məsələyə yenidən baxmaq lazım gələcək.

Orta əsrlərdə Avropada üzümü qıcqırdıb şərab hazırlayar və onu qalın butulkalarda saxlayardılar. Məhsulun saxlanma müddətini uzatmaq məqsədi ilə şəraba tərkibi şəkərlə zəngin olan “brendi” əlavə edərdilər. Bu da məhsulun butulkada təkrar qıcqırmasına səbəb olardı. Nəticədə, tərkibi karbon qazı ilə zənginləşən keyfiyyətli şampan şərabı alınardı. Ağıllı insanlar isə hər zaman təkrar qıcqırma texnologiyasını öyrəniblər və ondan faydalanmağa çalışıblar.

Avropada sağlamlığın və firavanlığın rəhni sayılan üzüm bağlarının salınması günü böyük bir bayram kimi təntənəli şəkildə qeyd olunur. Belə günlərdə insanlar al-əlvan paltarlar geyərlər. Yaşlı şərabçılar qonaqları xüsusi hazırlanmış şəraba qonaq edərlər. Təzə məhsuldan yeni doğulmuş uşağın şərəfinə, onun gələcək toyunda içilməsi üçün gil küplərə şərab doldurulur və torpağa basdırılır.

Şərabların şahı sayılan, köpüklənərək piyalələrdən aşıb-daşan şərablar Nizaminin, Homerin, Ərəstünün, Vergilin, Puşkinin, Ömər Xəyyamın əsərlərində geniş vəsf olunub. Tarixin bütün dövrlərində şahların sarayında şərab ən sevilən içkilərdən biri olub.

 

Şampan şərabını kim, harada və necə kəşf edib?

 

İlk şampan şərabını Nikol-Barb Kliko adlı bir qadın hazırlayıb. Fransa inqlabı zamanı dul qalmış Kliko öz biznes inqlabını yaradırdı. Özü də bu “inqilab”ı özü kimi dul qalmış qadınlarla- Jermon, Blanş və Roberlə birgə hazırlayırdı.

Belə bir sual yaranır, bəs nədən ancaq dul qadınlarla? Həmin dövrdə Fransa qanunlarına görə, ancaq dul qadınlara istisna olaraq öz biznesini qurmaq azadlığı verilmişdi. Dul Klikonun düşüncələri isə zamanı qabaqlayırdı. Biznes onun qanında idi. O, 1860-cı ildə yazırdı: “Biz öz enerjimiz, mübarizliyimiz və ruhumuz hesabına digərlərindən fərqli olaraq, daim dəyişən dünyada sabahı kəşf etməliydik”.

Bu dul qadın öz ağlının gücü hesabına hətta Napaleon Bonapartın edə bilmədiyini edə bildi. O, heç bir “atəş açmadan”, “Beynəlxalq şampan kommersiyası imperiyası”nı ələ keçirə bildi. Bonapartın belə gücü çatmadığı Rusiya və İngiltərəni bu bizneslə titrətdi.

Hətta bu qadın Napaleonun admirallarını ələ almaq hesabına, 10 000 ədəd, 1811-ci ilin məhsulu olan “Veuve Clicquot” şampan şərablarını Keniqsberq (indiki Kalninqrad) şəhərinə gətirib çıxarmağı və indiki qiymətlərlə hər birini 100 dollardan satmağı bacarmışdı. O dövr üçün 100 dollar çox böyük pul idi. Çar I Aleksandırın süfrələrinə verilən “Veuve Clicquot” onu sözün əsl mənasında coşdurmuş və o, bundan sonra ancaq bu şərablardan içəcəyinə sadiq qalacağını bildirmişdi.

Böyük rus şairi Puşkin bu sahədə onun sadiq davamçılarından biri olub. Bununla da dünyaya ən möhtəşəm “The Vidow” (Dul) qısa adı ilə qəbul etdirilmiş şampan şərabı bəxş edildi. Etiraf etmək lazımdır ki, şampan şərabını brilliant suları kimi təmiz, qüsursuz və şəffaf görmək arzusu ilə alışıb yanan xanım Kliko bu şərabın ləziz dadını, incə və oynaq qabarcıqları ilə fransızların adı ilə bəşəriyyətə bəxş edə bildi.

 

Hansı şərabı “Şampan” adlandırmaq olar?

SSRİ Texniki (Şərabçılıq) Elmləri namizədi Gülağa Ağazadə şampan şərablarının xüsusi texnologiya ilə xüsusi sortlardan hazırlandığını deyir. Mütəxəssisin sözlərinə görə, “Şampan” adı hazırda da bütün dünyada müəlliflik hüququ ilə qorunur və yalnız Fransanın Şampan əyalətində “Pino” üzüm sortları qrupundan olan, şəkər likörü qarışdırılmaqla butulkalarda hazırlanan və təbii yolla təkrar qıcqırma hesabına qazlaşan şərablar “Şampan” şərabı adlanır.

G.Ağazadə deyir ki, Fansanın digər əyalətlərində hazırlanan fransız “köpüklənənləri” isə “Musso” adı ilə istehsal olunur. Ağ, çəhrayı, qırmızı və muskat adlarında hazırda dünyada 4 qrup “oynaq şərab” istehsal olunur. Bunlar İtaliyada “Spumante” (köpüklənən), Almaniyada “Sekt” (oynaq), Ukraynada “Abra Dürso”, Qazaxıstanda “Akkaynar”, Rusiyada “Sovetskiy şampan”, Azərbaycanda müxtəlif adlar altında istehsal olunur.

Dünya şöhrətli “Veuve Clicot”, “Millesium”, “Roze de Rsey” şampan şərabları “Veuve Clicot Ponsarden”, “Pommeri”, “Oreno”, “Muümme” və “Moe e Şampan” kimi nüfuzlu şirkətlərdə istehsal olunur.

Şərabçılıq mütəxəssisi bildirir ki, klassik, fasiləli və fasiləsiz texnoloji üsullarla hazırlanan şampan tipli şərabların istehsalında Pino, Kaberne, Aliqote, Şardone, Rislinq, Sovinion kimi üzüm sortlarından istifadə olunur. Azərbaycanda isə bu məqsədlə əsasən, yerli “Bayan-şirə” üzüm sortundan yararlanılır.

 

Ən gəlirli sahəyə ögeylik milyardlarla manat itkiyə başa gəldi

 

Üzümçülüyün inkişaf etdirilməsi hesabına Fransa, İspaniya, İtaliya, Portuqaliya, Argentina və bir çox başqa dövlətlərdə şərabçılıqdan külli miqdarda gəlir əldə edilir. Dünya bazarında Fransa, İtaliya konyak və şərablarının bəzilərinin şüşəsi hətta minlərlə avro qiymətinə satılır.

Sovet zamanında Azərbaycanda ən inkişaf etmiş sahələrdən biri də üzümçülük və şərabçılıq idi. Vaxtı ilə resublikamızda 250 min hektarlıq üzüm bağlarından böyük gəlirlər götürülərdi. Bu gəlirlər milyardlarla ölçülürdü.

İttifaq dağıldıqdan və respublikamız müstəqilliyini qazandıqdan sonra kənd təsərüfatının ənənəvi və gəlir verən, çoxillik bitkilər əkilmiş, bağlar salınmış torpaq sahələri ləğv edilmiş kolxoz və sovxozlardan kəndlilərə bölündü.

Ağır sosial vəziyyətdə yaşayan kənd əhalisi sürətlə üzümlükləri qırıb-dağıtdı və yerində birillik bitkilər əkməyə başladı. Halbuki, dünyada hektardan götürülən gəlirə görə üzümçülük 1-ci yeri tutur. Bir dəfə salınan üzüm bağı 70-80 il məhsul verir, birillik bitkilər isə hər il böyük xərclər və əziyyət tələb edir.

Beləliklə, 90-cı illərdə qısa bir müddətdə Azərbaycanda üzümçülük az qala sıfıra düşdü. Bu proses indiyədək respublikamıza on milyardlarla manat ziyan vurub. Bunu çox sonralar dərk etdik, amma indi üzümlükləri bərpa etmək üçün ağır zəhmət və böyük vəsaitlər tələb olunur. İndi yenidən bağlar salınır və şərabçılıq da inkişaf edir. Azərbaycan üzümünün dünyada ən yüksək dəyərliliyə malik olmasını nəzərə alsaq, dünya bazarında yüksək qiymətə konyak və şərab məhsulları ilə çıxa bilərik. Bu sahənin dirçəlməsi dolayısı ilə ölkədə sahibkarlığın inkişafına, məşğulluğa, sosial rifaha töhfə verə bilər.

Mütəxəssislər hesab edir ki, bizim şərablar nüfuzlu “brend” olmasalar da, keyfiyyətinə görə xarici analoqlarından daha üstündür. Ekspertimiz deyir ki, bəzi şirkətlərimizin çox keyfiyyətli şərab məhsulları var. Onların konyak və şərabları bir sıra xarici ölkələrdə məhşurdur və bəzi məhsulları yüzlərlə, hətta minlərlə dollara satılır. Sovet dövründə təkcə böyük üzümçülük rayonu olan Tovuzda 10-dan artıq şərab zavodu var idi. Digər üzümçülük rayonlarda da çoxlu şərab zavodları var idi. Onların çoxu 90-cı illərdə dağıdıldı.

İndi hər belə zavod yaratmaq üçün on milyonlarla manat vəsait tələb olunur. Lakin son illərdə bu sahədə böük işlər görülür və Azərbaycan şərabçılığının keçmiş şöhrətini tezliklə qaytaracağına və dünyada ən yaxşı şərab məhsulları kimi tanınacağına şübhə yoxdur.

 

Elçin Bayramlı

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” istiqaməti çərçivəsində hazırlanıb.