Yeni il süfrəsi bir ailəyə neçəyə başa gəlir?

Yeni ili qarşılamağımıza artıq sayılı günlər qalıb. Ötən il olduğu kimi, bu il də koronavirus pandemiyası səbəbindən əksəriyyət Yeni ili evndə qarşılamalı olacaq.

Təbii ki, Yeni ili ləziz təamsız təsəvvür etmək mümkün deyil. Bəs görəsən bu il bir ailənin Yeni il süfrəsi neçəyə başa gəlir?

İlkxeber.org xəbər verir ki, marketlərdə ətin qiyməti sümüklü və sümüksüz olmasına görə dəyişir. Müşahidə apardığımız marketlərdə sümüksüz dana əti 13,5, sümüklü dana əti 10.5-11, qoyun əti isə 11 manatdan başlayır. Toyuq əti 3-7, balığın qiyməti 10-15 manat arası dəyişir.

Digər əsas məhsullardan biri də kərə yağıdır ki, onun da qiyməti növünə görə fərqlidir, orta hesabla 13-15 manat arasındadır.

Azərbaycan süfrəsinin əsas təamlarından olan plovu hazırlamaq üçün istifadə edilən düyü 3,6-6,8 manat civarındadır.

Salatlar üçün istifadə edilən məhsullardan orta ölçülü mayonez 2,6 manat, xama 2,2 manat, yaşıl noxud 3,45 manat, kök 1 manat, xiyar 3,5 manat, göyərti 16 qəpik, broyler yumurtası 17 qəpik, kənd yumurtası isə 35 qəpikdir.

Yeri gəlmişkən onu da qeyd edək ki, bu gün müşahidə apardığımız marketlerdə Yeni illə əlaqədar xama, mayonez, yaşıl noxud kimi məhsullara hədiyyə kampaniyası keçirilir. Belə ki, məhsulun üzərində həmin məhsulun kiçik ölçüsü hədiyyə olaraq alıcıya verilir.

Meyvələrdən alma 1-2 manat, armud 2-2.5 manat, kivi 2 manat, naringi 1,7 manat, banan 2,8 manat, ananas 4,5 manatdır.

Quru meyvələrdən kişmiş 8 manat, qaysı 10 manata satışdadır.

Təbii meyvə şirələri 1.6-3 manat arasında dəyişir. İçkilər 1-3 manat, şampan isə 5 manatdan başlayan qiymətlərlə müştəriyə təklif olunur.

Konfet və şokaladların da qiyməti növünə görə dəyişir. Orta qiymətlər 8-9 manatdan başlayır.

Çərəzlərdən qoz 4,5, fındıq 6, fısdıq 4,5, badam 5, şabalıd 6 manatdan başlayır.

Nəticə: orta hesabla 4 nəfərlik bir ailə təxminən 150-170 manata normal Yeni il süfrəsi aça bilər.

Qeyd edək ki, bu il Yeni illə bağlı kütləvi tədbirlər təxirə salınıb, restoranlarda və otellərdə təşkil edilən azsaylı dəbdəbəli mərasimlərin qiyməti isə bir nəfər üçün aylıq minimum əmək haqqı civarındadır.

Ona görə ən yaxşısı ailə daxilində Yeni ili qarşılamaqdır: yoluxma riski yox, xərci az də az.

Əsas odur ki, Yeni il hər birinizə cansağlığı, xoşbəxtlik, ölkəmizə firavanlıq gətirsin!