"Qubadlıya Qayıdış" İçtimai Birliyi Vilayət Eyvazova müraciət etdi – FOTO

"Qubadlıya Qayıdış" İçtimai Birliyi Daxili işlər naziri Vilayət Eyvazova müraciət edib.

İlkxeber.org xəbər verir ki, müraciətdə deyilir:

"Azərbaycan Respublikasının Prezidenti cənab Ilham Əliyevin komandanlığı altında 44 günlük Vətən Müharibəsinin uğurları ilə xalqımız, dövlətimiz, Ordumuz gücünü bütün dünyaya nümaiş etdirdi.

Sakini olduğumuz Qubadlı rayonu da 2020-ci ilin oktyabrın 25-də Ali Baş Komandanın siyasi iradəsi, şəhidlərimizin qanı bahasına işğaldan azad edildi.

Qubadlının işğaldan azad edilməsindən bir il keçməsinə baxmayaraq, rayon sakinləri viranə qalmış ata yurdlarını, erməni vandalları tərəfindən dağıdılmış doğmalarının məzarlarını ziyarət edə bilməyiblər.

Cənab nazir!

Hər birimizə məlumdur ki, Qubadlı rayonu təmas xəttində deyildi və Qubadlıda kütləvi minalanmış sahənin olması ehtimalı çox azdır.

44 günlük müharibə zamanı erməni hərbi birləşmələri ordumuz tərəfindən elə darmadağın edildi ki, onlar geri qaçarkən belə Qubadlı ərazisinə mina basdıra bilməzdilər. ANAMA-nın iştirakı ilə AzTV-nin Qubadlı rayonunun qəbirstanlıqlarında apardıqları çəkilişlər, bəzi şəhidlərimizin məzarlarının bərpası onu göstərir ki, qəbirstanlıqlarımızda minalar yoxdur.

Cənab nazir!

"Qubadlıya Qayıdış" İçtimai Birliyinin üzvləri sizdən xahiş edir ki, dünyasını dəyişən doğmalarımızın Qubadlıdakı qəbirstanlıqlarımızda dəfn edilməsinə şərait yaradılması üçün Daxili Işlər Nazirliyinin aidiyyatı şöbələrinə və yerli polis idarəsinə müvafiq göstərişlər verəsiniz.