Dövlət Yol Polisi sürücülərə müraciət etdi: “Avtomobilləri saz vəziyyətdə saxlayın”

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitələrinin nasazlıqları ilə bağlı sürücülərə müraciət edib.

İdarənin baş inspektoru Araz Əsgərli yerli KİV-lərə bildirib ki, “Yol hərəkəti haqqında" qanunun 1 saylı əlavəsinə uyğun olaraq, nəqliyyat vasitələrinin nasazlıqlarının siyahısı müəyyən edilib.

“Sürücülərimizdən xahiş edirik ki, nəqliyyat vasitələrini idarə edərkən onun sazlığına mütamadi şəkildə diqqət yetirsinlər. İnzibati xəta ilə yanaşı daha ağır məsuliyyətin yarandığı hallarda avtomobilin nasaz vəziyyətdə olması faciələri qaçılmaz edir və şəxsin məsuliyyətinin daha da ağırlaşmasına səbəb olur.

Bu baxımdan bir daha sürücülərə avtomobilləri saz vəziyyətdə saxlamağı və qanunvericiliyin tələblərinə riayət etmələri xahiş edirik. Qarşıdan gələn istirahət günlərində sazlığına əmin olmadığınız avtomobillərlə uzaq məsafələrə səfər etməməyi və bu müddət ərzində fürsətdən istifadə edib istismar etdiyiniz avtomobillərin nasazlıqlarının aradan qaldırılmasını da xahiş edirik!”, - idarə rəsmisi vurğulayıb.