KNYAZLIQ ZİRVƏSİ

Azərbaycanda xan olub, bəy olub, knyaz olmayıb. Knyazların sorağı həmişə Rusiyadan, Gürcüstandan gəlib. Knyaz Aslan bəlkə də Gürcüstanda doğulmasaydı, heç adını Knyaz qoymayacaqdılar. Bu adı ona verənlər yəqin ki, Knyazın taleyi ilə bağlı ümidlərini, arzularını ifadə ediblər: ağıllı, kamallı, savadlı olsun, aristokratlara xas ömür sürsün, xalqının ləyaqətli övladına çevrilsin.
Knyazı tanıyanlar yaxşı bilirlər ki, o, bu ümidləri layiqincə doğruldub. Doğrudur, konstitusiyamız imkan vermədiyinə görə knyaz ola bilməyib, əvəzində yaxşı dost, ləyaqətli övlad, nümunəvi ailə başçısı, sayılıb-sevilən müəllim-jurnalist, gözəl şair olub.
Heç bilmirəm Knyaz Aslan haqqında müəllim, dost kimi söhbət açım, yoxsa şeirlərini, yazılarını həvəslə oxuduğum şair-publisist kimi. Əslində hərtərəfli inkişaf səviyyəsinə yüksəlmiş, ad-san, hörmət-izzət sahibi olmuş Knyaz Aslan barədə söz demək, fikir söyləmək o qədər də asan məsələ deyil.
Mən onunla tez-tez ünsiyyətdə olmağı arzulayan adamlardanam. Belə bir xoşbəxtlik mənə nəsib olmasa da, ara-sıra görüşürük, zəngləşirik. Knyaz Aslanla hər söhbət məni təzələyir. Allahıma şükür eləyirəm ki, belə insanlar hələ var. Onlar var olduqca bu dünyanın düzələcəyinə ümid qalır. Knyaz Aslan kiminlə söhbət edir-etsin, heç vaxt puldan, var-dövlətdən, maddi vəziyyətdən danışmır. Dilində də, qəlbində də Allaha bir şükür ifadəsi var.
Bilirsiniz, mən kimə həsəd aparıram? Bakı-Şüvəlan avtobusunda Knyaz Aslanın yanında oturub bir saat o yana, bir saat bu yana yol gedən sərnişinlərə. Onların bəziləri Knyaz Aslanı tanıyır, mehribancasına salamlaşıb yol boyu söhbət edir, zənginləşir, yorğundusa, dincəlir, çöhrəsi açılır, əsəbidirsə, sakitləşir. Əslində, Knyaz Aslanı elə də söhbətcil adam hesab etmək olmaz, gərək onu söhbətə cəlb eləməyi bacarasan.
Mən Knyaz Aslanı neçə Borçalı aşığının, şairinin məclisində görmüşəm. Üzüyola adamdır, çox vaxt bu məclislərin aparıcılığını da onun boynuna qoyurlar. Məclis başa çatanda isə heç kəs düşünmür ki, axı bu adam gecədən xeyli keçmiş özünü Şüvəlana, ailəsinin yanına çatdırmalıdır. Bəli, Knyaz Aslan Borçalı məclislərinin əvəzsiz simalarındandır. Onun qəlbinin təmizliyi, dilinin şirinliyi çoxlarını əfsunlayıb. Mən Knyaz Aslanın haradasa saz çaldığını nə görmüşəm, nə də eşitmişəm. Amma sazın sehri, ahəngi Knyazın qanına hopub, onu ustad sənətkar səviyyəsinə yüksəldib.
Açığı, mən heç vaxt Knyaz Aslanın neçə yaşı olduğunu düşünməmişəm. Gördüyüm o olub ki, Knyaz Aslan 70 yaşlı ağsaqqalın səviyyəsinə qalxmağı da, 20 yaşlı gəncin səviyyəsinə enməyi də bacarıb. Bu çətin vəzifənin öhdəsindən isə yalnız müdrik adamlar gələ bilər. Knyaz Aslan kimi!
Məzahir SÜLEYMANZADƏ,
Əməkdar mədəniyyət işçisi,
Ali Media mükafatı laureatı