Pekin İrana nəzarəti ələ keçirir – Hədəf bölgədir

İranın ən çox ümid bəslədiyi ölkə Çindir. Tehran qonşu Rusiya ilə tərəfdaşlığını davam etdirir. Ancaq Tehranın Kremlə inamı yoxdur. Misal üçün Kreml bir tərəfdən Tehranla dialoq içindədir, Suriyada əməkdaşlıq edirlər, digər tərəfdən Moskvanın İranın əsas düşməni İsraillə isti münasibətləri mövcuddur. Bu, Tehranın xoşuna gəlmir.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu İranın hazırkı iqtisadi-siyasi imkanları haqda danışarkən deyib.

O bildirib ki, İran Rusiyadan istədiyi silahları ala bilmir, Rusiya İrana yatırım qoymaq həvəsində də deyil:

“Buna görə Tehran Pekinlə əməkdaşlığı genişləndirməyə çalışır. Pekin bunun əleyhinə deyil. Pekinin Tehranla imzaladığı sazişə görə, Çin 25 ildə İrana 400 milyard dollar yatırım qoyacağına təminat verib. Bu saziş isə İranda birmənalı qarşılanmayıb”.

Ekspert qeyd edib ki, İranın bir qrup siyasətçisi və eksperti sazişin İranı Çindən asılı vəziyyətə salacağı qənaətindədir:

“İranın keçmiş prezidenti Mahmud Əhmədinejat da bu sazişin İranın maraqlarına zidd olduğunu bir neçə dəfə vurğulayıb.

Əhmədinejat haqlıdır. Çin 25 il ərzində İran iqtisadiyyatının ən gəlirli sahələrinə nəzarəti ələ keçirəcək. Çin müxtəlif ölkələrin yatırım xahişlərinə hər zaman müsbət cavab versə də, bunun ardınca həmin dövlətlərə siyasi tələblərini səsləndirməyə başlayır. Hansısa ölkə Çinə olan borcunu ödəməkdə çətinlik çəkdikdə isə Pekinin tələbləri daha da sərtləşir.

Bu durum hələ ki, Tehranı narahat etmir. Çünki İran hakimiyyətinə indiki ağır vəziyyətdə maliyyə və yatırımlar lazımdır. İrana isə Çindən başqa böyük yatırım qoymaq istəyən dövlət yoxdur”.

Ekspertin qənaətinə görə, Çinlə İranı antiamerikan və antiqərb siyasəti də birləşdirir. Ancaq Pekinin praqmatik maraqları da var:

“Çin İran iqtisadiyyatında hakim mövqeyə sahib olmaqla İranın mövcud olduğu bölgədə fəaliyyətini genişləndirmək istəyir”.