“Bizə məxsus ərazini qanunsuz olaraq əlmizdən alıblar”

Elvin Bayramzadə: “Ərazinin kimə məxsus olduğunu təsdiqləyən xəritə yoxa çıxıb”

Biləsuvar rayon sakini Elvin Bayramzadə üzləşdiyi problemlə bağlı redaksiyamıza şikayət ərizəsi ilə müraciət edib. E.Bayramzadə bildirib ki, rəhmətlik atası Bayramov Xosu və digər ailəsi üzvləri (Quliyeva Atlas, Bayramzadə Arzuman) ilə birlikdə 1958-ci ildən Biləsuvar rayon, Hüseyn Cavid küçəsi, ev-6 da yaşayır: “Bizim evin arxa hissəsində hasarımıza bitişik sovetlər dövründə Azərittifaqa məxsus 1 may küçəsi 19-da yerləşən rayon istehlak cəmiyyətinə aid anbar tikilisi var idi. Sovetlər birliyi dağılandan sonra 1995-ci ildə o rayon istehlak cəmiyyəti tikililəri satışa çıxarıldı və Abdullayev Abdulla adlı şəxsə satıldı. Bizim də həyətə giriş hissəsinin çöl hissəsində rayon istehlak cəmiyyətinə aid olmayan boş sahədə 1958-ci ildən istifadə etdiyimiz 7x8 olan 70 m²-də torpaq sahəsində hasarımıza bitişik yerdə ailəmiz üçün çörək bişirməyə təndir, həyətin çirkab sularının axıdılması üçün yerin altında anbar tikilib və 7 ədəd iri gövdəli ağac əkilib. 1995-ci ildə Abdullayev Abdulla rayon istehlak cəmiyyətinin tikililərini alandan sonra 2005-ci ildə İcra Hakimiyyətinin sərəncamı ilə həmən anbarın torpaq sahəsini də öz adına rəsmiləşdirib və o ərazini daş hasar ilə hasarlayıb. Bu 2005-ci ildə olub”.
E.bayramzadə əlavə edib ki, 2005-ci ildən 2019-cu ilə qədər A.Abdulla heç bir aidiyyatı orqanlara torpağın zəbt olunması ilə bağlı rəsmi şəkildə müraciət etməyib: “Üzərindən 14 il keçəndən sonra 2019-cu ildə bizə Biləsuvar Rayon Məhkəməsindən bildiriş gəldi və məhkəməyə çağırıldıq. Məhkəməyə gedib öyrənmək istədik ki, nə məsələdir. Məhkəmədə bildirdilər ki, Abdullayev Abdulla iddia qaldırıb ki, siz ona məxsus 70 m² torpaq sahəsini zəbt etmisiz. Mən də qeyd etdiklərim kimi izah etsəm də, buna məhkəmə tərəfindən məhəl qoyulmadı. Bir il gedən çəkişmədə biz tələb etdik ki, rayon istehlak cəmiyyətinin əhatə etdiyi torpaq sahəsinin 1995-ci ilə qədər mövcud olmuş xəritəsini və ya cizgisini aidiyyatı orqanlardan tələb etsinlər məhkəməyə təqdim olunsun. Əgər həqiqətən də biz istifadə etdiyimiz 7x8 olan torpaq sahəsi rayon istehlak cəmiyyəti torpağına aiddirsə məmnuniyyətlə boşaldarıq. Məhkəmədən ekspertizanın keçirilməsini xahiş etdik təyin olunan ekspertiza Cəlilabad Rayon Layihə Tədqiqat idarəsi Mütəxəssisləri cəlb edildi. Mütəxəssislər gəlib gözəyarı baxış keçirdi, biz xəritəni tələb edəndə xəritənin olmamasını bildirdilər. Əgər rayon istehlak cəmiyyətinin torpağının xəritəsi yoxdursa, nəyə əsasən torpağın səddlərini müəyyən etdilər? Ola bilər ki, o boyda obyektin xəritəsi olmasın? Əgər həqiqətən də xəritə yoxdursa, onda A.Abdulla mən istifadə etdiyim torpağa necə iddia qaldıra bilər?. Özləri istədikləri kimi sxem çekib bizim istifadə etdiyimiz 7x8 olan hissəsini də Abdullayev Abdullanın olmasını göstərmişdilər. Bununla bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Ünvan Reyestri Xidmətinə verdiyimiz sorğuya cavab olaraq bildirdilər ki, 05.02.2015-ci ildə Cənab Prezidentin 453 nömrəli fərmanına əsasən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv olunandan sonra rayon şöbələrində saxlanılan sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti müvafiq ərazi idarələrinə təhvil verilib. Bununla bağlı Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidməti Cəlilabad Rayon Şöbəsinin rəisi cənab Əfsər Abdullayevə sorğu ilə iki dəfə müraciət etmişik. İkisində də Əfsər Abdullayev bizim ona ünvanladığımız müraciətlərə heç bir əsas olmadan qəbul etməkdən imtina edib. Mən bunu belə əsaslandırıram ki, ilkin ekspertizanı heç bir hüquqi sənədə istinad etmədən formal şəkildə edib. Ona görə də, Azərittifaqa məxsus rayon istehlak cəmiyyətinə aid olan anbarın torpaq sahəsinin səddlərini müəyyən edən xəritəsini bizə verməkdən imtina edir”.