Hulusi Akar ona Qarabağı işğaldan azad edəcəyini söz verən şəhidimizin ailəsini Türkiyəyə dəvət etdi – FOTO/VİDEO

Türkiyənin milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə Ankaraya gedən Qarabağ müharibəsinin şəhid olmuş qəhrəmanı, azərbaycanlı Valeh Məmiyevin ailəsi Türkiyə Cümhuriyyətinin qurucusu və ilk prezidenti Mustafa Kamal Atatürkün Anıtqəbir məqbərəsini ziyarət edib. 

Ilkxeber.org "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Valehin atası İsbat Məmiyev, anası İlhamə Məmiyeva, qardaşı Vüsal Məmiyev və qardaşı oğlu Sabir Məmiyev də Atatürk və Qurtuluş Savaşı Muzeyini ziyarət ediblər. 

İsbat Məmiyev jurnalistlərə bildirib ki, oğlu Türkiyə və Azərbaycanın birgə təlimlərində uğur nümayiş etdirib. 

Onun sözlərinə görə, Türkiyə Müdafiə Nazirliyinin rəhbəri Hulusi Akar belə təlimlərdən birində Valeh Məmiyevlə görüşüb və ona mükafat təqdim edib. 

Şəhidimizin atası deyir ki, oğlu Qarabağın erməni işğalından azad edilməsi əməliyyatı zamanı şəhid olub: 

“Nazir Akar bizə zəng edərək başsağlığı verdi. Sonra məni Türkiyəyə dəvət etdi. Milli Müdafiə Naziri Akara təşəkkürümü bildirirəm. Azərbaycan və Türkiyə iki qardaş dövlətdir”. 

Məmiyev Atatürkün təkcə Türkiyənin deyil, bütün türk dünyasının dəyəri olduğunu vurğulayıb: 

“Türkiyə Cümhuriyyətinin banisinin məqbərəsini ziyarət edə bildiyim üçün qürur duyuram". 

Türkiyə müdafiə naziri şəhid Valeh Məmiyevdən danışarkən kövrəlib - VİDEO

Vüsal Məmiyev bildirib ki, qardaşı ölümündən əvvəl Akara Azərbaycan torpaqlarını işğaldan azad edəcəyinə söz verib. 

“Qardaşım həmişə işğal altındakı torpaqları azad etmək barədə düşünürdü. Bütün təlimlərdə iştirak edib. O, nazir Akara işğal olunmuş torpaqların azad edilməsi üçün əlindən gələni edəcəyinə söz verib. Döyüşdə yaralanmış və son nəfəsini verməzdən əvvəl sözünün üstündə durduğunu söyləmiş və bunu cənab Akara çatdırmağı xahiş edib. Bu, çox ağır itkidir, lakin biz bununla fəxr edirik”, - deyə Vüsal əlavə edib. 

Qeyd edək ki, Valeh Məmiyev 1994-cü il martın 27-də Yardımlı rayonunun Kürəkçi kəndində anadan olub. Zabitlik peşəsinə yiyələnmək Valehin uşaqlıq arzusu olub. Valideynləri də onun bu seçimi ilə razılaşıblar. O, 13-14 yaşlarından Cəmşid Naxçıvanski adına Hərbi Liseydə böyük orduya gedən yollarda ilk addımlarını atıb. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin “Zabit ixtisas kursu”nda peşəkarlığını daha da artırıb. Əfsanəvi sərkərdə, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun layiqli davamçısı olacağına and içən gənc leytenant Azərbaycan Ordusunda tank taqımının və bölüyünün komandiri vəzifələrində xidmət edib, “baş leytenant” hərbi rütbəsinə yüksəlib.

Şəhid baş leytenant Valeh Məmiyev Vətən müharibəsində tank bölüyünün komandiri kimi Cəbrayıl, Zəngilan, Füzuli və Qubadlının işğaldan azad edilməsində böyük şücaət göstərib. Cəsur komandirin son döyüşü ötən il oktyabrın 19-da Qubadlı-Laçın istiqamətində olub.

Valeh Məmiyev 2020-ci ilin oktyabrın 19-da Qubadlı döyüşləri zamanı ağır yaralanıb. Oktyabrın ayının 23-də isə aldığı yaradan şəhid olub.

Prezident İlham Əliyevin Sərəncamı ilə Valeh Məmiyev ölümündən sonra “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.