Ailələr boşanır, günah sosial şəbəkədə deyil... - Millət vəkili

Fikrimcə, klassik ailə modelini bərpa etmək missiyasını yerinə yetirmirik. Tədiqatlardan da göründüyü kimi, ailə münasibətlərini araşdırma imitasiyasından uzaqlaşa bilsək, daha böyük məsafə qət edə bilərik. İmitasiya nədən ibarətdir? İlk olaraq deyim ki, sağlamlıqla bağlı imitasiya var. Uşaqların məcburi dispanzerasiyasını normal həyata keçirə bilmədiyimizə görə gələcək ailələrin problemlərini əvvəlcədən hazırlayırıq. Ailənin ilk problemi sağlamlıqla bağlıdir. İkincisi, təhsil imitasiyası bizə imkan vermir ki, mədəni ailə modelinə keçid edək.

İlkxeber.org xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa "Azərbaycanda mövcud ailə münasibətləri: Sosial-Psixoloji Təhlil" ictimai rəy sorğusu və sosioloji tədqiqatın nəticələrinə dair konfransda deyib.

Onun sözlərinə görə, iki ailə üzvü - ər və arvad biri-biri ilə mədəni səviyyədə müzakirə apara bilmirsə, bu təshil səviyyəsinin yaratdığı problemlərdəndir: "Üçüncü problem isə tipik şəhər və kənd mədəniyyətinin ortadan qalxmasıdır.

Azərbaycanda şəhərdə gecəqondu mədəniyyəti şəhər mədəniyyətini üstələyir. Kənddə isə şəhərdəki imitasiyası kənd həyatını üstələyir. Ailə kiçik dövlətdir deyirik. Əslində, bu gün qapalı ailə modelindən sosial şəbəkələr nəticəsində açıq ailə modelinə keçməyə məcbur oluruq. Bu gün qapalı mühitdən çıxan ailə açıq rəqabətə dayana bilmir".

Millət vəkili bildirib ki, boşanmalara sosial şəbəkələrin böyük təsiri var: "İnsanlar fikirlərini, hisslərini virtual mühitdə lazımi səviyyədə ifadə etmədiklərinə görə ailədə problemlər yaşanır. Amma bu sosial şəbəkənin günahı deyil. Məsələn, sosial şəbəkələr Avropada elmi tədqiqatın, Kolumbiyada narkotikanın, Azərbaycanda da qeybətin inkişafına təsir edir. Biz sosial şəbəkələrdə artıq mədəniləşmə amilini inkişaf etdirə bilmirik. Mədəni insanlar virtual mühitdən uzaqlaşmağa başlayıb.

Burada dedi-qodu, gəvəzəlik, lağlağı ilə məşğul olanların sayı artıb. Ailə dəyərlərini də bu cür açıqlığa çıxaranda, onun necə idarə olunacağı, hansı istiqamətə doğru irəliləyəcəyi müəmmalı qalır".

 
Müəllif: Aysel Azad