Afrikada yüzlərlə türkiyəli şəhidin arasında yeganə azərbaycanlı şəhid – Şəhidimizin adı Çadda əbədiləşdirildi – FOTO/VİDEO

Türkiyənin "Dəniz Fənəri" Dərnəyi tərəfindən həyata keçirilən "1000 Şəhidimiz adına 1000 su quyusu layihəsi" çərçivəsində həyata keçirilən tədbirləri davam edir.

İnkxeber.org xəbər verir ki, tədbirlər çərçivəsində növbəti layihə Çadda həyata keçirilib. 

Afrikada açılan su quyusunda Azərbaycandan olan şəhid Murad Rəhimlinin adı da xatirə lövhəsinə vurulub. Qeyd edək ki, Murad Rəhimli həmin xatirə lövhəsində adı olan yeganə azərbaycanlı şəhiddir.

Qeyd edək ki, Murad Rəhimli 1991-ci ildə Sumqayıt şəhərində anadan olub. Ailəsi şəhid Muradın vətənpərvər, xeyirsevər, ailəcanlı, ədalətli vətəndaş olduğunu deyir. Muradın Vətənə olan məhəbbəti lap körpəlikdən bilinir.

Ailəsi deyir ki, Murad iyul döyüşlərində general Polad Həşimovun şəhid olmasından sonra orduya könüllü yazılıb.

Murad evdə iki körpə (5 yaş və 1 yaş 7 aylıq) oğlanlarını qoyub cəbhəyə yollanmışdı. İsrarla, dəfələrlə cəbhəyə göndərilməsini tələb edən Murad istəyinə nail olur. Vətənin azad olunmasında iştirak edir və qızğın döyüşlər zamanı şəhidlik zirvəsinə ucalır.

Rəhimli Murad oktyabr ayının 8-də Suqovuşan uğrunda gedən ağır döyüşlərdə düşmən tərəfindən atılan artilleriya mərmisinin partlaması nəticəsində aldığı qəlpə yarasından şəhid olub.

Murad şəhadətindən sonra "Vətən uğrunda" medalıyla təltif edilib.

Allah rəhmət eləsin!