BAAU-nun prorektoru və kafedra müdiri Fransada 5 günlük səfərdə olub

ECAR” Erazmus+ layihəsi çərçivəsində ölkəmizin bir sıra universitetlərinin rəhbərlərindən ibarət nümayəndə heyəti Fransa işgüzar səfərdə olublar. Səfərdə Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Biznes Universitetinin rektoru və  digər tərəfdaş universitetlərin prorektor və rəhbər heyətindən ibarət 30 nəfərlik nümayəndə iştirak etmişdir. Bakı Avrasiya Universitetini Elmi işlər üzrə prorektor, professor Gülzar İbrahimova və “Tərcümə” kafedrasının müdiri, dosent Sevda Rzayeva təmsil etmişlər.

İşgüzar görüşlər Fransa Rektorlar Konfransı (CPU) və Fransa Beynəlxalq Təhsil Mərkəzinin (FEI) təşkilatçılığı ilə həyata keçirilmişdir. Görüşlər çərçivəsində CPU-nun Beynəlxalq əlaqələr üzrə koordinatoru, Rouen Universitetinin keçmiş rektoru Jean Luc Nahel Fransa təhsil sistemi və CPU-nun ali təhsildə rolu barədə ətraflı məlumat verdi. 1971-ci ildə Fransanın Təhsil Nazirliyi tərəfindən yaradılmış CPU  Fransa təhsil sistemində yüksək nüfuzu olan mötəbər təşkilatdır. 2007-ci ilədək CPU-nun prezidentliyi funksiyasını Fransa Təhsil Naziri yerinə yetirirdi. 2007-ci ildə Ali Təhsil sahəsində aparılmış köklü islahatlar əsasında universitetlərin müstəqilliyi təsdiqləndi və buna əsasən də CPU müstəqil quruma çevrildi. CPU-nun əsas funksiyası Təhsil Nazirliyinin məsləhətçi orqanı olaraq fəaliyyət göstərməkdir. Belə ki, CPU Təhsil Nazirliyi ilə Fransa dövlət universitetləri arasında əlaqənin, fikir mübadiləsinin operativ şəkildə təmin edilməsində, problem və təkliflərin dəyərləndirilməsində əlaqələndirici funksiya  daşıyır. Hazırda Fransanın akkreditasiya olunmuş 74 universiteti CPU-nun üzvüdür. Təşkilatın tövsiyələri nəzərə alınaraq ölkənin ali təhsil sistemi üzrə strateji yol xəritəsi müəyyənləşdirilir, islahatlar aparılır, ehtiyac duyulduğu təqdirdə təhsil qanunvericiliyinə dəyişikliklər edilir. 

Görüş müddətində qurumun Avropa birliyindəki təmsilçisi Carle-Bonafous Murat Avropa-Fransa təhsil münasibətləri haqqında ətraflı məlumat verdi, konfransın təsir gücünün yalnız ölkə hüdudları ilə məhdudlaşmadığını vurğuladı. Daha sonra, Fransa Beynəlxalq Təhsil Mərkəzinin (FEI) proqram meneceri Marion Poutrel CPU-nun Nizamnaməsi və hüquqi statusu barədə çıxış edərək əsas prinsipləri izah etdi. CPU Beynəlxalq əlaqələr üzrə komissiyasının sədri, eyni zamanda Toulouse Jean Jaurès Universitetinin rektoru Emmanuelle Garnier CPU-nun təşkilati strukturu, Plenar iclas, müxtəlif istiqamətlər üzrə ixtisaslaşmış daimi komissiyalar, müvəqqəti işçi qrupları haqqında məlumat verdi. Məruzəçi eyni zamanda qeyd etdi ki, CPU-da görüşləri təşkil edən, CPU-nun gündəliyini müəyyənləşdirən 20 rektordan ibarət CP2U adlı daimi heyət fəaliyyət görtərir.

Görüşün üçüncü günündə Fransa Ali Təhsil, Tədqiqat və İnnovasiya Nazirliyinin nümayəndəsi Manuel Bouard Azərbaycan Təhsil Nazirliyinin nümayəndəsi Nicat Məmmədli ilə birlikdə  Fransa Təhsil Nazirliyi və CPU arasında əməkdaşlıq və koordinasiya məsələləri haqqında iştirakçılarla ətraflı müzakirələr apardı.

Tədbirin son günündə Fransanın ən qədim universitetlərindən biri olan Sorbon universitetinə səfər təşkil edildi. Səfərdə iştirak edən Bakı Biznes Universitetinin rektoru İbad Abbasov CPU-nun medalı ilə təltif olundu.

Səfər çərçivəsində Azərbaycan universitetlərindən olan heyət Azərbaycanın görkəmli siyasi və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri və Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədri Əlimərdan bəy Topçubaşov və Ceyhun Hacibəylinin məzarını ziyarət etdi. Bundan başqa, nümayəndə heyəti Azərbaycan-Fransa Mədəniyyət evində təşkil edilən tədbirdə iştirak etdi.  

Onu da qeyd edək ki, layihənin koordinatoru Bakı Biznes Universitetidir.

 

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.
 

Açıklama yok.