“Soros uşaqları”nı hakimiyyətdən uzaqlaşdırmaq planı - Paşinyanı o əvəz edərsə...

Ekspertlərə görə, Ermənistan daxilində xalqın qəbul edəcəyi fiqur olmadığı üçün Ruben Vardanyanın hakimiyyətə gətirilməsi Rusiya üçün məqbul variantdır

 “Troyka Dialoq” investisiya şirkətinin keçmiş sahibi, erməni əsilli rusiyalı milyarder Ruben Vardanyan Ermənistan siyasətinə atılmağa və ölkəyə rəhbərlik etməyə hazırlaşır. Bu haqda Vardanyan özü müsahibəsində bildirib. “Siyasətə qatılmağa hazırlaşırsınızmı” sualına biznesmen belə cavab verib: “Qısa cavab verirəm: hə. Lakin siyasətdə mən hesab edirəm ki, bu suala cavabı, sadəcə, siyasi partiyadan fərqli olaraq başqa cür verirlər... Mən millətim üçün çəkməçi də olmağa hazıram, təmizlikçi də, rəhbər də”.

Vardanyan təsdiq edib ki, Ermənistan çox ağır vəziyyətdədir və indi onun müstəqil dövlət kimi qorunub saxlanılması məsələsi çox kəskin dayanıb. Ona görə də belə vəziyyətdə dövlət rəhbəri olmaq üçün çox cəsarətli və riskə getməyə hazır adam tələb olunur.

Məlumdur ki, Ermənistanın baş naziri Paşinyan üzdə özünü Rusiyanın dostu kimi qələmə versə də, onu hakimiyyətə gətirən Soros Fonduna və Qərbə bağlılığı sübhə doğurmur. Son həftələr Paşinyan komandasında anti-Rusiya meyllərinin artması müşahidə olunur. Üstəlik, “Soros uşaqları” adlandırılan kadrları Paşinyan ətrafına toplayır. Yeni müdafiə naziri və baş nazirin müavini təyinatı buna sübutdur. Paşinyanın 10 noyabr razılaşmasını bütün mümkün bəhanələrlə yerinə yetirməkdən boyun qaçırması da faktdır. O səbəbdən Kremlin Paşinyanın daha “nazı ilə oynamaması”, onun yerinə başqa bir namizəd gözdən keçirməsi mümkündür. Ölkə daxilində belə bir fiqur olmadığına görə Rusiya erməni milyarder Vardanyan variantını sınaqdan keçirə bilər.

Q&A: Ruben Vardanyan, Russia's Armenian Financier Turned Philanthropist

Ruben Vardanyan

Məlumdur ki, Ermənistan iqtisadiyyatı da çöküş ərəfəsindədir, ölkənin 10 milyarddan çox xarici borcu var. Belə olan təqdirdə, xaricdən bir milyarderin hakimiyyətə gəlməsi mümkün görünə bilər. Bir zamanlar Gürcüstanda ABŞ-ın adamı kimi tanınan Mixail Saakaşvilinin hakimiyyətdən getməsinə də məhz Rusiyadan göndərilən milyarderin (Bdizina İvanişvili) səbəb olduğu təcrübəsini yada salsaq, buna bənzər ssenarinin Ermənistan üçün də tətbiq ediləcəyi ehtimalı kifayət qədər yüksəkdir.      

Erməni əsilli milyarderin hakimiyyətə gəlmək niyyətinin olduğunu təsdiqləməsi Rusiyanın Paşinyanı dəyişmək planının tərkib hissəsi ola bilərmi?

Azad MƏSİYEV

 Azad Məsiyev

Politoloq Azad Məsiyev “Yeni Müsavat”a bildirdi ki, Nikol Paşinyanın bu gün də daha çox ABŞ-ın istəklərini həyata keçirməyə çalışdığı bəllidir: “Onun ABŞ-ın dəstəyi ilə hakimiyyətə gətirilməsində məqsəd Cənubi Qafqazda Amerikanın mövqelərini daha da gücləndirmək və anti-Rusiya meyllərini artırmaq idi. 44 günlük müharibə Amerikanın Cənubi Qafqazla bağlı planlarını pozdu və təşəbbüs daha ciddi şəkildə Rusiyanın əlinə keçdi. İndi isə ABŞ-dakı erməni lobbisi ilə Rusiyadakı erməni lobbisinin qarşıdurması gedir. Ruben Vardanyanın hakimiyyətə gəlmək istəyini bildirməsi də bununla bağlıdır. Adətən bu iki lobbi erməni maraqlarına görə birgə mövqe nümayiş etdirirdi, ”Böyük Ermənistan" ideyasını həyata keçirmək üçün birlikdə fəaliyyət göstərirdilər. 44 günlük müharibə “Böyük Ermənistan” mifini darmadağın etməklə yanaşı, ABŞ-dakı və Rusiyadakı erməni lobbisini qarşı-qarşıya qoydu. Artıq həmin lobbilər arasında savaş gedir. Ermənistan daxilində baş verən hadisələrin bir çoxunun arxasında da bu iki lobbinin maraqlarının toqquşması dayanır. Rusiyadakı erməni milyarderlərin təmsil olunduğu lobbi hesab edir ki, Ermənistan dövlətinə Rusiyaya bağlı adam rəhbərlik etməlidir və Ermənistanın xarici siyasəti tamamilə rusiyayönümlü olmalıdır. Amerikadakı lobbi isə əksini düşünür. Düşünürlər ki, Ermənistan Rusiyadan tamamilə qopmalıdır, Qərbə inteqrasiya etməlidir, Avropa İttifaqına, NATO-ya bağlanmalıdır. Bu iki bir-biri ilə əks olan maraqların toqquşması Ermənistanı get-gedə ağır vəziyyətə salmaqdadır. Paşinyan mümkün qədər ikili siyasət yürütməyə çalışır. Amma Qərbdən tam qopa bilmir. Artıq belə görünür ki, gedişat Ermənistanda yeni qüvvənin hakimiyyətə gəlməsi zərurətini meydana gətirir. Ermənistanın daxilində olan və hakimiyyətə can atan keçmiş prezidentlər Köçəryan-Sərkisyan cütlüyünə xalq arasında inam yoxdur, çünki onlar Ermənistanı uçuruma sürükləyiblər. Nikol Paşinyan da yanlış davranışları ilə ölkəni uçuruma aparır. Bir sözlə, Ermənistan daxilindəki qüvvələr siyasi reallıqları düzgün qiymətləndirə bilmirlər. Ona görə də məhz kənardan birinin hakimiyyətə gətirilməsi ehtiyacı ortaya çıxa bilər. Bunu erməni əsilli milyarderlər, o cümlədən Ruben Vardanyan da görür. Erməni iş adamlarının fəallaşması və artıq siyasi iddialarını ortaya qoymağa başlamaları bu baxımdan təbiidir. Rusiya Nikol Paşinyanın imzası ilə Azərbaycanla böyük sülhü əldə etdikdən sonra rusiyalı erməni milyarderlərdən birinin hakimiyyətə gəlməsində maraqlı olacaq".

İlyas Hüseynov: Milli həmrəylik və birlik Azərbaycanı bütün dünyanı bürüyən  koronavirus sınağından da uğurla çıxmasının başlıca

İlyas Hüseynov 

Politoloq İlyas Hüseynov isə bildirdi ki, Ermənistanda yürüdülən siyasətdən Rusiyanın ciddi şəkildə narahatlığı var. Bu, ikitərəfli münasibətlərə də mənfi təsir göstərən amildir: “Eyni zamanda Soçidə keçirilən görüşdə də Rusiya prezidenti Vladimir Putinlə Nikol Paşinyan arasında bir soyuqluğun hökm sürdüyü də müşahidə olundu. Bu xüsusda qeyd etmək lazımdır ki, Rusiya tərəfi Ermənistan üçün hər hansı digər rəhbərin seçilməsi variantlarını da araşdırır. Hazırda müxalifətdə olan Rusiyaya bağlı keçmiş prezidentlərin Ermənistan xalqı tərəfindən qəbul edilmədiyinə Moskva əmindir. Ona görə də onların hakimiyyətə gətirilməsində maraqlı görünmür. İyun ayında keçirilən parlament seçkilərində gözlənilirdi ki, Rusiya Paşinyanı dəyişəcək. Lakin Rusiyanın o zaman müdafiə etdiyi Robert Köçəryan kartı xalqın arasında mənfi reputasiyaya malik, nüfuzu olmayan qüvvə kimi uduzdu. Bununla Rusiyaya tam aydın oldu ki, artıq Köçəryan-Sərkisyan cütlüyünü hakimiyyətə gətirmək planını kənara qoymaq lazımdır. Gələcək üçün tamamilə yeni qüvvəni müdafiə etmək vacibdir. Ona görə də artıq müxtəlif fiqurlar arasında seçim aparılır. Bir müddət öncə Rusiyadakı milyarder Ara Abramyan üzərində dayanıldığı barədə xəbərlər yayılmışdı. Ancaq bu ideya müəyyən səbəblərdən inkişaf etdirilmədi və arxa plana keçirildi. İndi isə Ruben Vardanyanın adı gündəmə gəlib. Ruben Vardanyan Ermənistanda siyasi hakimiyyətə iddialı şəxs kimi özünü göstərməkdədir. Ruben Vardanyan 44 günlük müharibə dövründə Ermənistana böyük maliyyə dəstəyi verirdi, silahlı qüvvələrə yardım edirdi. Rusiya üçün belə bir şəxsi Ermənistanda hakimiyyətə gətirmək asan görünə bilər”.

Ekspertin sözlərinə görə, Ermənistanın ABŞ prezidentinin təşkil etdiyi “Demokratiya sammiti”nə dəvət edilməsi və İrəvanın bu dəvəti qəbul etməsi Rusiyanı qane etmir: “Paşinyandan Moskvanın narazılığını bu amil bir az da artırıb. Ruben Vardanyanın məhz belə bir məqamda siyasi iddia ilə çıxış eləməsi təsadüfə bənzəmir. Rusiya Ermənistandakı ”Soroş uşaqları" ilə birdəfəlik üzülüşmək qərarını verə bilər. Çünki “Soroş uşaqları” Rusiyanın əl-ayağına dolaşır. Onun bir çox planlarının həyata keçirməsini ya əngəlləyir, ya da bu planların reallaşmasının ləngiməsinə səbəb olurlar. Bu baxımdan ehtimal edə bilərik ki, Ermənistan daxilində xalqın qəbul edəcəyi fiqur olmadığı üçün Ruben Vardanyan Rusiya üçün məqbul variantdır".