"Bir az da yaşamaq nə böyük suçdu?"

Xanoğlan ƏHMƏDOV

Bu gün Xocavənd rayonunun Qarakənd kəndi üzərində göyərtəsində Azərbaycanın rəsmi şəxslərinin olduğu "Mi-8" vertolyotunun erməni silahlı dəstələri tərəfindən vurulmasından 30 ll ötür.

1991-ci il noyabrın 20-də  Qarakənd səmasında baş vermiş faciə nəticəsində Azərbaycanın bir qrup görkəmli dövlət xadimini Ağdama aparan vertolyotun müəmmalı şəkildə partlaması nəticəsində xalqımız onlarla qəhrəman oğlunu itirdi. Həlak olanların arasında vaxtilə Səbail rayon Partiya Komitəsinin birinci katibi işləmiş, millət vəkili Vəli Məmmədov da vardı. 
Yaxşı yadımdadır, Vəli Məmmədovun ölümünün ildönümü ərəfəsində onun barəsində "Ekspress"ə yazı hazırlamaq istəyirdim. Bu niyyətlə onun həyat yoldaşı Xalidə xanıma zəng etdim, sonra evlərində görüşüb-söhbətləşdik. Söhbət əsnasında Vəli və Yardımlı barəsində verdiyim suallar Xalidə xanımın təəccübünə səbəb oldu. "Deyəsən, Yardımlını, Vəlinin ailəsini yaxşı tanıyırsınız?", - deyə soruşdu. Mən Vəli müəllimlə eyni rayondan, bir kənddən olduğumu Xalidə xanımdan gizlətmişdim. Ona görə də, "bu jurnalist marağından irəli gəlir" deməklə cavabdan yayınmışdım... 
Ömrünün son illərini Qarabağda keçirən Vəli Məmmədov 1931-ci ilin yanvarın 7-də anadan olmuşdu. Anası Mina xanım almanəsilli, atası Hüseyn kişi isə Yardımlı rayonunun Şiləvəngə kəndindən idi. Vəli müəllim vətənini, xalqını ürəkdən sevən bir insan idi. Milli bayramımız olan Hovruzun elliklə, təntənəli şəkildə qeyd olunmasında onun zəhməti böyük olmuşdür. Bu milli bayramın ilk "ssenari müəllifi" Şıxəli Qurbanov olmuşdusa, "quruluşçu rejissoru" Vəli Məmmədov idi. "Vəli müəllim hansı kürsüdə oturmasından asılı olmayaraq Azərbaycanın pərvanəsiydi". Bu, Sabir Rüstəmxanlının Vəli haqqında dedikləridir. S.Rüstəmxanlının dediyinə görə, Amerikadan üzü bəri harada bir azərbaycanlı varsa, Vəlinin işığına düşüb gedərdi. Milli ruhun dirçəlişi, milli birlik, Azərbaycanın tam müstəqilliyi və azadlığı onun ən böyük arzusu idi. 
Vəli Məmmədovun həyat yoldaşı Xalidə xanım o günləri belə xatırlayırdı: "Vəli ömrünün son 6-7 ayını Qarabağda keçirdi. Azərbaycan KP MK-da nəzarət komitəsinin sədr müavini işləsə də, adı işdə olardı, tez - tez Qarabağa gedərdi. Təşkilat Komitəsinin üzvü olmasa da, onu Məhəmməd Əsədov ora cəlb etmişdi. Onlar 1991-ci ilin aprel ayından avqustun 31-nə kimi Qarabağa gedib xeyli iş gördülər. Onda Qorbaçov erməni silahlılarından Qarabağı təmizləmək barədə əmr vermişdi. Lakin bu əmr yerinə yetirilmədi". 
V.Məmmədovun 1980-ci il yanvarın 7-də axırıncı dəfə 60 illiyini qeyd ediblər. Evin böyüyü olan Vəli təkcə bacısının, qardaşının böyüyü olmayıb, ailənin bütün dərd-səri onun üstündə olub. 
Qeyd edim ki, onun böyük qızı Leyla ABŞ-ın Hyuston şəhərində yaşayır, iki övladı var. Oğlu Azər isə Bakıda yaşayır. Bir qızı, bir oğlu var. Oğlunun adını babasının xatirəsinə Vəli qoyublar. 
Vəli müəllimin ən üstün keyfiyyətlərindən biri onun öz zəhməti hesabına yaşaması olub. Yazıçı Anar Vəli Məmmədov haqqında xatirələrində yazırdı ki, Vəli üçün əqidə dəyişmək paltar dəyişmək kimi yüngül bir iş deyildi. Ən mühüm, ən "gəlirli" partiya vəzifələrində illərlə tər tökə-tökə, dəridən-qabıqdan çıxa-çıxa işləyib özüyçün heç nə qazanmamışdı, axır günlərinə qədər ehtiyac və borc içində yaşadı. İçində dolandığımız eybəcər cəmiyyətin əxlaqı belə idi ki, haram pulla firavan günlər keçirən yox, halal maaşla kasıbçılıq eləyənlər daha artıq xəcalət çəkməli olur: "Ciblərini doldurmağı bacarmayanlara isə hətta gülürlər də, "acizliyinə", "əfəlliyinə", "pul qırpa bilməməyinə" rişxənd də edirdilər. Belələriyçün Vəli "qəribə adam" idi..." 
Vəli müəllimi yaxından tanıyanlardan onun barəsində soruşanda əsil vətənpərvər, səmimi ziyalı olduğunu xüsusi qeyd edirək həzin, kövrək xatirələrini bölüşürlər. Bir neçə il öncə Vəli müəllimin  yaxınları, qohumları, dostları səksən illik yubileyini qeyd etmək üçün Fəxri Xiyabandakı məzarı önünə toplaşmışdılar. Onların arasında Xalq artisti Nurəddin Mehdixanlı var idi. Nurəddin müəllimin  o zaman Vəli Məmmədov haqqında dedikləri indiki kimi yadımdadır: "Onun yeri bu gün daha çox görünür. Vəli müəllim pafoslu çıxışları, nitqləri ilə yadda qalmasa da, heç kəsin danışa bilmədiyi bir vaxtda qorxu bilmədən çox şeydən danışıb".