Ermənistan Azərbaycanla delimitasiya ilə bağlı gizli danışıqlar apardığını bəyan etdi

Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası və delimitasiyasına hazırlıq prosesinə sıfır nöqtəsindən başlanılacaq, Ermənistan artıq Rusiyanın təklifinə razılıq verib. Bunu Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə komissiyasının sədri Andranik Koçaryan deyib.

“Demarkasiya və delimitasiyaya hazırlıq prosesi sıfır nöqtəsindən başlayacaq. Ermənistan bu işin başlamasında iştirak etməyə razılıq verib. Danışıqlar məxfilik rejimində aparılır”, - deyə Koçaryan brifinqdə bildirib.

Öz növbəsində, parlamentin xarici əlaqələr komissiyasının sədri Eduard Ağacanyan deyib ki, Ermənistan Rusiyaya sərhədlərin demarkasiyası və delimitasiyası prosesi çərçivəsində işə başlamağa razılıq verməsi barədə yazılı bildiriş göndərib. “Texniki məsələlərlə bağlı razılıq əldə edildikdən sonra Ermənistan komissiya formalaşdırmağa və konkret işlərə başlamağa hazır olacaq. Məzmun barədə danışmaq hələ tezdir, biz hazırlıq işlərinin başlamasından danışırıq”, - deyə o qeyd edib. (İnterfax)