Bakı Avrasiya Universiteti inzibati-işçi heyətinə yaradılan fürsətləri açıqlayıb

 “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) Erasmus+ layihəsi çərçivəsində Bakı Avrasiya Universitetində növbəti tədbir keçirilib. Tədbirdə BAAU-nun inzibati-işçi heyəti iştirak edib.

Əvvəlcə layihə ilə bağlı təqdimatlar dinlənilib. BAAU-nun dosenti Mütəllim Rəhimov layihənin icrasından ali təhsil müəssisələrinin əldə edəcəkləri dvidentlər haqqında danışıb. O deyib ki, “Rektorlar Konfransı”nın yaradılmasının ali təhsilin problemlərinin həllinə yardım göstərəcək. Belə ki, təhsil mütəxəssislərinin iştirakı ilə keçirilən ictimai müzakirələr ali təhsilə aid problemlərin müəyyənləşdirilməsinə və onların həllinə töhfə verəcək, təcrübə mübadiləsinə, uğurlu nəticələrin bölüşdürülməsinə və paylaşılmasına imkan yaradacaq. Bütün bunlardan isə təhsil işçiləri faydalanacaqlar. Bu həm təhsilin məzmunun müasirləşməsinə, keyfiyyətinin yüksəlməsinə, həm də inzibati-işçi heyətin fəaliyyətinin effektivliyinə kömək edəcək.

M.Rəhimov həmçinin qeyd edib ki, ali təhsildə olan çatışmazlıqları birlikdə aradan qaldıra bilərik. Dünyanın qabaqcıl ölkələrində olan müasir təhsil sistemini hamılıqla daha uğurlu şəkildə təmsil olunduğumuz universitetlərdə tətbiq edər, yaxşı nəticələr əldə edərik. 

BAAU-nun kafedra müdiri, layihənin meneceri, dosent Sevda Rzayeva isə çıxışında hazırda ali təhsilin qarşısında duran əsas vəzifələrdən danışıb. O deyib ki, indi əsas məqsəd istənilən şəraitdə, dünyanın hər yerində işləyə bilən yüksək ixtisaslı, rəqabət qabiliyyətli mütəxəssislərin hazırlanmasını təmin etməkdir. Belə mütəxəssislərin hazırlanması isə ali təhsil sahəsində vahid təhsil məkanının yaradılmasını tələb edir. Bunun üçün ayrı-ayrı ölkələrin ali təhsil sisteminin bir-birinə yaxınlaşdırılması və uzlaşdırılması vacibdir.

O bildirdi ki, bütün bunların təmin olunması üçün ölkəmizdə fəaliyyət göstərən ali təhsil müəssisələrinin özlərinin fəaliyyətinin ilk növbədə əlaqələndirilməsinə ehtiyac vardır. “Bu işin böyük bir hissəsi isə inzibati-işçi heyətinin payına düşür” – S.Rzayeva çıxışının sonunda deyib.

Onu da qeyd edək ki, “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) Erasmus+ layihəsi üç il ərzində həyata keçiriləcək. Bu müddət ərzində müxtəlif tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Layihənin koordinatoru Bakı Biznes Universitetidir.