ANA DİLİMİZİN POLAD KİMİ FONETİK-QRAMMATİK NORMALARI

Hafiz Rüstəm

Hələ ki, ümumişlək sözlərə çevrilməyib neologizmlərə, yeni terminlərə meydan vermək lazımdır. Qoy bu terminlər görək dilimizdə oturuşacaqmı, ya yox? Artıq "adaptasiya" o qədər ədəbi dilimizdə sərbəst işlənir ki, onun ismi-faili olan "adapter" ögey görünmür. Yaxud artıq dilimizdə vətəndaşlıq hüququ qazanmış "surətçıxardan" (kserokopiya) nə üçün "üzçıxardan" kimi qondarma görünməlidir? Başqa dillərdə olduğu kimi bizim dilimizə də zaman-zaman daxil olmuş xeyli zəruri ərəb-fars sözləri də artıq doğmalaşıb və bu "doğma" sözləri ögeyləşdirməyin xeyirdən çox, ziyanı var - məs. surətçıxardanı üzçıxardan eləmək kimi. Qoy "ismarış" sözü ilə "mesaj" sözü bir-birilə yarışsınlar, hər ikisi eynihüquqlu sinonim sözlər kimi dilimizdə işlənsinlər - mağaza -market, gerçək - həqiqət, bilgisayar - kompüter, fərq - təfavüt, xüsusiləşmə - özəlləşmə və s. kimi.
"Köçürülmə" mənası verən eyni mənalı iki xarici sözü - köhnə "təxliyə", yeni «evakuasiya» sözlərini sinonim sözlər kimi saxlamaq lazımdır.
A.Qurbanovun yazdığı kimi «proqnoz» və «öncəgörmə» arasında uyğunluq «cərrah» və «qəssab» kəlmələri arasında olan fərq qədərdir". «Proqnoz» o qədər populyarlaşıb ki, o söz artıq lüğət fondumuzun ümumişlək bir sözünə çevrilib.
Unutmaq olmaz ki, "Fransızcanı bilib Avropanı başdan-başa gəzmək mümkün olduğu kimi, tatar dilini (yəni Azərbaycan türkcəsini) bilməklə də bütün Asiyanın o başından vurub bu başından çıxmaq olar"(A. Bestujev-Marlinski). Buna bizim leksikamızın yox, ( bütün dillərə bu köhnə sözlərin yeni sözlərlə əvəzlənməsi, dilin başqa dillər hesabına donorlaşması prosesi xasdır) dilimizin heç vaxt dəyişməyən, onun daxili sintetik-sinkretik strukturunu sabit saxlayan polad kimi möhkəm fonetik-qrammatik normaları əsas verir.
P.S.: Həm də burada bir dilçi kimi geniş bəhs açmaq niyyətində deyiləm. Bu istiqamətdə xeyli məqalələr dərc etdirmişəm. Mən sadəcə burada mövcud dilimizin potensialından, funksional ifadə imkanlarının genişliyindən, başqa dünya dillərindən geri qalmadığından bəhs etmişəm. Əlbəttə, dilin arealı məhdudlaşdırılarsa, dilin inkişafına müvafiq şərait yaradılmasa, dilin daşıyıcısı olan böyük bir etnos gözümçıxdıya salınarsa, rəsmi dövlət dilinə qısqanclıqla və hörmətsizliklə yanaşılarsa, bu dil gec-tez ölü latın dilinə çevrilə bilər.
P.S.: Qoy fikirlərimi konkret misallarla əsaslandırım. Mən ADU-nun Şərqşünaslıq fakültəsini bitirdikdən sonra dəfələrlə Moskvanın dəvətilə İttifaqın ayrı-ayrı siyasi-hərbi tədris mərkəzlərində ruscadan farscaya, yaxud əksinə tərcümə kurslarında iştirak etmişəm, öz iş yerimdən ayrılmamaq şərtilə İİR-nin Bakıdakı səfirliyində 1995 - 2000-ci illərdə tərcüməçi işləmişəm. İran qəzetlərindən ("Keyhan", "Ettelaat", "Besət" və s.) isti-isti tərcümə etdiyim 30 - 40 informasiyadan ibarət həftəlik bülleten buraxmışam, xeyli dini-elmi əsərləri ana dilimizə çevirmişəm, Prof. Neyyerzaman Hatəminin tərtib etdiyi 60 min leksik ehtiyata malik "Farsca - azərbaycanca lüğət"i (iki cildlik, 2000 səhifəlik) çapa hazırlamışam. İntensiv məşğul olduğum bu iki dil arasında öz dilimizin ədəbi-bədii-elmi-publisistik, rəsmi-işgüzar, epistolyar-məişət üslublarının üstünlüyünü müşahidə etmişəm. Bu barədə yeri gəlmişkən fars dilçiləri ilə mübahisələrim və fikir mübadilələrim çox olub. Bu qənaətə gəlmişəm ki, sadaladığım mövcud imkanları ilə dünya şedevrlərini öz dilimizə müvəffəqiyyətlə çevirə bilərik. Çünki dilimiz təkcə milli dil deyil, həm də beynəlxalq dillərdən biridir. Mən şəxsən bu böyük ifadə imkanlarına malik ana dilimizlə fəxr edirəm!
 
P.S.: OLMAZ
 
Türkün dilitək sevgili, istəkli dil olmaz,
Özgə dilə qatsan, bu əsil dil əsil olmaz.
Öz şerini farsa, ərəbə qatmasa şair,
Şerin eşidənlər, oxuyanlar kəsil olmaz.
Fars şairi çox sözlərini bizdən aparmış,
Sabir kimi bir süfrəli şair paxıl olmaz.
Türkün məsəli, folkloru dünyada təkdir,
Xan yorğanı kənd içrə məsəldir mitil olmaz.
Azər qoşunu qeysəri-rumi əsir etmiş,
Kəsra sözüdür bir belə tarix nağıl olmaz.
Bişmiş kimi, şerin də gərək dad-duzu olsun,
Kənd əhli bilirlər ki, doşabsız xəşil olmaz.
Sözlər də cəvahir kimidir, əsli bədəldən
Təşxis verən olsa, bu qədər zir-zibil olmaz.
Şair ola bilməzsən, anan doğmasa şair,
Missən, a balam, hər sarı köynək qızıl olmaz.
Məndən də nə zalım çıxar, oğlum, nə qisasçı,
Bir dəfə bunu qan ki, ipəkdən qəzil olmaz.
Azad qoy oğul eşqi təbiətdə bulunsun,
Dağ-daşda doğulmuş dəli ceyran həmil olmaz.
İnsan odu tutsun bu zəlil xalqın əlindən,
Allahı sevərsən, belə insan zəlil olmaz.
Çox da ki, Sərabın suyu var, yağ-balı vardır,
Baş ərşə də çatdırsa Sərab, Ərdəbil olmaz.
Millət qəmi olsa, bu cocuqlar çöpə dönməz,
Ərbablarımızdan da qarınlar təbil olmaz.
Düz vaxtda dolar taxta-tabaq ədviyə ilə,
Onda ki, nənəm sancılanar, zəncəfil olmaz.
Bu Şəhriyarın təbi kimi çimməli çeşmə,
Kövsər ola bilsə, demirəm, Səlsəbil olmaz.
 
(Məhəmməd Hüseyn Şəhriyar. Türki divanı külliyyatı. Doktor Həmid Məhəmmədzadənin müqəddimə, redaktə və izahları ilə. Tehran, İntişarati-zərrin, 1389, səh 61 - 62.)