“Qubadlıya qayıdış” İctimai Birliyi təsis edildi

Qubadlıdan olan bir qrup ziyalı və rayon sakini “Qubadlıya qayıdış” İctimai Birliyi təsis edib.

Ilkxeber.org xəbər verir ki, “Qubadlıya qayıdış” İctimai Birliyi dünən rayon sakinlərinin keçirdiyi zoom konfransda elan olunub.

Təsis yığıncağında 11 nəfərdən ibarət İdarə Heyəti seçilib, 3 nəfərlik nəzarət qrupu təşkil olunub. Eyni zamanda, təşkilatın fəaliyyəti barədə mütəmadi məlumatların yayılmasını təşkil etmək üçün 3 nəfərdən ibarət mətbuat mərkəzi yaradılıb.

Qeyd edək ki, “Qubadlıya qayıdış” İctimai Birliyinin təşəbbüs qrupunun üzvləri dünən Qubadlı rayon icra hakimiyyətinin başçısı Malik İsaqov ilə görüşüb. Görüşdə Qubadlıda yaranmış problemlərlə bağlı fikir mübadiləsi aparılıb. Təşəbbüs qrupunun üzvləri Qubadlı rayonuna sərbəst gediş-gəlişin təşkil edilməsi ilə bağlı təkliflərini təqdim ediblər. Eyni zamanda, Qubadlının azad olunmasının ildönümü ilə bağlı oktyabrın 25-də rayona sakinlərin səfərinin təşkil edilməsi təklif edilib.

Xatırladaq ki, bir neçə gün öncə Qubadlı rayonundan olan ziyalılar və rayon sakinləri rayonda yaranmış problemlərlə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edib.