ABŞ Konqresi revanşistlərin “çörəyinin üstünə yağ” sürtür

Amerikadan Bakı və Ankaraya qarşı növbəti xain qəsd; ekspertlər çıxış yolundan danışdılar...

ABŞ Konqresi Azərbaycan və Türkiyə ilə Ermənistan arasında sülh şanslarına növbəti zərbə vurub. Konqresin Nümayəndələr Palatası ermənipərəst konqresmenlərin və erməni lobbisinin təxribatına gedərək, Azərbaycan və Türkiyəyə qarşı sənəd qəbul edib. Orada Azərbaycandan “erməni hərbi əsir və mülki girovların dərhal və qeyd-şərtsiz azad edilməsi” tələb olunur, habelə Pentaqona 6 ay ərzində “Azərbaycan və Türkiyənin Qarabağa qarşı hərbi cinayətlərini araşdırmaq üçün hesabat hazırlamaq” çağırışı edilir.

Qalır bircə Hitlerin 2-ci Dünya müharibəsindəki cinayətlərini də Bakı və Ankaraya “yükləmək”. Görəsən, Baydenin timsalında saxta “soyqırımı” tanımaqla ABŞ nə qazandı ki, bundan nə qazanacaq? Ümumiyyətlə, bu, erməni lobbisinin, yoxsa ABŞ-ın Konqresidir? ABŞ və onun parlamenti bölgədəki müharibə sonrası gerçəyi, işğaldan azad edilmiş ərazilərdəki erməni vandalizmini görmək üçün gözünü, nəhayət, açacaqmı?

Gerçək budur ki, sənəd Ermənistanda revanşitləri və müharibə tərəfdarlarını daha da ruhlandıracaq, onların “çörəyinin üstünə yağ” sürtəcək. Bəs Rəsmi Bakının bu sənədə reaksiyasi necə olmalıdır? Məhz ABŞ-ın Konqresinin mövqeyini də əsas göstərib Minsk Qrupu institutundan imtina edə bilərikmi?

Politoloq Elxan Şahinoğlu bildirdi ki, Minsk Qrupu həmsədrlərinin Azərbaycana təzyiqi bir qədər artıb, ABŞ Konqresinin Nümayəndələr Palatasının məlum addımı həm də bu təzyiqin formalarından biridir: “ABŞ və Fransa oyundankənar vəziyyətdə qalıblar və Rusiya qədər olmasa da, Qarabağla bağlı danışıqlarda iştirak etmək istəyirlər. Moskvanın Vaşinqton və Parislə münasibətlərində bəlli gərginlikləri olsa da, Kreml bölgədə Türkiyəni sıxışdırmaq məqsədilə həmsədrlik institutunun canlanmasına dəstək verir. Üstəgəl, həmsədrlər öz aralarında tez-tez görüşür və yenidən oyuna kollektiv şəkildə qayıtmaq üçün müzakirələr aparırlar, o biri tərəfdən ABŞ-ın Ermənistandakı səfiri az qala hər həftə ”Dağlıq Qarabağ münaqişəsi həll olunmayıb" tipli açıqlamalar verir, Konqresdə Azərbaycan əleyhinə sənəd üzərindən iş gedir və s.

Taliban Çinin hər iki şərtini qəbul etməyə hazır görünür" - ELXAN ŞAHİNOĞLU

 Elxan Şahinoğlu 

Azərbaycan prezidenti həmsədrlərə bəlli mesajını dəfələrlə çatdırıb. Birincisi, Qarabağ münaqişəsi başa çatıb, demək müzakirə ediləsi mövzu yoxdur. İkincisi Azərbaycan “status” məsələsini müzakirə etməyəcək, bu mövzu da rəsmi Bakı üçün müharibədən sonra bitib.

Buna baxmayaraq, həmsədrlər dediklərindən dönmürlər və fəaliyyətlərini qaldıqları yerdən davam etmək istəyirlər. Həmsədrlər Bakıya gəlib nəyi müzakirə edəcəklər? Əgər prezident münaqişənin bitdiyini və statusu müzakirə etməyəcəyini vurğulayırsa, həmsədlərə müzakirə üçün hansı mövzu qalır? Həmsədrlər Azərbaycanla Ermənistan arasında sülh sazişinin mətnini, sərhədlərin müəyyənləşməsi və dəhlizin açılması mövzularını müzakirə etmək istəyərlərsə, bu Azərbaycan üçün optimal variant sayıla bilər. Ancaq onlar Qarabağ mövzusundan kənara çıxmaq istəmirlər. Belə olan halda bizim iki yolumuz qalır: ya onların səfərləri zamanı təkliflərini dinləyib qeyri-müəyyən “dəyərləndirərik” cavabı ilə hər dəfə Bakıdan yol salmaq, ya da qəti addım ataraq Minsk Qrupunun fəaliyyətindən imtinamızı rəsmən bəyan etməkdir. İkinci qərarı verməyə hazırıqsa, bizə qarşı bir müddət təzyiqlərə hazır olmalıyıq. Ancaq daha sonra bizdən əl çəkəcəklərini proqnozlaşdırmaq olar, necə ki, “Qarabağda muzdlular savaşır” saxta tezisini aylarla təkrarladıqdan sonra gerçəklikdən uzaq olduğunu anlayaraq unutdular".

E.Şahinoğlu qeyd etdi ki, şübhəsiz, ABŞ-ın bu cür mövqeyi ermənilərdə revanş istəyini artırır və regionda sülhə deyil, qarşıdurma yaranmasına xidmət edir.

Azad MƏSİYEV

 Azad Məsiyev

Politoloq Azad Məsiyev isə bildirdi ki, 44 günlük müharibənin nəticəsi ABŞ-ın Cənubi Qafqaz planlarını pozub: “Vaşinqton bunu həzm edə bilmir. Ermənistanı sülh sazişi imzalamağa qoymayan, tez-tez atəşkəsi pozmağa sövq edən də ABŞ-dır. Vaşinqton Qarabağdakı Rusiya sülhməramlılarına Azərbaycanda etimadsızlıq yaratmaq, Rusiya ilə Azərbaycan arasında problemlər ortaya çıxarmaq üçün ermənilərə atəşkəsi pozmaq sifarişi verir. Eyni zamanda ABŞ-ın məqsədi Azərbaycana ən müxtəlif istiqamətlərdən təzyiq etməklə Minsk Qrupunun fəaliyyətə başlamasına nail olmaqdır. ABŞ Konqresinin Nümayəndələr Paltasının qəbul etdiyi sənədə də bu prizmadan yanaşmaq lazımdır. Vaşinqton baş verən hadisələrə siyasi çalarlar verməklə həm Azərbaycana, həm də Türkiyəyə təzyiq etmək istəyir. Amerika bölgədə Rusiya və Türkiyənin əməkdaşlığından, fəallığından rahatsız olur. Azərbaycan və Türkiyə heç bir təzyiqə baxmadan doğru bildiyi yola davam etməlidir. Eyni zamanda Nümayəndələr Palatasının addımı bölgədə vəziyyəti qarışdırmaq, erməniləri revanşizmə həvəsləndirməkdir.

ABŞ Prezidenti Co Bayden “erməni soyqırımı”nı tanıdı, nə oldu ki, Konqresin Nümayəndələr Palatasının təqdim etdiyi bir layihə də nə isə təsir imkanında olsun. ABŞ Konqresi qərəzli deyilsə, o zaman birinci Qarabağ müharibəsində itkin düşən əsir götürülən 4 min azərbaycanlının taleyinin necə olduğu barədə Ermənistan qarşısında məsələ qaldırsın. Azərbaycan tərəfi bu məsələni ABŞ Konqresinin nəzərinə çatdıra bilər və konkret sənəd qəbul olunması üçün addımlar ata bilər. Baxaq görək, onda Konqres necə münasibət bildirəcək".