Ərdoğan-Putin təkbətək görüşündə kritik qərarlar veriləcək - Bölgəni gözləyənlər...

 “Qismət olarsa, sentyabrın 29-da cənab Vladimir Putinlə Soçidə keçirəcəyim ikitərəfli görüş həqiqətən də böyük önəm daşıyır”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfəri çərçivəsində türkiyəli jurnalistlərə müsahibəsində deyib.

O qeyd edib ki, səfər zamanı iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüş olmayacaq: “Sadəcə, cənab Putinlə ikitərəfli görüşümüz olacaq. Təbii ki, bu, sadəcə, İdlib məsələsinə həsr olunan danışıqlar olmayacaq. Eyni zamanda, Türkiyə-Rusiya əlaqələrini və Suriyada vəziyyətin necə olduğunu, bundan sonrakı mərhələdə atılacaq addımları geniş şəkildə müzakirə edəcəyik. Hər hansı üçüncü şəxsin iştirakı olmadan müzakirələr aparacağıq”.

Ərdoğan əlavə edib ki, Türkiyə-Rusiya əlaqələrində önəmli bir qərar qəbul ediləcək: “Türkiyə və Rusiya bölgədə iki önəmli ölkədir. Biz bu günə qədər Rusiya ilə münasibətlərdə hər hansı bir səhv görməmişik. İki ölkə arasında ticarətin həcminə baxsaq, bu, çox müsbətdir və daim inkişaf edir. Suriya məsələsi ilə bağlı bəzi zamanlarda çətinliklərlə üzləşirik. Amma istər özüm, istərsə də müdafiə və xarici işlər nazirlərimiz atdığı addımlarla dərhal gərginliyi aradan qaldıra bilirik”.

Ərdoğanın görüş öncəsi verdiyi bu açıqlamanı necə şərh etmək olar? Bölgəni nə gözləyir?

Siyasi ekspert Əli Orucov bildirdi ki, Türkiyə və Rusiya prezidentlərinin sentyabrın 29-da Soçidə planlaşdırılan görüşü region üçün böyük əhəmiyyət kəsb edir. Baxmayaraq Prezident Ərdoğan görüşdə müzakirə olunacaq məsələlər barədə danışarkən Cənubi Qafqazın adını çəkməyib, şübhəsiz əsas müzakirə mövzularından biri Cənubi Qafqaz, xüsusilə Azərbaycan-Ermənistan məsələsi, Zəngəzur dəhlizi və bu qəbildən olan mövzular olacaq: “Rusiya və Türkiyə üçün bu bölgə çox önəmlidir və həllini gözləyən, razılaşdırılmalı olan bir sıra vacib problemlər var. 44 günlük müharibədən sonra ordumuzun zəfəri düzəni kökündən dəyişdi. Azərbaycan ordusunun qələbəsi Türkiyənin mövqelərini gücləndirib. Bu qələbə təkcə regional baxımından deyil qlobal baxımından yeni yanaşmalara yol açdı. Ticari, iqtisadi, kommunikasiya və təhlükəsizlik baxımından yeni imkanlar yaratdı. Bu kimi məsələlərin Ərdoğan-Putin görüşündə müzakirədən kənarda qalacağı gözlənilmir.

Əli Orucov: “Siyasi təşkilatların xaricdən maliyyə dəstəyi alması  yolverilməzdir”

Əli Orucov

Onu da nəzərə almaq lazımdır ki, Rusiya Cənubi Qafqazı özünün təbii nüfuz dairəsi hesab edir və bura digər oyunçuları buraxmaq istəmir. Artıq Türkiyə də təxminən eyni mövqedədir. Məncə, bu görüşdə 10 noyabr bəyanatının tam icrası, Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə əlaqələrinin bərpası, eləcə də bu istiqamətdə yaranan problemlər də dəyərləndirilə bilər. Həmçinin Gürcüstanın Avroatlantika məkanına inteqrasiyası da diqqətə alına bilər. Hər halda Rusiya ilə Türkiyə arasında Suriya məsələsində fikir ayrılıqları olsa da, bu, bizim bölgəmizlə bağlı məsələlərdə uzlaşmaya mane olmayacaq. Ərdoğanın Putinlə münasibətləri barədə son açıqlamaları da bunu deməyə əsas verir".

Ə.Orucov hesab edir ki, Ərdoğan-Putin görüşü və bu iki liderin münasibətlərinin istənilən məsələdə anlaşma əldə etməyə imkan yaradan səviyyədə olması Moskvanın aqressiv siyasətini bir qədər yumşaltmaq baxımından da vacibdir: “Həm prezident Ərdoğan, həm də onun rusiyalı həmkarı Putin bu münasibət və əlaqələrdən məmnun olduqlarını dəfələrlə bəyan ediblər. Azərbaycanın maraqları baxımından bu vəziyyət xeyirimizədir. Türkiyə və Rusiya liderlərinin Soçi görüşündən sonra Azərbaycan-Ermənistan münasibətlərində yeni addımların atılacağı gözləniləndir”.