“Diqqət, uşaqlar!” adı altında hərəkətin təhlükəsizliyi aylığı keçirilir

Yeni dərs ilində ölkəmizin ümumi təhsil müəssisələrində, eləcə də ali, orta ixtisas və digər təhsil ocaqlarında tədrisin ənənəvi şəkildə təşkili küçə və yollarda təhsilalanların, xüsusilə uşaq və yeniyetmələrin yol hərəkəti ilə bağlı həyat və sağlamlıqlarının qorunması işində daha kəsərli tədbirlərin görülməsini tələb edir.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov İlkxeber.org-a bildirirb ki, bu məqsədlə sentyabrın 20-dən “Diqqət, uşaqlar!” adı altında hərəkətin təhlükəsizliyi aylığı keçirilir. 

Onun sözlərinə görə, oktyabrın 20-dək “Diqqət, uşaqlar!” adı altında hərəkətin təhlükəsizliyi çərçivəsində uşaq və yeniyetmələrin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində nəzarət-profilaktiki tədbirlərin gücləndirilməsi ilə yanaşı, onların hərəkət marşrutlarında, təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə yol şəraitinin müayinə olunması, müvafiq yol nişanlarının qoyulması, nişanlanma xətlərinin çəkilməsi və ya yenilənməsi, eləcə də ölkədə mövcud olan sanitar-epidemioloji vəziyyət nəzərə alınmaqla təhsil işçiləri, valideynlər və ictimai təsisatlarla birgə təhsilalanlar arasında maarifləndirilmə və təbliğat-təşviqat işinin daha da canlandırılması nəzərdə tutulur.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi yollarda uşaq travmatizminin minimuma endirilməsi istiqamətində hər kəsi ictimai iştirakçılığa və yol hərəkəti qaydalarına riayət etməkdə azyaşlılara şəxsi nümunə olmağa dəvət edir.