ƏCƏBŞİR VƏ ABİDİNLİ QALASINDAN BAXANDA...

Zahir Məlikli

 
1-ci yazını buradan oxumaq olar: https://ilkxeber.org/news.php?id=47037
 
Ana tərəfdən uzaq qohumum olmasına baxmayaraq, məni hər zaman soraqlayıb soruşan, rast gələndə “yegən”(Sivdaş zonasında bacıoğluna deyirlər) deyib ən dogma adamı kimi bağrına basan gözəl insan, sadə, mehriban, əliaçıq, səxavətli, kasıb insanlardan xidməti müqabilində heç zaman pul almayan Molla Hacı İmranın vəfatı qədim “qartal yuvası” Abidinli kəndinə çoxdan planlaşdırdığım səfərimi artıq məcburi etdi. Hacının da qohumu və həm də yaxın dostu olan Xanoğlan Əhmədovla vədələşdiyimiz vaxt maşınımı onların həyətində saxladım. Şiləvəngə kəndi haqqında birinci yazımda qeyd etdiyim qədim yerləri öz gözümlə görməkdən ötəri “meşə yolu” deyilən çətin keçilən, daş “pilləkənlər”lə hər maşının qalxa bilmədiyi yolu Tahirin idarə etdiyi köhnə “UAZ” markalı maşınla getməli idik. Son vaxtlar Yardımlının bir çox kəndləri asfaltlandığından bir zaman buranın ən prestijli maşını sayılan “UAZ”-lar artıq dəbdən düşmüş, yerini bahalı maşınlarla bərabər sovetin nimdaş “LADA”larına vermişdi. Həmin vaxtlar mənim də belə bir maşınım olduğundan dilini bilsəm də bu ağır dağ yollarında manevr etmək üçün maşının sağlam olması da əsas şərtlərdən biri idi.Mənim qorxduğumu görən Tahirin “narahat olma müəllim, maşının köhnə olmasına baxma, maşallah cin kimidir, məncə sizin də bu maşından olmalı idi, gəlin qabaqda mənimlə yanaşı oturun, birgə idarə edək” deyərək zarafat etməsi məni arxayın etdi və qonağa hörmət əlaməti olaraq bizim hamımızdan yaşca böyük olan Ağasəf abimiz də birinci olaraq arxa oturacaqda özünə yer elədi. Mənim etirazıma baxmayarq o: “Sən qabaqda otur ki, ətrafı da yaxşı görə biləsən, biz buraları çox gəzmişik”, deyə yerini bir az da rahatladı.
Maşınımız Xanoğlangilin həyətindən çıxıb günçıxana doğru yuxarı qalxdıqca adam özünü sanki təyyarədə olduğu kimi hiss edirdi. Yaxaş-yavaş Yardımlının özü və vadiiçi, o üz-bu üz dağların yaxalarına qonmuş kəndləri bizdən uzqalaşaraq aşağıda qalırdı.Əsrarəngiz mənzərə idi. Dözməyib sanki kadrı itirəcəyimin qorxusundan maşını saxlamağı xahiş etdim.Dik yuxarı dırmanan maşının burada saxlanmasının yolverilməz olduğunu bilsəm də, söz ağzımdan çıxmışdı.Tahir azca rahat yer tapıb maşını saxladı. Xanoğlan müəllimin: “Tələsmə, hələ yuxarıdan lap yaxşı görsənəcək”, deməsinə baxmayaraq artıq telefonuma ilk kadrları çəkmişdim. Yuxarı boylanıram, ilahi, hələ biz nə qədər qalxmalıyıq. Aşağı baxıram, Şiləvəngədən üzü aşağı Viləşə və Əsədabad üstünə qədər uzanan geniş bir ərazini əhatə edən düzənliyin buğda tayasına oxşar qızılı rəngi adamı valeh edir. Xanoğlan əlini uzadaraq kəndlərinin aşağısındakı vadinin günbatan tərəfini göstərir:
-Bax, ora “Bazar dərəsi” adlanır. Yaxınlıqdakı Cərcəmil şəhərinin bazarı ora olub. Düz “İpək yolu”nun üstüdür.Bura hər yerdən tacirlər gəlib alver ediblər. Bizim indiki kəndin də adı bu bazarla bağlıdır. Belə ki, buralardakı hansısa məntəqələrin birində yaşayan yeddi qardaş olub deyilənə görə. Birinin də adı Əlirza imiş. Bu qardaşlar vaxt-bevaxt bazara gəlib məhsullarını satırmışlar.Onların bir axsaq kəlləri də var imiş ki, yüklərini ona çatıb gətirər və aldıqlarını da ona yükləyib evlərinə dönərmişlər. Bir gün bunların alverinin yubanmasından və yəqin ki, yemlənməməsindən təngə gələn kəl dartınaraq ipini açır və bazardan uzaqlaşır.Ticarətlərini yekunlaşdıran qardaşlar kəlin yoxa çıxdığını görürlər və axtarmağa başlayırlar.Uzun axtarışdan sonra Əlirza adlı qardaş indiki Şiləvəngənin şərq tərəfindəki meşəliyin ortasındakı talada kəli tapır. Rəvayətə görə, bu axtarış səs sorağa səbəb olduğundan o yerin adı “şil”-“əvəngə”, yəni şıl(çolaq) kəl mənasını verir ki, sonradan bu talada qayıdışdan sonra ilk yaşayış məskəninin salınması və oradan tədricən indiki kənd ərazisinə adlamaları, müasir kəndin də adının buradan qaynaqlandığına səbəb olub. Həmin yerdəki bulağın adı da hazırda “Əlirza bulağı” adlanır.
Sonra Xanoğlan müəllim əlini uzadaraq Yardımlı-Deman yolunun Şiləvəngəyə dönən yerini göstərir:
- Bax, o döngə hissə “Dijəylər” adlanır. İlk kəndin yerləşdiyi yer isə bax o üstü qırmızı dəmirdən olan evin ətrafı olub.Sonra kənd böyüyərək bu ərazini tutub.İndi dayandığımız yerdən sağa və sola iki dərə var. Birinə “Sulu dərə”, digərinə “Quru dərə” deyirlər.Yağış yağanda “Sulu dərə”də su axsa da, “Quru dərə”dən su axmaz. Bax orada “Sulu dərə”nin qırağında, hansı ki, indi onun yanından keçdik, ora “Çanaq” adlanır. Orada bir bulaq var, ağacdan düzəldilmiş çanağa bulağın suyu yığıldığından bulaq və ətrafı belə adlanır.
Maşına əyləşirik, maşın ağır-ağır yenə yuxarı dırmanır.“Kəhlə (narahat) çöl” və “Səhlə(hamar) çöl” deyilən yerləri keçib bir talaya çatırıq. Bura “Xaxolölən” deyirlər. Bu adla da bağlı bir hekayət var. Bolşeviklərin qırmızı ordusu Yardımlıya 1921-ci ildə gəlib çıxıb. Qəhrəman yardımlılar mətanətlə rusların bu işğalına qarşı sinə gəriblər. Ruslar ən böyük müqavimətlə məhz alınmaz qalalar olan bu ərazilərdə qarşılaşıblar. Birinci cəhddə sivdaşlıların, xüsusilə Perimbel, Şiləvəngə, Xanbulaq igidlərinin müqavimətini qıra bilməyən ruslar müvəqqəti olaraq geri çəklmiş, sonra toplarla ordularını gücləndirərək yenidən bu istiqamətdə hücuma keçiblər. Onlar Osnakərən kəndinin yuxarısndakı “Kuluğ” deyilən hündür bir mövqedən Gavran, Ökü, Şiləvəngə, Xanbulaq, Mamulğan və onlar üçün ən böyük əngəl törədən Perimbel kəndini və digər yaşayış məntəqələrini top atəşinə tutublar. Ağır silahların hücumuna tab gətirməyən insanların bir qismi İrana keçmiş, bir qismi əsir düşmüş, bir çoxu da həlak olmuşlar. Ruslar Xanbulaq kəndindən 18 nəfər cavan oğlanı əsir götürərək camaatın gözü qarşısında lüt soyunduraraq Lənkərana aparmışlar və onlardan sonra heç bir xəbər-ətər çıxmamışdır. Kəndləri işğal edən ruslar kəndlərdə qocalardan başqa heç kimin qalmdığının görəndə siyasət işlədərək özlərinə yaxın adamlar tapmış və onlara camaatı və İrana qaçanlar arasında təbliğat apararaq onların geri qayıtrmasını təşkil etməyi tapşırmış və hamının əmin-amanlıq şəraitində yaşayacaqlarına söz vermişlər. Bu adamların təbliğatı ilə bir çoxları Vətən həsrətinə dözməyərək geriyə-doğma yurdlarına qayıtmışlar. Amma müvəqqəti sakitlik yaratsalar da, rusların kəndlərə ayırdıqları meşəbəyilər, komendantlar, töycü yığanlar və digər vəzifəli şəxslər-bir sözlə yerli camaatın “xaxol” adlandırdıqları yadlar yeri gəldi-gəlmədi yerli camaata, xüsusilə bu quruluşu istəməyənlərə qarşı amansız rəftar etmişlər. Belə şəxslərdən biri də rayonun meşəbəyi olan “Xaxol Pavel” adı ilə hamının nifrətini qazanan biri olmuşdur. O camaatı göz açmağa qoymamış, bir çoxlarını meşədən qış günü şələ ilə çırpı gətirəndə belə həbs etdirib qazamata göndərmiş və geri qayıtmamışlar. Bir çoxu isə qış vaxtı soyuqdan tələf olmuşlar.Yardımlıda ölüm hökmü verilən Paveli yalnız Şiləvəngədən kiminsə öldürəcəyinə hamı daha çox inanırdı.Çünki dediyini edən, zülmlə barışmayan adamlar kimi şiləvəngəlilər ad çıxarmışdılar. Pavel daim xüsusi xidmətçilər və ərazini yaxşı tanıyan bələdçilərlə gəzirdi. Paveldən zəhləsi gedən xidmətçilərdən biri Pavelin Ökü kəndinin ərazisindən keçdiyini Şiləvəngəyə xəbər göndərir. Onun hərəkət trayektoriyası əsasən bəlli olmurdu. Şiləvəngə kəndində zirəkliyi və comərdliyi ilə ad çıxaran Sarıbala adlı bir igid var idi. Əvvəlcədən danışıldığına görə Sarıbalaya Pavelin haradan keçməsini xəbər vermək üçün razı salınmış xidmətçi bərkdən: “Qaraquşoturan heeyyy”, deyə qışqırır. Yaxınlıqdakı meşədə gizlənən Saıbala başa düşür ki, Pavel “Qaraquşoturan”dan(bir versiyada “Qaraş outran”) keçəcək. Sarıbala hazırda “Xaxolölən” deyilən yerdə onun qarşısını kəsir. Pavel nə qədər yalvarsa, ona nə boyun alsa da razılaşmayıb Pavelin alnının ortasından bir güllə vurur. Paveli öldürən Sarıbala Çayüzü kəndindəki kamendaturaya gedərək özü təslim olur. O inanırdı ki, Pavelin əməllərini danışsa onu incitməyəcək, həbsini çəkib geri dönə biləcək. Amma ona dəhşətli işgəncələr verilir. Cəsur adam istintaqa aparılan zaman yoldan qaça bilir. Uzun məşəqqətdən sonra kəndinə dönəndə onun başında bir dənə də olsun tük qalmamışdı.Türmədə saçlarını dartıb yerindən çıxarmışdılar. Ailəsi ilə vidalaşan Sarıbala İrana qaçır. Bir müddətdən sonra ətrafda nisbi sakitlik yaranır. Ruslar əhali ilə bir az ehtiyatlı davranmağa başlayırlar. Onların Çayüzü kəndindəki komanda məntəqəsinə “Məceyir” və “Vəlişdi” meşəsində kəsdikləri ağaclardan xəbər tutan Sarıbala gecə ilə adam yığaraq bu ağacları İran tərəfə daşıtdırır.
Şiləvəngədən başqa bir nəfər isə töycü yığan daha bir qəddar rusu “Vurdumdərə” deyilən yerdə öldürür, çola qazaraq ora basdırıb üstünə yekə bir qaya parçası qoyur.Məsələnin üstü xeyli keçəndən sonra açılır.Uzun müddət bura da “Starşinavurulan” adlanıb.Çünki öldürülən o şəxsə starşina deyirmişlər.
Şiləvəngə barədə birinci yazımda “Əcəbşir” adlı qədim kənd yeri barədə məlumat yazmışdım.Və orada göstərmişdim ki, çox güman ki, şiləvəngəlilər məhz Əcəbşirə qayıtmış və ya əvvəllər burada yaşamış, böyük köçdən sonra aşağı, indiki Şiləvəngə kəndinə enmişlər. Maşınımız növbəti yoxuşu qalxıb rahat bir yerdə dayananda: “Bura da sənə danışdığımız “Əcəbşir” adlanır” deyə Ağasəf müəllim dillənir. Qəribə duyğular içərisindəyəm.“Kironci” ilə “Əcəbşir”in arasında yastı təpədə ildırım vurmuş bir palıd ağacı var, ətrafı daşlarla əhatə olunub. Bura “Ocaq” adlanır. Burada vaxtilə bir övliyanın dəfn olunması insanların buranı belə adlandırmasına səbəb olub. Ətrafındakı meşənin içindəki böyük tala var. Qazdıqda altından çıxan müxtəlif qədim məişət əşyaları, qədim evlərin işartıları, ən əsası yaxınlıqdakı qəbristanlıq burada nə vaxtsa oturaq yaşayış məskəninin olmasından xəbər verir.İranda “Əcəbşir” adında şəhərin olması da sübut edir ki, ilk “Əcəbşir” burada olmuş, Böyük köçdən sonra qayıdanlar müxtəlif yerdə dayanaraq özlərinə yurd-yuva salmış, nisbətən böyük qrupla qayıdanlar isə İranda məntəqə quraraq öz doğma kəndlərinin adını bura vermişlər.Əlbəttə, əsil həqiqəti nə vaxtsa tarixçilər və arxeoloqlar deyəcəklər. Amma ərazi və qəbristanlıq ilə tanış olandan sonra məndə belə yəqinlik yarandı ki, qayıdanlar bölgədə nisbi sakitlikdən və dövlət quruluşunun hakim mövqeyinin olduğunu gördüklərindən ətrafdakı yaşayış məntəqələrindən uzaq düşməmək üçün öz doğma “Əcəbşir” kəndlərində deyil aşağı düşmüş, indiki Şiləvəngə kəndinin ərazisində məskunlaşmışlar. Şiləvəngə qəbristanlığının daha qədim olması qənaətindəyəm. Ola bilsin ki, “Əcəbşir”ə heç kim qayıtmasın. Əldə etdiyim məlumatlara görə.ümumi şiləvəngəlilərdən 60 qəmərala(tayfa), 32 kənd yaranıb. Bunlardan 12-si İranda, qalanı isə bizim Azərbaycan Respublikasındadır.Cəlilabadda bir çox kəndlər, o cümlədən Şiləvəngə kəndi bu kənddən köçənlərdən formalaşıb.
Qarmaqarışıq hisslər içərisində yolumuza davam edirik.Yenə daş pilləkənləri adlayıb yoxuşa qalxmaq məcburiyyətindəyik. Növbəti tala “Cihdə"yə (Çəkdə), yəni meşə içərisində tala adlanan yerə çatırıq.Talanın kənarından aşağıdakı və üzbəüz kəndlər sanki qüllənin başından görsənən kimi görünür.Birinci yazıda adını çəkdiyim “Çırtma daş” bizə baxır.“Çırtma daş”ın altında “Çindroni bulağı” var. Yuxarıda haqqında yazdığımız starşina bu bulağın aşağı tərəfində basdırılaraq üstünə yekə bir daş qoyulub.Talanın şimal tərəfi göz işlədikcə qalın meşəlikdir. Aşağı kəndlərin camaatı qış tədarükündən ötəri odun aparmağa bu meşəyə gəlirlər.Yüklü maşınların bu çətin yoxuşları necə qalxıb enmələrini düşündükcə dizlərim əsir. Meşənin içərisində rayonda məşhur olan “Soyuq bulaq” vardır. Burada həmçinin bir çox xəstəliklərə şəfa verən kükürdlü su çeşmələri də mövcuddur.Yardımlının özündən və ətraf kəndlərdən xəstələr bura gələrək bu mineral suların yığıldığı xüsusi hovuzların içərisinə qızdırılmış daşlar ataraq suyu isindirər və içərisinə girərək şəfa tapardılar.
Şiləvəngəli yol yoldaşlarım çox mehriban və zarafatcıldılar.Xanoğlanla Gülbala əmioğludular, hər ikisi Əhmədov gedir. Ağasəf müəllim isə Ağayevdir, ayrı tayfadandır. Xanoğlanın gənc oğlu Səidin bizimlə olmasına baxmayaraq bir-birləri ilə açıq-saçıq zarafat edirlər.Hamımızda xoş əhval ruhiyyə yaradan bu zarafatlar yolun ağırlığını və qorxu hissini öldürür. Arada bütün bunları yazacağımı desəm də, veclərinə almırlar.Digərlərini yaza bilməsəm də birini qeyd etmək istəyirəm. Belə ki, Xanoğlanın babası Əhməd kişinin əlindən hər iş gəlsə də mal növbəsinə getməkdən xoşu gəlməz, həmişə uşaqları yollayarmış. Mal növbəsi də ağır işdir. Bütün kəndin naxırını aparmalı, qalın meşəlikdəki talalarda otarmalı, həm vəhşi heyvanlardan qorumalısan, həm də axşam evə qayıdanda meşəlikdə yayınıb qalmalarına imkan verməməlisən.Uşaqlar da hər dəfə mal növbəsinə gedəndə mal-qaranaın bir neçəsini itirərmişlər və bu da cammatı narazı salırmış.Ona görə də, Əhməd kişidən özünün mal növbəsinə getməsini tələb edirlər.Beləliklə, növbəti dəfə malları meşəyə otarmağa Əhməd özü aparır.Ancaq axşam naxırın heç biri meşədən qayıtmır.Kəndə səslənir ki, bəs malları itirmişəm.Camaat neçəsini itirdiyini soruşanda Əhməd kişi qayıdır ki, “bəs mən uşağam ki, birini, ikisini itirəm, malların hamısı yoxdur”. Camaat day heç nə deməyib tökülüşüb meşədən heyvanları tapıb aparırlar kəndə və bir də Əhməd kişini növbəyə getməyə qoymurlar…
Enişi düşüb yenidən bir talaya çatırıq. Bura “Bil” adlanır. Burada da yaxşı bulaqlar var, bu bulaqların suyu axıb yaxşı bir göl yaradıb burada. Bəlkə də buranın adı “Bil” yox elə göldür.Təəssüf ki, bulaqları aşağı kəndlərə çəkdiklərindən, ya da havaların isti keçməsindən göl quruyub.
Yenidən sərt yoxuş və sonra yenə böyük bir tala. Bura “Panilər” adlanır.Yenə talanın cənub tərəfi əsil seyrəngahdır. Ayağımızın altında Mamulğan kəndi, üzbəüz Garsava, Kürəkçi, Avaş kəndləri, sanki əlini uzatsan çatacaq.Əks tərəfdə meşənin o üzündə isə vaxtilə köçürülərək xaraba qoyulmuş Avaraq kəndinin ərazisidir.
Yaxınlıqda Mamulğan qalasının xarabalıqları durur.Şimal qərbdəki uca zirvəyə “Savalangörünən” deyilir. Bu ətrafdakı meşələr də bulaqları ilə məşhurdur.
Yeni bir təpəni aşıb geniş bir düzənliyə çıxırıq.Təpənin başındakı 3-4 ağacın ətrafına toplanmış daşlar uzaqdan diqətimi cəlb edir. Sürücü maşını düz ora sürüb bir az aralıda saxlayır. Düşən kimi bunun səbəbini anlayıram. Bura da qədim bir qəbristanlıqdır. Daşlar toplanan yer isə burada da “Ocaq” adlanır – “Cerinbel ocağı” deyirlər. Bura Mamulğan qalasının qərb huissəsidir. Burada Xıdır İlyas adlı övliya dəfn olunduğuna görə ocaq deyilir. Ərazi isə “Gürdi” adlanır. Bu övliyalar üç qardaş olublar.Xıdır İlyas burada dəfn olunub. Pirə Şahverdinin məzarı qədim Pirdodan kəndindədir. Hazırda İranla sərhəddə neytral ərazidə qalıb. Kənd 1953-cü ildə köçürülüb. İndi yeri boşdur. 3-cü qardaş Pirə Mahmud qədim Oncakələ kənd qəbristanlığında dəfn olunub. Bu kənd də 1953-cü ildə köçürülüb. Hər üç övliyanın məzarları yerli camaat arasında müqəddəs yer, ocaq kimi tanınır. Amma dünya malını bütün mənəvi dəyərlərdən üstün tutanlar Xıdır İlyasın qəbrini və ətrafdakı məzarları da eşiblər.Yol boyu rast gəldiyimiz demək olar ki, bütün şübhələndikləri daşların altına müdaxilə edilib.
“Cerinbel ocağı”ndan Abidinli kəndinə qədər geniş ərazilər uzun müddət, sovet dövründə əkilib, becərilib.Yol yoldaşlarımın dediyinə görə buralarda yaxşı taxıl olurmuş. Bu çətin yolları ağır kombaynların necə çıxıb-düşdüyünü xatırladıqca adamı vahimə bürüyür. O qədər texnikalar bu sərt qayalardan aşağı yuvarlanıb ki...
Abidinliyə doğru sonuncu təpənin başına çıxanda “Abidinli qalası” bizimlə üzbəüz dayanır. Dostumuz Nəsib müəllimin evi də düz qala ərazisinə bitişikdir.Buradan sağa Yeni Abidinliyə yol ayrılır.Bu yolun ayrıcından da Xanbulağı kəndinə düşürsən.Yeni Abidinlinin də yeri qədim yaşayış məskəni olsa da bura köçənlər Abidinli kəndindən gələnlərdir. Xanbulağı kəndi isə 1950-ci ilə qədər böyük kənd olmuşdur.Stalinin məlum qərarı ilə Yardımlıdan köçürülən kəndlər içərisində Xanbulağı kəndi də olmuşdur.Yalnız son vaxtlar bu kəndə qayıdış baş vermiş və hazırda burada əvvəlki kəndin yerində yenidən yaşayış canlanmışdır.
Abidinliyə gələcəyimizdən Nəsib müəllimlə bərabər Tapdıq müəllim də məlumatlı idi.Maşınımızı elə kəndin girəcəyində olan qəbristanlığın yanında saxlayırıq.Maşına rahat yer tapıb rahlayana kimi Hacı İmranın oğlu, Tapdıq müəllim və hacının kürəkəıni özlərini bizə çatdırırlar. Biz Hacının qəbrini ziyarət edirik. Hacının həm də tələbəsi olan kürəkəni “Yasin” surəsini oxuyur.Sonra hər birimiz hacı barəsində xatirələrimizdən danışırıq.
Molla İmran Mirzəkişi oğlu Ağazadə 01 sentyabr 1939-cu ildə Yardımlı rayonunun Köhnə Abidinli kəndində anadan olub, vəfat edəndə 82 yaşı var idi. O çox gümrah qalmışdı. Elə bu ilin mart ayında Şəfəqli kəndində dayım Himayət müəllimin hüzür məclisində son dəfə görüşmüşdük. Dayımın vəfatının ikinci günü yetişə bilmişdim. Məclisdə ikən Hacı İmran gəlib çıxdı. Əyləşdikdən sonra məni gördü və bu hörmətli ağsaqqal kişi: “bağışla yegən, səni görmədim”, deyə mənimlə görüşmək üçün yerindən qalxmaq sitəyəndə təbbi ki, mən əziyyət çəkməsin deyə özümü ona çatdırdım. Bir il əvvəl necə görmüşüdümsə ondan da gözümə yaxşı dəymişdi. Məlum oldu ki, vaksin vurdurmağa rayon mərkəzinə getdiyinə görə məclisə gecikib. Deməyinə görə vaksinlərini vurdurub ki, yollar açılan kimi ənənəvi ziyarət səfərlərinə maneəsiz gedə bilsin. Amma öyrəndim ki, mənfur xəstəlik əslində özünü dekabr ayından büruzə veribmiş. Hamının Hacı və ya Mirzə İmran kimi tanıdığı bu şəxs səlis danışığı, yaşına uyğun gəlməyən qıvraqlığı, mehribanlığı, sadəliyi qədər də kübar rəftarı və ən çox da səxavətli və əliaçıqlığı ilə böyük hörmət qazanmışdı.Hamı onun kasıb sayılan şəxslərdən heç vaxt pul götürməməsini qeyd edirdi. Hətta bir dəfə məktəbli bir uşaq təsadüfən vəfat edir.Uşaq yuyularkən onun üzünü görən Hacı İmran çox təsirlənmiş vəziyyətə düşür. Uşağın məsumluğu və gözəl çöhrəsi Hacını həddən ziyadə kədərləndirir və dözməyib ağlayır. Axşam evə gedərkən ona pul təklif edəndə əsəbiləşərək, “siz bununla məni təhqir edirsiniz” deyir.
Nəsillikcə islami dəyərlərə riyaət edən Hacı İmran da özünü bu sahəyə həsr etmiş, bölgədə xüsusi bilik sahibi kimi ad çıxarmış Axund Qələmdən, Molla İsaqdan dərs almış, rayonun nüfuzlu din xadimləri olan Molla Manaf, Mirzə İnşallah və digərləri ilə birlikdə məclislər idarə etmiş, çətin fəlsəfi sualların öhdəsindən bacarıqla gəlmişdir. O, aşağıda söhbət açacağımız həm din, həm də sosial sahədə böyük nüfuz sahibi olan Hacı Rəhimin qardaşı oğlu idi.
Hacını ziyarət etdikdə sonra Tapdıq müəllimin yaxınlıqdakı evlərinə getdik. Saf dağ bulaqlarının samovar çayından içə-içə bir xeyli söhbət etdik. Ev yiyəsinin xüsusi səliqə ilə açdığı halal süfrəsində günorta yeməyimizi yeyənə kimi Nəsib müəllim də rayon mərkəzindəki vacib işini tələsik həll edərək özünü yetirdi.Nəsib müəllimin də bağında açdığı çay süfrəsində söhbətimizi davam etdirib demək olar ki, onun evinə bitişik “Abidinli qalası”ının xarabalıqları da itib-batan yerini ziyarət etdik. Burada sadəcə qalanın yeri qalıb. Buradan hər yer görsənir. Günbatan istiqamətində “Cikeyir” (“Cikoyr”) zirvəsindən tutmuş “Deman vadisi” üzü aşağı çay içi qalalar və dumanlar içində itib batan cənub-şərq üfüqlərində sonda Xəzər dənizi, əks tərəfdə “Qaraca dağ”ın fonunda “Cerinbel qalası”, şimal -qərbbdə dərənin sağ sahilində “Ağsatan”, sol sahilində isə “Oncakələ” kəndinin xarabalıqları və övliya Pirəmahmudun da qəbri olan qədim Oncəkələ qəbristanlığı. Yeri gəlmişkən “Cikoyr” tilinin adı sərhəd miləsi kimi Türkmənçay sülh müqaviləsində qeyd olunub. Bu müqavilədə İranla Rusiya sərhədlərinin ayrıcını ifadə edən üç nöqtədən biri Yardımlıdakı bizimlə indi üzbəüz dayanan “Cikoyr zirvəsi”, biri hazırki Alar-Lerik səddində olan “Kömürgöy” və Cəlilabadda “Sarıqamış” ərazisi qeyd olunub. Müqaviləyə görə,“Cikoyr” zirvəsindən Xəzərə tərəf axan sular zonası rus torpağı, İran tərəfə axan hissəsi isə İran torpağı sayılırdı.
Aşağıda demək olar ki, ayağımızın altında köhnə Giların bir neçə evdən ibarət kəndi və dərənin o biri tayında ənənəvi olaraq qədim qəbristanlıqlar üçün xas olan təpənin başında qədim qəbristanlıq aydın görsənir.
Köhnə Abidinli kəndi Yardımlı rayonunun ən kiçik kəndlərindən biridir.Kəndin salınma tarixi XIX əsrin 50-ci illərinə təsadüf edir.Cerinbel kəndindən çıxan bir ailə-Abidin kişinin övladları tərəfindən kəndin əsası qoyulub. Kəndin torpaq sahəsi Cerinbel kəndinə məxsus Rufulla bəyin icma torpağı olub. Kəndin özü isə qədim Sasanilər dövrünün uçuq-sökük qalasının ətəyində yerləşib. Kəndin Qala-kitabının ətəyində küp qəbirlər, Şərq çıxacağına isə 5 minillik yaşı olan qutu-katakonba qəbirlər müəyyən edilmişdir. Abidinli kəndi bu ada XX əsrin əvvəllərində , ötən əsrin 30-cu illərində sahib olub. Cerinbel kəndinin bəyi Rufulla bəyin Bulaqlar deyilən ərazisində Abidinli kəndi belə meydana gəlib. Hazırkı Abidinli kəndinin yerləşdiyi ərazidən soldan böyük qəbristanlığı olan, qədim bir kəndin qalıqları var. Həmin əraziyə el yaddaşında “Gürdi” deyilir.Onun ətrafında övliya deyilən Xıdır İlyasın qəbri mövcuddur. Abidinli kəndinin sağ tərəfində , kənddən 1 km. aralıda “Ağsatan” deyilən qədim bir yaşayış məskəninin qəbristanlığı ilə ev yerləri qalıb. “Ağsatan” deyilən kənd yerinin qəbristanlığında 2 qoç daş heykəl də var idi.“Ağsatan”a bitişik “Oncakələ” deyilən yerdə xalq tərəfindən “Ocaq” adlanan yerdə də, deyilənə görə “Gürdi” kəndindəki övliya Xıdır İlyasın qardaşı Pirə Mahmudun müqəddəs qəbri yerləşir. Bu övliya qardaşlardan böyük qardaşın qəbri isə 1953-cü ildə köçürülmüş Pirdodan kəndində olan Pirə Şahverdinin qəbridir.Ağsatan və Oncakələnin arasında dərə var. Dərənin bir tayı Oncakələ, digər tayı isə Ağsatandır. Abidinli kəndinin ətrafında başqa yiyəsiz qəbristanlıqlar da mövcuddur.Bunlardan biri “Cəfər kolatı” deyilən əkin sahəsinin meşəyə bitişik yerindədir.“Gürdi”yə bir kilometr yaxın yerdədir.1970-ci ildə Abidinli kəndinin bir qrup adamı yeni kənd saldılar.Bu kənd də Yeni Abidinli adlanır.Həmin kəndin yerində də qədim qəbristanlıq mövcuddur. O yerlərin qədim adı da “Kor Astıq” adlanır. Guya rayonun Köryədi kəndinə köçənlərin bir qardaşı da “Kor Astıq” olub.Onun yaşayış yeri bura olub. Kəndin ətrafında “Ocaq yeri” və məşhur “Əli bulağı” var. Qoşa bulağı da bu kəndin yerləşdiyi yerdədir. Kəndin ortasında isə “Kəhriz” adlanan sulu bir bulaq da var. Kəndin üstündəki dağa “Qaraca dağ” deyirlər. Pirdodan 1953-cü ildə ilk köçürülən kənddir. Bu kənddən köçürülənlərin böyük əksəriyyəti Əsədabad kəndində yaşayırlar. Övliya Pirə Şahverdinin qəbri o kənddə qalıb. Kənd Perinbel kəndindən şimalda yerləşir.İndi neytral zonada zolağın içindədir.
Keçmiş Məceyir kəndinin xarabalıqları yaxınlığında adına Pirəşahverdi deyilən köhnə bir yurd yeri də var. Nə vaxt kənd, ya da oba olması haqqında elə bir tutarlı məlumat yoxsa da, buralar uzun illər İranla Şimali Azərbaycan ərazisinin kəsişdiyi mövqedə yerləşdiyindən həmin sahədə çar Rusiyası dövründən ta indiyədək vaxtaşırı müxtəlif rejimli hökumətlərin sərhəd zastavaları fəaliyyət göstərmişdir. Adı Yardımlı bölgəsində o qədər də tanınmayan Pirəşahverdi yurdu bu yerlərdən çox-çox uzaqlarda-Mərkəzi Rusiyada bir nəfər adlı-sanlı “sakin”inin sayəsində məşhur olmuşdur. Yardımlı qəsəbəsinin sakini, gözəl müəllim, rəhmətlik Şükür Abdulov Moskvada təsadüfən rast gəldiyi aviasiya generalı Vasili Petroviçlə yolüstü söhbətlərində o özünü Azərbaycan övladı, yardımlılı kimi təqdim edən bu rus balasına inanmaq istəməmişdir. Lakin müsahibi təqdim etdiyi şəxsiyyətini təsdiq edən sənədləri, habelə mətbuat və müxtəlif yerlərdəki qeydlərinin altında qoyduğu Piraşahverdi (Piraşaxverdinski) təxəllüsünü göstərəndə, doğrudan da, generalın 1946-cı ildə Azərbaycan Respublikasının Yardımlı bölgəsinin Pirəşahverdi məntəqəsində dünyaya göz açdığı, uşaqlıq illərini məhz burada keçirdiyi məlum olmuşdur. Pirəşahverdi sərhəd məntəqəsində zastava rəisi leytenant Onçikovun ailəsində doğulan general Vasili Petroviç ayrılarkən təzə tanış olduğu “həmyerlisinə” avtoqraf yazılmış qiymətli bir kitab da bağışlamış, yaxın zamanlarda doğulduğu yurda- Pirəşahverdiyə gəlmək niyyətində olduğunu söyləmişdir.Anadan olduğu torpağın şərəfinə özünə Pirəşahverdili(Piraşaxverdinski) soyadı götürmüş general Qarabağ münaqişəsində həmişə Azərbaycan mövqeyini müdafiə edib (bu məlumat M.Həsənovdan götürülmüşdür). O ərazidə Ərvərəz kəndi də var. Bu kəndin ərazisində də Sasanilər dövrünə aid qutu qəbirlər və eyni zamanda qədim müsəlman qəbristanlığı var. Son 30 ildə sahibsizlikdən dəfinə axtaranlar tərəfindən dağıdılıb (Bu barədə Perimbel səfərlərimizdə daha ətraflı yazacağıq).
Deməli, çoxlu xaraba kənd və ya oba yerləri və qəbristanlıqlar bu ərazilərin vaxtı ilə indikindən qat-qat çox insanların yaşamasını göstərir və fikrimizi isbat edir ki, bu kəndlər çox güman ki, səlcuqların buralardan şərqə, Anadolunu və İstanbulu daimilk fəth etmək üçün yürüşü-Böyük köç zamanı boşaldılmışdır. Bu köç zamanı bütün obalardakı ər igidlər səlcuq ordusuna qatılmış, əhali isə yeni yurd yerlərini tutmaq üçün məcburi yurd-yuvalarından didərgin salınmışdır. Etdiyim müşahidələrimə görə uzun illər, bəlkə də bir neçə əsr köçürülən bu ərazilərdə oturaq yaşayış mövcud olmamış, bu yerlər ancaq orduların yürüş məkanları olmuşdur.«Bir zamanlar Yardımlı.Qayıdış» kitabında bu barədə ətraflı yazacağımızdan hələ ki, bununla kifayətlənirik.
Abidinli kəndində yaşamış, adı xüsusi olarq çəkilən şəxslərdən biri də Hacı Rəhim Məşədi Həsən oğludur. O, 1879-cu ildə Abidinli kəndində varlı kəndli ailəsində anadan olmuşdur. İlk təhsilini Cerinbel kəndində əslən Cənubi Azərbaycandan bura gəlmiş Molla Xanışdan almışdır.Sonra Çayüzü kəndində məşhur din alimi, Ərdəbil təhsilli axunda Molla Tağıdan (Axund Molla İsağın atası) təlim aldıqdan sonra onun məsləhəti ilə Ərdəbilə getmiş və orada “Hacı Əkbər” mədrəsəsində orta ümumtəhsil məktəbini bitirmişdir. Ali dini təhsilini isə İraqın Nəcəfül-əşrəf şəhərində fiqh ixtisası üzrə hüquqşünas təhsilinə yiyələnmişdir.1900-cu illərdə yaşadığı Abidinli kəndinə dönmüş və islami biliklərin yayılmasında böyük xidməti olmuşdur. Nəcəf şəhərindəki ali ruhani təhsillə yanaşı fenomen bilik sahibi olması, onun Höccətül-islam və nayibül-imam dini rütbələrə yüksəlməsinə vəsilə olmuşdur. Ona bu rütbəni məşhur islam alimi Əbül Həsən İsfəhani(1860-1946) şəxsən özü təqdim etmişdir. Hacı Rəhim 1904-cü ildə Məkkədə həcc ziyarətində, 3 dəfə Kərbəla ziyarətində, 11 dəfə isə Məşhəd ziyarətində olmuşdur. O, 1936-cı ildə də qaçaq yolla Kərbəla ziyarətinə getmişdir. Ərəb, fars, rus dillərini mükəmməl bilirmiş. 30-cu illərdə Yardımlı rayon partiya komitəsinin birinci katibi işləmiş Məmmədzadə onun Ərdəbildən tələbə yoldaşı olmuşdur.Sonradan M.C. Bağırovun Təhlükəsizlik naziri təyin etdiyi Yaqub Quliyev də o zaman Perinbel kəndində əks-kəşfiyyat komandiri (kontrrazvedka) işləyirdi.Hacı Rəhim perimbelli Seyyid Məşədi Cəbrayılın qızı Tamam xanımın Yaqub Quliyevlə evlənməsində ağsaqqallıq etmişdi. 1937-ci il tuthatutunda həm Yaqub Quliyev, həm də raykom katibi Hacının repressiyadan yayınmasında yardımçı olmuşlar. 48 nəfər yüksək çinli Yardımlı ali dini ruhanilərin içərisində( o cümlədən Hamarkənddən Molla Lətif, Solqarddan Molla Vahab, Osnakərəndən Mir Səttar, Ostayırdan Molla Bilal, Molla Məlik, Horavardan Molla Nəhmət və s.) içərisindən yeganə şəxs idi ki, bu iki dostunun hesabına təqibdən yaxasını qurtara bilir və İran dövlətinə keçməsinə də kömək olunur. 1937-ci ildə İrana mühacirət edən Hacı Rəhim orada rəsmi olaraq Rəhim Həmidi adı ilə İran vətəndaşı kimi qeydiyata düşərək Ərdəbil vilayəıtinin Germi nahiyyəsinin Qozlu kəndində məskunlaşır.Hacı Rəhim İranda yaşayarkən Ərdəbilin və Qum şəhərinin dini hövzələrində müfəttiş kimi dərs keçmiş, Ərdəbil üzrə Şəriət məhkəməsinin nümayəndəsi olmuşdur. Hacının tələbələri içərisində 13 müxtəlif ali dərəcəli din alimi yetişmişdir. Onun tələbəsi olan Fazili Lənkərani müctəhid ali dini rütbəyə qədər yüksəlmişdir. Hacı Rəhim daimi məskunlaşdığı Qozlu kəndində 1956-cı il dekabr ayının 21-də vəfat etmişdir. Azərbaycan respublikasında qalan övladları əlaqələr bərpa olunduqdan sonra valideynlərinin qəbrini ziyarət etmişlər.
Hacı Rəhimin ilk həyat yoldaşı Çayüzü kəndində yaşayan böyük din xadimi, həm də müəllimi Axund Tağının qızı (Molla İsağın bacısı) Ağabəyim xanım olub. Ağabəyim xanım 1930-cu ildə uşaq dünyaya gətirərkən vəfat edib. Hacının Ağabəyim xanımdan iki oğlu olub: Əbülfəz və Həsən. Əbülfəz dini təhsil almaq üçün İrana gedib və Şimali Azərbaycanda sovet hökuməti qurulduğundan vətənə dönməyib. Tanınmış din alimi olan Əbülfəz 1950-ci ildə Germi şəhərində vəfat edib. Həsənin isə 5 oğlu olub və hamısı ali təhsil alıblar. Onlardan Həsənov Qəzənfər Həsən oğlu(1946-2006) tibb elmləri namizədi olmuş və 20 ildən artıq Tibb Universitetində müəllim işləmişdir.
Hacı Rəhim 1931-ci ildə Abidinli kəndində yenidən Fatimə adlı bir xanımla ailə qurmuş və 1932-ci ildə ondan Hüseyin adlı bir oğlu olmuşdur (Nəsib müəllimin atası).Hüseyinin 8 oğlu olmuşdur. Onlardan üçü ali təhsillidir ki, biri də dostumuz Nəsib müəllimdir. Mən Nəsiblə 1978-ci ildə tanış olmuşam. Onda 16 yaşım var idi. Yaşıdlarımdan bir il tez orta məktəbi qurtaran ili indiki Pedaqoji Universitetin kimya-biologiya fakültəsinə qəbul olunmuşdum. Onda Nəsib ədəbiyyat fakültəsinin sonuncu kursunda oxuyurdu.Tale elə gətirdi ki, yataqxananın eyni mərtəbəsində qalmalı olduq.Əslində bu mərtəbədə ədəbiyyatçılar qalırdı.Mən Nəsibi burada gördüm və bir yerli kimi onunla fəxr elədim.Söhbət əsnasında məlum oldu ki, biz həm də ana tərəfdən yaxın qohumuq. O əlaçı olmaqla bərabər, öz əxlaqı, düşünülmüş ağıllı rəftarı, geniş erudisiyası, vaxtından tez püxtələşən dünya görüşü, hərtərəfli savadı ilə institutda, yataqxanada nəinki tələbələr arasında, eləcə də rektordan tutmuş, fakültənin bütün professor - müəllim kollektivi arasında böyük nüfuza və hörmətə malik idi. Mən bunun canlı şahidiyəm. Bunları bildiyimdən Nəsibin doğma da olsa ucqar, dağların başındakı bir kənddə ilişib qalacağına heç inanmırdım.Onun nə vaxtsa mütləq şəhərə qayıdaraq elmlə məşğul olacağına əmin idim.Amma Nəsib qayıtmadı və əslində açıq deyirəm, nəinki Nəsib özünü tapmadı, Azərbaycan elmi əla bir tədqiqatçı alimini itirdi. Nə yaxşı ki, Nəsibin oğlanları bu boşluğu doldurdular. İndi bu gənclər atalarının bəlkə də onlara görə deyə və edə bilmədiklərini həm elm sahəsində, həm də tutduqları məsul işlərdə deyə bilirlər. Nəsibin oğlanlarından Hüseyin Həsənli Türkiyənin İzmir şəhərindəki Ege Universitetində bilgisayar üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almış, Qərb Universitetində, Bakı Mühəndislər Universitetində pedaqoji fəaliyyətlə məşğul olmaqla bərabər, Prezident Aparatının informasiya şöbəsində məsul vəzifə daşıyır. Nəsib müəllimin digər oğlanları da ali təhsillidirlər, onlardan biri olan Vurğun Həsənli də Türkiyədə Tarix İnstitunun doktorantıdır. Biz Nəsiblə dayıoğlu, bibioğlu sayılırıq.
Beləliklə Hacı Rəhimin nəvələrindən 2-si elmlər namizədi, 1 doktorant, 20 nəfərdən yuxarısı ali təhsillidir.
Hacı Rəhim İrana mühacirət etdikdən sonra orada Qozlu kəndində (Yeri gəlmişkən Qozlu kəndində məskunlaşanların demək olar ki, hamısı Perimbeldən köçmə insanlardır, sovet hökumətinə qarşı çıxaraq vuruşmuş, mümkün olmadığını görüb İrana mühacirət etmişlər. Şura hökumətinə qarşı mübarizə aparanlardan adı tarixə düşmüş Qaçaq Sadatxanın da qəbri Qozlu kəndindədir. Mən də bu kənddə olmuş, yerli camaatın xatirələrini canlı olaraq eşitmişəm. Məsələn İranda Azərbaycan Demokratik Respublikasının qurulmasında xidmətləri olan Mirabdulhüseyin xan da bu kənddən olub) əslən perinbelli-xəlfəli qızı olan Rüxsarə adlı bir seyyidə xanımla evlənmiş və ondan da iki oğlu olmuşdur və oğlanlarına həsrətində olduğu övladlarının adını qoymuşdur: Qulamhəsən və Qulamhüseyin.
Bəli, hər gəlişin bir gedişi də var. Dostlarla xudahafizləşib dərin təəssüratlar, bir vaxtlar kimlərinsə oylağı olmuş xaraba yurdlardan aldığım kədərli duyğularla başqa bir yolla qartal yuvasından Cerinbel kəndinə enirik, oradan Mamulğan və Ökü kəndlərindən keçməklə Xanoğlan müəllimgilin həyətinə dönürük…
 
Yardımlı, avqust 2021