Bu gün Milli Məclisin növbədənkənar sessiyası başlayır

Bu gün Milli Məclisin növbədənkənar sessiyasının ilk plenar iclası keçiriləcək.

Toplantıda "Milli Məclisin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında" məsələ müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, Milli Məclisin 53 deputatı qanunverici orqanın növbədənkənar sessiyasının çağırılması üçün spiker Sahibə Qafarovaya müraciət edib. S.Qafarova deputatların tələbini nəzərə alaraq, avqustun 3-də Milli Məclisin növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb.

Xatırladaq ki, iyulun 29-da saat 01 radələrində Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olan material Baş Prokurorluqda araşdırılıb.

Toplanan material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

Hazırda iş üzrə intensiv istintaq hərəkətləri aparılır.