“Jirinovskinin Azərbaycan əleyhinə dedikləri absurd və marazm olmaqla yanaşı, həm beynəlxalq hüquqa, həm də Rusiyanın maraqlarına ziddir”.
Rusiya Liberal-Demokrat partiyasının sədri Vladimir Jirinovskinin Azərbaycan əleyhinə səsləndirdiyi fikirləri İlkxeber.org-a şərh edən jurnalist Elçin Alıoğlu belə deyib.
Onun sözlərinə görə, Jirinovski Rusiya siyasətində kütləyə hesablanmış fiqurlardan biridir:
“Artıq onillərdir ki, Jirinovski ona tapşırılan rolu ustalıqla yerinə yetirir. Bu “aktyorun istedadı”nı və ya təlxəkliyini mən də qəbul edirəm. Çünki Rusiya siyasəti sirkə bənzəyir. Sirkdə akrobatlar və fillərin çıxışları arasında fasilə yaranarkən, arenaya klounlar daxil olur. Jirinovski də bu rolu yerinə yetirir. Digər yandan, Kremldə müəyyən dairələr var ki, onlar öz sözlərini həmişə Jirinovski vasitəsilə deyirlər. Bununla da kütlələrin nəbzini və ya ictimai fikri yoxlamağa çalışırlar.
Jirinovskinin dediklərini heç vaxt ciddi qəbul etməmişəm. Heç ciddi siyasətçi də deyil. Amma onun qeyri-ciddi olması o demək deyil ki, Jirinovskinin dedikləri ilə barışmalı, heç nə olmamış kimi davranmalı, laqeyd yanaşmalıyıq. Qətiyyən belə deyil. Rusiya və Azərbaycan arasındakı münasibətlərin çoxəsrlik tarixi var. Son onillərdə dövlət başçıları arasındakı şəxsi münasibətlərin ölkələr arasındakı əlaqələrə müsbət təsir etməsi və bunları keyfiyyətcə yeni səviyyəyə qaldırması, təbii ki, Rusiyada çoxlarını narahat edir. Jirinovskinin dedikləri də absurd və marazm olmaqla yanaşı, həm beynəlxalq hüquqa, həm də Rusiyanın maraqlarına ziddir”.
Jurnalist Jirinovskinin Azərbaycan və digər ölkələr əleyhinə səsləndirdiyi absurd fikirlərin arxasındakı siyasi maraqlara da diqqət çəkib:
“Jirinovski həmişə şovinizm mövqeyindən çıxış edir. Rusiya sərhədlərinin SSRİ və ya ondan əvvəlki çərçivədə bərpasını tələb və təklif edir. Amma onun təklifi heç vaxt reallaşmayacaq, bunu özü də bilir. Sadəcə olaraq, Rusiyada bu il və gələn il seçkilər keçiriləcək. Əvvəl parlament, sonra prezident seçkiləri olacaq. Bu seçkilər ərəfəsində də Jirinovski kimi siyasətçilər Rusiyada böyük güc təşkil edən təqaüdçülər, aztəminatlı ailələr və ya maddi rifahı yüksək olmayan təbəqələrə xitab edir. Bu xitab da onların səslərini almağa hesablanıb. Onlar siyasi baxışları tez dəyişən və ya oynaq olan təbəqələrdir. Onlar öz maddi problemlərinin səbəblərini özlərindən başqa hamıda axtaran insanlardır. Jirinovskinin elektoratını da bu insanlar təşkil edir. Jirinovskiyə verilən tapşırıq da bu insanların mövqelərini müəyyən etmək və onları yoxlamaqdır.
Əgər bu gün Jirinovski Azərbaycan əleyhinə belə bir bəyanatla çıxış edirsə, mənim şübhəm yoxdur ki, sabah Ermənistan, birigün Gürcüstanın, sonra Tacikistan və digərlərinin əleyhinə belə sərsəm bəyanatlar verəcək. Məsələn, bu adamın fikrincə, Ukrayna adlı dövlət yoxdur, Polşa SSRİ-nin əlindən çıxardığı şansdır, Gürcüstan ümumiyyətlə olmamalıdır – knyazlıq və ya quberniya kimi Rusiyanın tərkibində olmalıdır. Yaxud Jirinovski hesab edir ki, Orta Asiya ölkələri də ümumiyyətlə olmamalıdır. Amma bu ölkələrin özlərində də Jirinovski ciddiyə alınmır. Bu insanı sadəcə həmişə nəyisə yoxlamaq istəyən kloun kimi xarakterizə edirəm”.
Elçin Alıoğlu 44 günlük Vətən müharibəsindəki qələbəsindən sonra bəzi qüvvələrin Azərbaycana qarşı fəallaşdığını vurğulayıb:
“Təbii ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbə dostlarımızı sevindirdiyi kimi, düşmənlərimizlə yanaşı, bəzi siyasi dairələri də təlaşlandırıb. Azərbaycan bu qələbəsi ilə Cənubi Qafqazda yeni geosiyasi reallığı təsdiqlədi. Yeni reallığı cənab prezidetimizin bilavasitə komandanlığı ilə biz formalaşdırdıq. Əgər kimsə deyirsə ki, müharibədə informasiya savaşını o aparıb – yalan deyir. Müharibədə informasiya savaşına da rəhbərlik edən cənab prezident idi. Bu aydın məsələdir. Təbii ki, müharibədən sonra Azərbaycanın inkişaf və tərəqqisini istəməyən qüvvələr fəallaşıblar. Azərbaycana qarşı açıq informasiya müharibəsinə keçiblər. Buna görə də siyasətdə jiriovskikimilər bundan sonra da olacaq və buna alışmalıyıq. ABŞ dolları deyilik ki, hamı bizi sevsin”.
© 2020 - Created by İLK XEBER.