Xankəndidə əsgərimizi gözləyirlər: Ordumuzun tezliklə bu Azərbaycan şəhərinə girəcəyindən əmindirlər

Ermənilər doğru olaraq, narahatdırlar ki, Rusiya sülhməramlıları onları uzun müddət qoruya bilməz; Onlar üçün Azərbaycan vətəndaşlığının yeganə alternativi, ən geci Rusiya sülhməramlı qüvvələri ilə eyni vaxtda Azərbaycan ərazilərini tərk etmək ola bilər...

Ermənistan cəmiyyətində deqradasiyaya prosesi başlayıb. Bu düşmən ölkənin əhalisi arasında ruh düşkünlüyü, psixoloji çöküş mərhələsi yaşanır. Və ermənilərin bu durumdan yaxın vaxtlarda çıxması o qədər də asan olmayacaq.

Məsələ ondadır ki, Ermənistan cəmiyyətində artıq ölkənin gələcəyinə şübhə ilə yanaşırlar. Ermənistanın nə vaxtsa inkişaf edəcəyinə, müasir və sivil dövlət olacağına inanmırlar. Hətta Ermənistanın ümumiyyətlə, normal dövlət quruculuğu prosesinin iflasa uğradığını da elə özləri arqumentləşdirməyə çalışırlar.

Maraqlıdır ki, əsas arqumentlərin sırasında Ermənistanın öz mövcudluğunu məhz Rusiyanın for-postu olmaqla, təmin etməsi xüsusi yer tutur. Bu ölkədə dövlət sisteminin və siyasi idarəçilik ənənələrinin yaranmadığı vurğulanır. Və ermənilər üçün ən optimal mövcudluq variantının məhz yenidən Rusiyanın tərkibinə qayıdıb, quberniyaya çevrilmək olduğu iddia edilir.

baf4e1ba-af1f-4f6f-8707-e66d30974e65.jpg (19 KB)

Əslində, haqlı olduqları məqamlar kifayət qədərdir. Çünki ölkə xaricindən gələn təlimatlarla sərhəd qonşularına qarşı düşmənçilik mövqeyi normal dövlətçilik prinsipi sayıla bilməz. Və belə oyuncaq dövlətin ömrü uzun olmaz.

Nəticə isə artıq indidən göz qabağındadır. Hazırda Ermənistan cəmiyyətində ruh düşkünlüyü, ümidsizliyə bağlı psixoloji çöküş elə mərhələdədir ki, artıq erməni toplumunu idarə etmək üçün dövlət sisteminə belə, ehtiyac qalmayıb. Yəni, erməni toplumunu elə sadəcə, şayiə texnologiyası ilə də idarə etmək, yönləndirmək mümkündür.

Buna əmin olmaq üçün son vaxtlar Ermənistan mətbuatında və sosial şəbəkələrin erməni seqmentində yayılan məlumatlara diqqət etmək yetərlidir. Ermənistan mətbuatı erməni cəmiyyətini aldatmaqla məşğuldur. Məsələn, ön şüşələri sındırılmış hərbi yük maşınının fotosunu yayıb, bunun Azərbaycan ordusunun açdığı atəşin nəticəsi olduğuna əhalini asanlıqla inandıra bilirlər.

Yaxud da torpaqda çala qazıb, ora guya erməni hərbçilər tərəfindən "vurulmuş" və Azərbaycana məxsus PUA-nın düşdüyünü iddia etməklə, əhalini "sevindirnəyi" bacarırlar. Və bir toplum belə "informasiya hoqqabazlığı" ilə idarə edilirsə, deməli, orada dövlətə artıq elə bir ehtiyac qalmayıb.

1602233062_modern.az_f5d8f0d4b28d69_5d8f0d4b28daa.thumb_646.jpg (136 KB)

Hər hansı bir toplumun şayiələrlə idarə olunmağa vərdiş etdirilməsi isə çox təhlükəli situasiyadır. Çünki, nə vaxtsa, qorxu tirajlayan hər hansı şayiə həmin toplumu panik durum altında fəlakətə də sürükləyə bilər. Hər halda, bütün şayiələr heç də toparlayıcı olmur, bu texnologiyanın toplumda deqradasiyanı dərinləşdirmək özəlliyi də var.

Son günlər Xankəndi və ətraf bölgədə baş verənlərə diqqət etdikdə buna növbəti dəfə əmin olmaq çətin deyil. Yalnız Ermənistan çəmiyyətinin deyil, elə Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti himayəsi altında olan ermənilərin də psixoloji çöküş yaşadıqları aydınlaşır. Ruh düşkünlüyü o qədər ciddidir ki, hətta Rusiya sülhməramlı qüvvələrinin Qarabağdakı müvəqqəti nəzarət zonasındakı separatçılar erməni əhalisinə müraciət etmək məcburiyyətində qalıblar.

Maraqlıdır ki, bu barədə məlumat da elə Ermənistan mətbuatı tərəfindən yayılıb. Məlumatlarda iddia olunur ki, Xankəndinin erməni əhalisi arasında Azərbaycan ordusunun bu şəhərə girməsi ilə bağlı məlumatlar dolaşır. Və bu məlumat sosial şəbəkələrin erməni seqmentində geniş əks-səda doğurub.

Məlumata görə, bu barədə yayılan və rəsmən təsdiqlənməmiş xəbərlər ermənilər arasında panik duruma yol açıb. Hazırda yüzlərlə erməninin Xankəndini tərk etməyə qərar verdiyi bildirilir. Xankəndidə qalmaq istəməyən ermənilərin iddialarına görə, Şuşa şəhəri yaxınlığında baş vermiş atışmadan sonra Araik Arutyunyanın separatçıları Azərbaycan ordusuna qarşı müqavimət göstərməyin mənasız olduğunu bildiriblər. Hətta separatçılardan bir qisminin vəziyyətdən çıxış yolu kimi, Azərbaycanın mərkəzi hökuməti ilə əməkdaşlığa hazır olduğu da vurğulanır.

xerite-sulhmeram-rus.png (1.10 MB)

Əlbəttə, hələlik bu iddiaların üzərindəki həqiqət payı barədə dəqiq nəsə söyləmək mümkün deyil. Çünki bütün bunlar təşviş içərisində olan ermənilərin yaydığı xəbərlərdir. Yəqin ki, bu xəbərin nə qədər doğru olub-olmadığı tezliklə aydınlaşacaq.

Ancaq məlum olan odur ki, separatçılar hazırda erməniləri sakitləşdirmək üçün ciddi səylər göstərirlər. Belə ki, separatçıların təmsilçisi Hunan Tadevosyan əhalini sakitliyə və "yeni həyata" – Şuşa və Xankəndi ətrafında bundan sonra tez-tez atışmaların baş verə biləcəyinə elə indidən alışmağa çağırıb. H.Tadevosyan deyib ki, Xankəndidə kiçik bir polis qrupunun zabitləri gecə-gündüz növbə çəkirlər.

Ancaq Ermənistan mətbuatının məlumatına görə, separatçının cəhdləri boşa çıxıb. Çünki onun çağırışlarından sonra ermənilər arasında əndişə daha da artıb. Və sosial şəbəkələrin erməni seqmentində də Xankəndiyə daxil olan Azərbaycan hərbi birləşmələri barədə məlumatların sayı ciddi şəkildə çoxalıb.

Göründüyü kimi, Xankəndidə ermənilər narahatlıq içərisində yaşayırlar. Onlar hər an Azərbaycan əsgərlərinin bu şəhərə girə biləcəyini düşünürlər. Və bu məsələdə - Azərbaycan əsgərini gözləməkdə tamamilə haqlıdırlar.

6293ffbdae2bd1e6022844e83d0615ce.png (1.15 MB)

Çünki Azərbaycan ordusu həqiqətən də hər an Xankəndi şəhərinə girə bilər. Bu, qətiyyən gözlənilməz deyil. Çünki Xankəndi Azərbaycan şəhəridir. Azərbaycan ordusu isə qoruduğu ölkənin bütün şəhərlərində yerləşmək hüququna sahibdir. Və əvvəl-axır bu, belə də olacaq.

Ermənilərin davranışlarından belə anlaşılır ki, onlar da bu reallığı artıq anlayırlar. Eyni zamanda, ermənilərin Rusiya sülhməramlı qüvvələrinə güvənmədikləri də diqqətdən yayınmır. Ermənilər doğru olaraq, narahat olurlar ki, Rusiya sülhməramlı qüvvələri onları uzun müddət qoruya bilməz. Rusiya sülhməramlı qüvvələri rəsmi Bakının tələb etdiyi vaxt Azərbaycan ərazilərini tərk etməli olacaqlar. Üçtərəfli anlaşmaların tələbləri məhz belə məzmun daşıyır.

Ona görə də, Xankəndi və ətraf bölgədə yaşamaq davam etmək istəyən hər bir erməninin yeganə çıxış yolu var. Ölkəmizdə yaşamaq üçün Azərbaycan vətəndaşlığını qəbul etmək qaçılmazdır. Bu variantın alternativi isə Xankəndi və ətraf bölgəni - yəni Azərbaycan ərazilərini dərhal tərk etməkdən ibarətdir. Üçüncü yolun icad olunması üçün boş yerə düşünməyə isə qətiyyən ehtiyac yoxdur. Çünki üçüncü yol ümumiyyətlə, mövcud deyil.