Yox belə bir Türkiyə...

Amerika anlamalıdır ki, Ərdoğanla hədə və təhdid dilində danışmaq mümkün deyil və faydasızdır- onunla ən doğru olan anlaşmaqdır

NATO sammiti öncəsi Türkiyənin Rusiyadan aldığı S-400 zenit-raket kompleksləri yenidən gündəmə gəlib. Bayden-Ərdoğan görüşü ərəfəsi Vaşinqton bir daha bəyan edib ki, Rusiyanın raket kompleksi Türkiyənin müdafiə arsenalında qalanadək NATO-Türkiyə, Türkiyə-ABŞ münasibətlərində ciddi dönüş olmayacaq, bu Ağ Evin prinsipial mövqeyidir və sairə...  

Belə iddia da vardı ki, ABŞ S-400-lərin İncirlik hərbi bazasında yerləşdiriləcəyi təqdirdə münasibətlərdə yeni səhifə aça bilər. Amma Ağ Ev bu iddianı təkzib etdi və əvvəlki mövqeyində israrlı olacağını bildirdi. Türkiyənin də mövqeyində heç bir dəyişiklik yoxdur. Ankara Putinin “qara gözünə” görə deyil, ölkənin təhlükəsizliyi baxımından Rusiyanın S-400-lərini almağa qərar verdi. Bu həm də gizli sövdələşmə-filan da deyildi, 2017-ci ilin dekabrında Türkiyə və Rusiya S-400 zenit-raket komplekslərinin satın alınmasına dair 2,5 milyard dollar həcmində kredit sazişi imzalamışdı. Birləşmiş Ştatlar isə Türkiyədən bu sövdələşməni dayandırmağı və əvəzində ABŞ istehsalı olan “Patriot” zenit-raket kompleksləri almağı tələb etdi. Əks-təqdirdə ABŞ Türkiyəyə F-35 qırıcı təyyarələrinin satışının dayandırılacağını da bildirdi. Türkiyənin də dediyi oldu, ABŞ-ın dediyi də...Amma  Ankara münasibətlərin normal məcrasından daha da çıxmaması üçün güzəşt də təklif etdi. ““Patriot”u da alaram” dedi. Amma bu danışıqlar da nəticə vermədi, bunun üçün Vaşinqtona yalvarası deyildi ki...

ABŞ-ın “Patriot”u ən müxtəlif bəhanələrlə satmaması Avropadakı ən güclü müttəfiqlərindən birinə qarşı sayğısızlıq, güvənsizlik deyildimi? İndi Amerikanın münasibətlərin tənzimlənməsində yenidən S-400 şərtini ortaya atması cığallıq və mənasız isrardır, həm də dünya “S-400 aldım, amma Rusiya, indi qaytarıram” sayaq “oyuncaq mağazası” deyil.

Rusiyanın silahlı gücə söykənən siyasəti aydındır, Qərbin bundan narahatlığı da anlaşılandır. Amma fakt odur ki, Ankara və Moskvanın əməkdaşlığı yeni qanlar tökmək üçün deyil, axan qanı kəsmək üçündür

ABŞ-ın və onun NATO-dakı bəzi müttəfiqlərinin problemi odur ki, onlar hələ də Türkiyəni NATO blokuna daxil olduğu 1952-ci ilin fevralında (NATO-nun 13-cü üzvü olan Türkiyə alyansla iştirak protokolunu 17 noyabr 1951-ci ildə imzalayıb, rəsmi üzvlük isə Yunanıstanla birlikdə 18 fevral 1952-ci ildə reallaşıb)  Demokrtatik Partiyanın yönəldiyi, iqtisadi cəhətdən zəif, siyasi təlatümlərin yaşandığı ölkə olduğunu düşünməkdən vaz keçməyiblər. Türkiyə isə çoxdan o bildikləri ölkə deyil və xüsusilə son illərdə siyasi çəkisi də, dünya siyasətindəki mövqeyi də əhəmiyyətlə dərəcədə artıb.

Bunu əlbəttə ki, ABŞ strateqləri yaxşı bilirlər. Amma pisi odur ki, əvvəlki münasibətdən-Türkiyə “bizim sözümüzlə durub oturmalıdır” kimi məntiqsiz mövqelərindən də əl çəkmək istəmirlər. Soruşmaq da olar ki, sən necə müttəfiqsən ki, Türkiyəni parçalamaq istəyən, əsgərinin qanını tökən terror təşkilatlarına açıq-aşkar həm siyasi, həm maddi dəstək verirsən...Aydındır ki, Türkiyənin müstəqil siyasəti və artan çəkisi bəzi gücləri ciddi narahat edir. O səbəbdən bu kimi xain siyasət  yeridirlər, Türkiyəyə qarşı vuruşan PYD və YPG kimi terrorçu silahlı qrupları sinələri üzərlərində bəsləyirlər.

Türkiyəsiz NATO “yolunmuş quş” kimi olar. Türkiyəyə də NATO blokunda olmaq çox mühümdür. Amma bu o demək deyil ki, bu qurumda kimsə ağa olacaq, Türkiyə də ona su daşıyacaq. Yox belə bir dünya, yox belə bir Türkiyə...

Türkiyənin Qərbin düşmən hesab etdiyi Rusiya ilə münasibətlərindən çox qıcıqlandığı məlumdur. Amma bu əməkdaşlıqdan gəlin görək, dünya ziyan görübmü? Suriyada atəşkəs, Qarabağda haqqın qələbəsi məgər dünyanın xeyrinə olmadımı? Aydındır ki, Rusiyanın da, Türkiyənin də regional münaqişələrdə dil tapması ABŞ-ın və müttəfiqlərinin işinə yaramır, onlara nə qədər qəribə səslənsə də, sülhdən çox qan-qada lazımdır. Qarabağ müharibəsində və ondan sonrakı dövrdə əməkdaşlıq 30 ildən artıq davam edən Qarabağ münaqişənin birdəfəlik həlli imkanları yaradıbsa, bu Vaşinqtonun, ya da onun Avropadakı ən sadiq müttəfiqlərindən olan Fransanın niyə qarnını ağrıtsın ki? Rusiyanın silahlı gücə söykənən siyasəti aydındır, Qərbin bundan narahatlığı da anlaşılandır. Amma fakt odur ki, Ankara və Moskvanın əməkdaşlığı yeni qanlar tökmək üçün deyil, axan qanı kəsmək üçündür. Türkiyə ilə əməkdaşlıq etdiyi məsələlərdə Rusiyanın işğalçı siyasət yeritməsini görmüşükmü? Türkiyənin Krım məsələsində mövqeyi məgər onun NATO-dakı və ya Amerikadakı siyasi dairələrdən fərqlidirmi? Türkiyə heç bir məsələdə Rusiyanın işğalçı niyyətləri ilə şərik deyil və olmayacaq da... Bu baxımdan Ankara-Moskva münasibətlərini bu dərəcədə qısqanclıq altına almaqla, az qala “Rusiya ilə əməkdaşlığa son ver” kimi anlamsız şərt irəli sürməklə  Türkiyənin siyasətinə təsir etmək mümkün deyil.

Müasir Türkiyə dedikdə əlbəttə ki, ölkəni son 19 ildə yönəldən Prezident Rəcəb Tayyib Ərdoğan başa düşülür. Türkiyədə iqtisadi, siyasi problemlər var, amma Ərdoğan iqtidarı ölkəni bu illər ərzində dünya çapında “aşağı liqadan” “yüksək liqaya” çıxarıb- bunu görməmək və qəbul etməmək mümkün deyil. Bu səbəbdən Qərbdə də onu sevmirlər, onun hakimiyyətdən getməsi üçün edilən cəhdlərdə hətta ABŞ-ın yer aldığı barədə iddialar yeni deyil. Əvvəl bu kimi cəhdlər və çevrilişlər çox olub, amma Ərdoğan ölkəyə xaricdən uzanan əlləri və təsir rıçaqlarını zor olsa da, kəsə bildi. İndi ölkənin daxilinə nüfüz etmək çox çətindir. O səbəbdən xüsusilə Amerika anlamalıdır ki, Ərdoğanla hədə və təhdid dilində danışmaq mümkün deyil və faydasızdır.  Onunla ən doğru olan dil tapmaq, anlaşmaq lazımdır. Bu “dil tapmaq” isə o qədər də çətin iş deyil. Türkiyənin maraqlarına toxunmamaq, onunla “böyük patron” kimi yox, həqiqi müttəfiq kimi danışmaq və davranmaq gərəkdir.

Münasibətlərin gərgin olduğu bu illər ərzində ABŞ-ın yeni administrasiyası da, NATO rəhbərliyi də bu gerçəyi anlamış olmalı. O səbəbdən Brüsseldəki görüşlərin önəmi böyükdür və görüşlərin nəticələrinin  Azərbaycana da əhəmiyyətli təsiri olacaq.

 

Nazim SABİROĞLU,
Musavat.com