Qulamhüseyn Əlibəyli: “Livan mənşəli terrorçunu kimlərinsə xahişi ilə azad edə biliriksə...”

“Keçən ilin iyul ayında orduya dəstək mitinqinin sonunda bir qrup şəxsin Milli Məclisin binasına daxil olaraq dövlət əmlakına ziyan vuran hərəkətlər etməsi, polisin qanuni tələblərinə əməl etməməsi, o cümlədən polisə müqavimət göstərməsi formal hüquqi baxımdan qanun pozuntusu hesab olunur”. Bu fikirləri Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli mövzu ilə bağlı məsələni şərh edərkən səsləndirib. Lakin partiya sədri əlavə edib ki, həmin hüquq pozuntusuna görə təqsirləndirilən şəxslərin hər hansı formada, hətta şərti də olsa, cəzalandırılması siyasi və mənəvi baxımından ədalətli sayıla bilməz: “Birincisi, təqsirləndirilən şəxslərən bəziləri ümumiyyətlə orduya dəstək aksiyasında iştirak etməyiblər. İkincisi, məhkəmənin gedişi haqqında dərc olunanlar həmin şəxslərə verilən ittihamların kifayət qədər etibarlı sübutlara söykəndiyinə əsaslı şübhələr yaradır. Üçüncüsü, xüsusilə ağır cinayət törədən - əldə silah Azərbaycana qarşı vuruşan Livan mənşəli terrorçunu, döyüş əməliyyatları başa çatdıqdan sonra Ermənistandan Azərbaycan ərazisinə keçərək təxribat başında yaxalanan silahlı şəxslərin bir neçəsini kimlərinsə xahişi ilə azad edə biliriksə, onların törətdiklərindən qat-qat yüngül əmələ görə şübhəli dəlillər əsasında ittiham olunan (ittihamın mahiyyətinə varmadan) Azərbaycan vətəndaşlarını hansı məntiqlə mühakimə edib cəzalandırmalıyıq”?

Ona görə də, Q.Əlibəyli hesab edir ki, orduya dəstək mitinqinin sonunda baş verənlərə görə təqsirləndirilən bütün şəxslərin cinayət məsuliyyətindən azad olunması və onlar barəsindəki cinayət işinin xitam olunması daha məntiqli və ədalətli olar.