Ayətullah Xomeyninin birlik məsələsinə baxışı

Böyük İslam İnqilabı rəhbərinin cismani yoxluğundan 32 il keçir

Allah-təala buyurur: "Münafiqlər və ürəklərində napaklıq və çirkin şeylər olanlar və Mədinədə təbliğat apararaq öz işləri ilə insanların qəlbinə qorxu salanlar əməllərindən əl çəkməsələr, Biz səni onlarla döyüşə qaldıracağıq. Onlar sənin ətrafında çox qalmazlar, onlar Allaha tərəfindən lənətlənmişlər. Harada tapılsalar ağır əzabla ölməlidirlər.      Bu Allah-təalanın əvvəlki ümmətlərdəki sünnətidir və Allahın sünnəti dəyişməyəcəkdir" (Əhzab surəsi, ayə 60-62).

Allah-təala dünyanı heç bir dəyişikliyin yol tapa bilməyəcəyi sünnətlər əsasında yaratmışdır: "Heç vaxt Allahın sünnətinin dəyişmədiyini görəcəksən" (Fatir surəsi, ayə 43).

İnsanı həyatı boyunca təqib edən əzəli namus və dəyişilməz qanun bundan ibarətdir ki, "Allah bir dəstə insanın şərini başqa bir dəstə vasitəsilə yatırmasa, fəsad və pozğunluq yer üzünü bürüyərdi. Ancaq, Allahın dünya əhalisinə fəzl və rəhməti var. (Belə etməz)" (Bəqərə surəsi, ayə 251).

Bu ayə Allahın Peyğəmbəri Həzrət Davudun (ə) Calut üzərində qələbə xəbəri, növbəti ayə isə Həzrət Məhəmmədin (s) peyğəmbərliyinə iman gətirənlərin öz şəhər və diyarlarından çıxarılmaları ilə əlaqədar bəyan olunmuşdur:

(İslam) Mücahidlərə döyüşə icazə verildi. Çünki, onlara zülm və sitəm olunurdu. Allah onlara kömək etməkdə qüdrətlidir. Haqsız yerə öz şəhər və diyarından qovulanlar və "bizim pərvərdigarımız Allahdır" deməkdən başqa günahları olmayanlar... Allah bir dəstə insanın şərini başqa insanların vasitəsilə dəf etməsəydi, Allahın çox zikr olunduğu ibadətgah və məscidlər mütləq viran olardı. Şübhəsiz, Allah ona kömək edənə kömək edəcəkdir. Allah güclü və əzəmətlidir". (Həcc surəsi, ayə 39-40).

İlahi sünnət və qanunlardan biri də budur ki, "Bir millət özünü dəyişməsə, Allah heç vaxt həmin xalqın əhvalını dəyişməz". (Rəd surəsi, ayə 11).

Şəhid Mütəhhəri (rəhmətullah əleyh) buyurur: "Bu ayə ümmətlərin inkişafının və geri qalmasının səbəblərini açıqlayır. Yəni, bir xalq tənəzzül və geriləmə səbəblərini özündən uzaqlaşdırmayınca, həmin mərhələni adlayaraq sivilizasiya və tərəqqiyə çata bilməyəcəkdir. Eyni zamanda, hər hansı xalq geriləməyə səbəb olan faktorları yaratmaqdan qeyri bir səbəbdən özünə qapanmaya düçar olmaz". (Mürtəza Mütəhhəri, "İlahi Ədalət").

Ancaq haqla batil, nifaqla düzlük arasında mübarizə və döyüşün davam etməsi də ilahi sünnətlərdəndir. Qərtəbi (rəhmətullah əleyh) "Heç vaxt Allahın sünnətinin dəyişmədiyini görəcəksən" ayəsinin təfsirində yazır: "Bu ayə Allahın əzab vədini icra etmədiyinin aydın dəlilidir. Onun yerinə yetirilməməsi caizdir. Səbəbi də münafiqlərin Peyğəmbər (s) dünyadan köçənə qədər onunla (sağ) olmaları idi". (Qərtəbi "Əl-Cameul əhkamul Quran", c 14, səh 248).

Bəyanlar da bu ehtiyacın davam etdiyi, haqqın müdafiəsi üçün qiyamın ilahi sünnətin tələblərindən olduğu aydınlaşır.

Vəhdət - ilahi fərman

 

Allah-təala buyurur: "Sizin bu ümmət vahid ümmətdir. Mən sizin tanrınızam. Elə isə yalnız mənə sitayiş edin ". (Ənbiya surəsi, ayə 92).

"Həqiqətən də, bu (İslam) xalq vahid bir ümmətdir. Mən sizin tanrınızam. Elə isə, yalnız Məndən qorxun". (Muminun surəsi, ayə 52).

"Allaha və rəsuluna itaət edin. İxtilaf və təfriqə yolunu tutmayın ki, zəifləşər, güc və qüdrətinizi itirərsiniz. Səbri seçin ki, Allah səbir edənlərlədir". (Ənfal surəsi, ayə 46).

"Hamılıqla Allahın möhkəm ipindən yapışın və dağınıq olmayın. Allahın nemətini yada salın ki, bir-birinizə düşmən olduğunuz vaxt ürəklərinizi yaxınlaşdırdı, Allahın fəzl və bərəkətindən bir-birinizlə qardaş və həmrəy oldunuz...

Sizin aranızda yaxşı işlərə dəvət edən bir dəstə olmalıdır. Onlar yaxşı işlərə dəvət edib, pis işlərdən çəkindirərlər. Onlar nicat tapanlardır". (Ali-İmran surəsi, ayə 103-104).

 

Vəhdət - imanın tələbi

 

Həzrət Peyğəmbər buyurmuşdur: "...Möminlər bir-birinə qarşı məhəbbət, dostluq və duyğularında insan bədəninin üzvləri kimidirlər. Bir üzv xəstə və narahat olanda digər hissələri də oyaq qalıb hərarəti qalxmaqla onunla həmdərd olar". (Moxtəsəre Səhih Moslem, Hafiz Monzəri, hədis 1774).

  Başqa bir hədisdə buyurur: "Müsəlmanın hər bir şeyi (nə təcavüz) müsəlmanlara haramdır. Yəni canı, malı və abırı". (Yenə orada, 1775).

 

Vəhdət - dünyəvi dəyərlər

 

Vəhdət qayda və qanunları varlığın bütün sahələrinə hakim olan mühüm dünyəvi dəyər və vəsilədir. Dünya, insan və həyat arasında böyük əməkdaşlıq onun əsasında həyata keçirilir. “Birlik olmasaydı, varlığın bütün dayaq və əsasları sarsılardı". (İslam birliyi ətrafında düşüncə və tədqiqatlar,  səh 9).

 

Vəhdət - İslami dəyərlər

 

Aydındır ki, İslam dininin təlimləri Allahın yer üzünə əmanət qoyduğu sünnət və qanunlara uyğun şəkildə nazil olmuşdur. Təbii olaraq, insanlar arasında birlik İslamın diqqət yetirdiyi məsələlər sırasında xüsusi çəkiyə malikdir və ona böyük əhəmiyyət verilir: "Ey insanlar! Biz sizləri bir qadın və bir kişidən yaratdıq. Sizi dəstə-dəstə, qəbilə-qəbilə halına gətirdik ki, bir-birinizi tanıyasınız. Allah bilən və agahdır". (Hücurat surəsi, ayə 13).

  Yuxarıdakı ayədə bu mühüm reallığa aydın şəkildə toxunulur.

 

Vəhdət İmam Xomeyninin düşüncələrində

 

  İmam çıxışlarının birində buyurur: "Ey, həqiqətən də İslama imanları olan dünya müsəlmanları! Ayağa qalxın və tovhid bayrağı altında və İslam təlimlərinin ətrafında birləşərək xain istismarçıların əllərini ölkənizdən və zəngin təbii ehtiyatlarınızdan kəsin. İslamın əzəmətini ona qaytarın. İxtilafları və nəfsani istəklərinizi kənara qoyun ki, sizin hər şeyiniz var".

  O eyni zamanda buyurur: "Əgər bir milyard müsəlman birləşsə, kim onları məğlub edə bilər"? (İmam Xomeyni şəxsiyyətində əzəmət və müqavimət, səh 176).

  İnanırdı ki, müsəlmanların başına gələn hər bir müsibət mütləq aradakı təfriqənin nəticəsidir:        "Bu gün də, əvvəllər olduğu kimi müsəlmanların başına gələn bədbəxtliklər təfriqəyə və əzəmətli İslam bayrağının sayəsində birləşməmələrinə görədir".

  Qələbəyə gətirib çıxaran da elə vəhdətdir: "İslam sizdən birlik istəyir. Sizlərdən istəyir ki, ilahi kəndirdən yapışasınız. Niyə sizlərin hər biriniz bir şaxəyə birləşib Şərqə və Qərbə üz tutub? Niyə ilahi kəndirdən yapışmırsınız? Gəlin, bu işləri kənara atın və bir-birinizlə qardaş olun.

  Əmin olun ki, hamınız birləşsəniz qələbə çalarsınız və nə Şərq, nə də Qərb heç vaxt sizə hakim ola bilməz". (İmam Xomeyni şəxsiyyətində əzəmət və müqavimət, səh 340).

 

Vəhdətin məkanı

 

  1. İranda müsəlmanların vəhdəti

 

İmam Xomeyni (r) öz çıxışlarında İran xalqına xitab edərək onları İslam dövlətinin yaradılması üçün şahın əleyhinə qiyam etməyə həvəsləndirirdi: "Allahın və Sahib-əz-Zamanın (əc) razılığına səbəb olan bu inqilabın davam etməsinə çalışmalı və bu hidayət çırağını daha da işıqlı saxlamalıyıq".

Başqa bir çıxışında buyurur: "İran inqilabı bu şücaətli xalqa qələbə nəsib olana qədər davam edəcəkdir. Siz bu məsələni ən qısa vaxtda camaata çatdırmalısınız".

"İrandakı hazırkı mübarizələr sözün həqiqi mənasında İslam hərəkatı olub, şahlıq üsul-idarəsinin tamamilə devrilməsi və İslam Respublikasının yaradılması məqsədini daşıyır".

 

  1. Böyük İslam arealı və müsəlmanların birliyi

 

İmam Həcc mərasimində iştirak edən müsəlmanlara ünvanlanmış cahanşümul müraciətində bütün tarixi maneələri görməməzliyə vuraraq hacılara buyurmuşdur: "Xatəmul ənbiya Həzrət Peyğəmbərə iman gətirən, kitabları Quran və qiblələri Kəbə olan bütün dünya müsəlmanlarına salam olsun!". (İmam Xomeyninin hacılara müraciəti, 02.11.1400 h.q).

"Müxtəlif təbəqə və siniflərə Beytullahda ilahi çağırışın mühtəvasını dərk edib və onun dərin mənasını başa düşərək ona ləbbeyk deyənlərə salam olsun!

  Bu gün hamımız bütün dünya müsəlmanlarının birlik və yaxınlaşmasının, ölkələrinin böyük güclərin murdar vücudundan azad olması naminə bütün İslam məzhəblərinin yaxınlaşmasının astanasındayıq".

 

İnsan birliyinin sərhədləri

 

İmam müsəlman və inqilabçı İran xalqını və ümumi dəvətində bütün insanları birliyə çağırır:

"Qurandakı həqiqətlər nəinki bütün müsəlmanları, hətta bütün insanları birliyə çağırır". (İmam Xomeyni şəxsiyyətində əzəmət və müqavimət, Şeyx Kazım Yasinin tərcüməsi, səh 337). 

İmam vəsiyyətnaməsinin müqəddiməsində yazır: "...Xatırlamağı lazım bilirəm ki, mənim ilahi-siyasi vəsiyyətnaməm yalnız əzəmətli İran xalqına deyil, bütün müsəlman xalqlara və hər xalqdan və hər bir dindən olan bütün məzlumlara ünvanlanmışdır". (İmam Xomeyninin vəsiyyətnaməsi, səh 13).

İmam burada bəşəriyyətin islahetmə və pozğunluğun dəf olunması kimi mühüm məsuliyyətinə toxunaraq onda tərəfdaş olur: "İslam sivilizasiya və tərəqqinin yalnız əxlaqi pozğunluğa və (cəmiyyətdə) iffət və sağlamlığın itirilməsinə səbəb olanlardan başqa bütün nəticə və nailiyyətlərini qəbul edir. İslam yalnız insanların maraqları ilə təzad təşkil edənlərin qarşısını alsa da, xalqın maraqlarına uyğun olanlarda təkid edir". (İmam Xomeyninin qiymətli sözləri)

 

Vəhdətin qənim və düşmənləri

 

İmam Xomeyni (r) İslam ümmətində mövcud ixtilafların səbəbini istismarçıların təxribatlarında və müsəlmanlar arasındakı muzdurlarının əməkdaşlığında görür. Belə fikirdədir ki, İslam cəmiyyətinin onlara qarşı müqavimət imkanı tükənməyib və yalnız zəifləmişdir. Bu barədə İslam mədəniyyətinə söykənməyin və Qərb mədəniyyətinə qarşı çıxmağın zərurətinə toxunur:

"...Öz ayağınız üzərində durun və şərqçi, qərbçi ziyalıları buraxın. Öz mənliyinizi yenidən əldə edin və bilin ki, özünü yadellilərə satan ziyalılar ölkələrini və xalqlarını acı taleyə düçar etmişlər". (İmam Xomeyninin hacılara müraciəti, səh 15-16).

"İmam Xomeyninin (r) kəlamında Fələstin məsələsi" kitabında oxuyuruq:

"Şiə məzhəbini ölkənin rəsmi məzhəbi elan edən Səfəvi dövlətinin yaranmasından az müddət sonra Avropanın, xüsusilə də İngiltərənin təxribatları sayəsində Səfəvi və Osmanlı dövlətləri arasında müharibə başlandı. Bu müharibələr iki əsrdən çox çəkdi. Avropa Osmanlılarla bağladığı sülh müqaviləsindən sonra elmi-mədəni hərəkata başladı. İslam dünyası təfriqə və dərin çatlardan əziyyət çəkir, müsəlmanların gücləri belə uzunmüddətli döyüşlər nəticəsində zəifləyir, müsəlman hökmdarları İslam sivilizasiyasını qorumaqdansa vətəndaş müharibələri və məzhəb düşmənçilikləri ilə məşğul olurdular".

 Bir daha İslam birliyi yolundakı çətinlikləri İmam Xomeyninin həcc mərasiminə müraciəti əsasında araşdırırıq:

 

  1. Millətçi şüar və fəryadlar

 

İmam Xomeyni buyurur: "Bəzi qruplar da bu yolu (millətçiliyi) seçmişlər və müsəlmanları qarşı-qarşıya qoymuşlar. Hətta onları düşmənçiliyə və bir-birinə qarşı kin bəsləməyə sövq etmişlər. Onlar vətəni sevmək, vətənpərvərlik, soydaşlarına qarşı məhəbbət və  sərhədlərinin qorunması məsələlərində heç bir şək-şübhə yerinin olmamasından xəbərsiz olmuşlar. Ancaq bu, digər müsəlman xalqlarla düşmənçilik etmək üçün millətçilik səs-küyünün qaldırılmasından fərqli məsələdir. Qurani Kərim və Həzrət Peyğəmbər bu məsələyə qarşı çıxmışlar... Müsəlmanlar arasında düşmənçilik yaradan millətçi şüarlar möminlərin sıralarına təfriqə salır və İslama zidd olmaqla müsəlmanların maraqlarına təhlükə törədir. Bunlar İslamdan və onun yayılmasından narazı olan düşmənlərin hiylələrindəndir".

 

  1. Məzhəbi ixtilaflar:

 

İmam (r) buyurur: "Millətçi şüarlardan daha pis və daha təhlükəli olanı sünnilər və şiələr arasında ixtilaf yaratmaq, müsəlman qardaşlar arasında fitnə yaradan dezinformasiya yaymaqdır".

"Dəfələrlə demişəm ki, İslamda irq, dil, millət və yerin əhəmiyyəti yoxdur. Bütün müsəlmanlar – istər sünni və istərsə də şiə - vahid, güclü İslamın bütün hüquq və məziyyətlərində bərabər olan qüvvədirlər. İslamda sünni və şiə, kürd və fars yoxdur. Hami bir-biri ilə qardaşdır". (İmam Xomeyninin qiymətli kəlamları, səh 133).

 

İslam cəmiyyətində fikir ayrılığı məsələsi

 

İmam Xomeyninin (r) İslam cəmiyyətinin əsas dayaqlarından biri kimi qeyd etdiyi vəhdət məzhəblərin düşüncə və əqidələrinin eyniliyi demək deyildir. Burada məqsəd düşüncə və əqidə azadlığının saxlanılması və İslam cəmiyyətinin hər bir cinahının xüsusiyyətlərinin qorunması şərti ilə geniş anlamda vəhdətin yaradılmasıdır.

Mərhum Məhəmmədhüseyn Ali Kaşifulğita müsəlmanların birliyi haqda buyurur: "Birlik, yəni müsəlmanların maraqda bir-biri ilə əməkdaşlığı və nəticədə ortaq olmaları, bölgü və ədalət prinsiplərinə əməl etmələridir". Və bu məsələni iki qardaşın əlaqələrinə bənzədir. "Atadan ev və ya mülkü miras almış və onu ədalətlə bölən iki qardaş kimi..."

O daha sonra deyir: "Birliyin mənası o deyildir ki, xalq və ya qrupun arasında biri başqa bir qrupun haqqını tapdalasın. Məqsədləri bütün İslam yurdunun məhvi olan Qərb əfi ilanlarının varlığı müsəlmanların birliyi üçün kifayət edir... Çünki çətinlik kin və düşmənçiliyi unutdurur".

 

Müsəlmanlar və qeyri müsəlmanlar arasında fikir ayrılığı

 

Mahmud Şəltut deyir: "İslamın mövqeyi belədir ki, yalnız dindəki fikir ayrılığı kin və düşmənçilik üçün və insanların həyatın cari işlərində əməkdaşlıq və birgə yaşayışdan çəkinməsi üçün dəstavuz ola bilməz. Buna görə də ixtilafın müharibə və toqquşma üçün bəhanəyə çevrilməsi qəbuledilməzdir. Quarani-Kərim buyurur: "Ey Peyğəmbər kafirlərə de ki, mən sizin sitayiş etdiyinizə sitayiş etmirəm. Siz də mənim sitayiş etdiyimə (vahid Allaha) sitayiş etmirsiniz. Sizin ibadət etdiyinizə də mən ibadət etmirəm. Nə də siz mənim ibadət etdiyimə ibadət edirsiniz. Sizin dininiz (azğınlığınız) sizin üçün və mənim (haqq) dinim də mənim üçündür". (Kafirun surəsi).

Eyni zamanda buyurulur: "Ey Peyğəmbər! Camaatı haqq dinə dəvət et və bu yolda sənə əmr olunduğu kimi sabitqədəm ol, camaatın nəfsi istəklərinə tabe olma və de: Mən Allahın kitabda nazil etdiyinə iman gətirmişəm və mənə sizin aranızda ədalətlə davranmaq əmr olunmuşdur. Mənim və sizin Pərvərdigarınız Allahdır. Bizim və sizlərin (xeyr və şər) əməlləri özümüzə aiddir və bizimlə sizin aranızda daha heç bir söhbət yoxdur. Allah bizi (hesab üçün) bir yerdə toplayacaq və hamı onun yanına qayıdacaqdır".  (Şura surəsi, ayə 15).

Eyni zamanda Qurani-Kərim insanlara hətta müşrik olsalar və öz övladlarını şirkə vadar etsələr belə, ata və anaları ilə yaxşı rəftar etməyi, onlarla ən gözəl şəkildə davranmağı tövsiyə edir:

"Ata və ana sənin Allaha şirk gətirməyə vadar etsələr də düzgün hesab etmədiyin halda daha onlara itaət etmə . Ancaq  dünyada onlarla yaxşı və layiqli şəkildə rəftar et". (Loğman surəsi, ayə 9).

 

İran İslam Respublikasının Konstitusiyası

 

13-cü maddə: Yalnız zərdüştlər, yəhudilər və xristianlar İranda dini və rəsmi azlıqlardılar. Onlar qanun çərçivəsində öz dini mərasimlərini yerinə yetirməkdə azaddır, vətəndaşlıq haqları və dini təkliflərdə öz qanunlarına uyğun şəkildə əməl edə bilərlər.

14-cü maddə: Bu ayeyi-şərifənin hökmündə: "Allah sizi sizlə düşmənçilik etməyən və sizləri öz torpaqlarınızdan çıxarmayanlarla dostluq etmənizi qadağan etmir, onlardan bezarlıq etməməlisiniz, bəlkə onlarla ədalətli rəftar etməlisiniz ki, Allah adil insanları sevir." (Qurani-Kərim).

Bu səbəbdən də İslam Respublikası dövləti müsəlmanlara qeyri-müsəlmanlarla Həsən əxlaqı, İslami ədalət və bərabərliklə davranaraq, onların insani haqlarına riayət etməyi tövsiyə buyurur. Bu maddə təxribat etməyənlərə, İslam və İslam Respublikası əleyhinə heç bir addım atmayan şəxslərə şamil olunur.

 

İslam cəmiyyətində qeyri müsəlmanlar

 

İmam Xomeyninin (r) İslam cəmiyyətində qeyri müsəlmanlara dair baxışları Qurani Kərimin təlimatına əsaslanan, vəhdət yaradan bir baxışdır. O, İsrail sionistləri və digər yəhudilər (bir dinin ardıcılları mənasında) arasında fərq qoyur. Bildiyimiz kimi, İslam qanunu hər bir tuğyançı və fitnəkar insanı hətta müsəlman olduğu halda cəzalandırır. Ona görə ki, tuğyançılıq və fitnəkarlıq öz-özlüyündə bir qanun pozuntusu və cinayət sayılır (və dinə heç bir aidiyyəti yoxdur). Lakin yəhudi və xristianlıq, ya İslam dövlətinin pənahında olmaq onların azadlıq və hüquqlarına təcavüz etməyə heç bir əsas vermir. Müsəlmanlar üçün nəzərdə tutulan hər bir şey onlara da məxsusdur. O cümlədən müsəlmanların məhrum olduqları hər bir şeydən yəhudi və xristianlar da məhrum edilirlər. Hətta bundan da artıq olaraq İslamda yəhudilər və xristianlara bir haqq verilir ki, bugünkü siyasi terminologiyada ona muxtariyyət deyilir və indi geniş yayılmış vətəndaşlıq və digər ölkələrdə daimi yaşayış haqqının verilməsi də buna şamildir.

  Bu, İmam Xomeyninin metodudur və çıxışının bu hissəsi belə münasibəti və onun hüdudlarını müəyyənləşdirir:

  "Heç kəsin İran yəhudilərinə aqressiv yanaşmağa haqqı yoxdur. Çünki onlar İslamın və müsəlmanların himayəsi altındadırlar. Heç kəsin yəhudilərə və xristianlara qarşı zorakılığa haqqı yoxdur. Onlar ölkənin rəsmi dininin ardıclıllarıdır. Bir dəstə bəhaiyə qarşı zorakılıq etdi və dövlət onlarla əlaqədar tədbir gördü..." (İmam Xomeyninin çıxışı, 16.12.1978).

  "Bizim İsraillə bütün əlaqələrimiz kəsiləcəkdir. Ancaq yəhudilər İranda qala və şahlıq hökumətindəki azadlıqdan daha artıq bir mühitdə yaşaya bilərlər. Çünki İslam bütün dinlərə hörmətlə yanaşır". (İmamın xarici jurnalistlərlə görüşü, 16.01.1978).

  İmam Xomeyni yəhudilərlə sionistlər arasında fərq qoymuşdur. Bununla əlaqədar suala belə cavab verir: "Bizim yəhudilərlə əlaqədar mövqeyimiz sionistlərə qarşı tutduğumuz mövqedən fərqlidir. Müsəlmanlar sionistlərə qalib gəlsələr, onları şahın taleyinə düçar edəcəklər. Ancaq bu məsələnin yəhudilərə aidiyyəti yoxdur. Yəhudilər də başqa xalqlar kimi öz həyatlarını davam etdirməyə haqqı olan bir xalqdır və heç kəsin onlarla işi yoxdur". (İmam Xomeyninin Almaniya radioteleviziyası ilə müsahibəsi, 09.11.1979).

  İmam Xomeyni (r) yəhudilər və sionistlər arasındakı fərqin səbəbləri barədə buyurmuşdur: "Biz inanırıq ki, yəhudilərlə sionistlər və sionizm arasındakı fərq qoymaq lazımdır. Çünki sionistlərin yəhudi dininə əsla aidiyyəti yoxdur və Həzrət Musanın təlimləri səmavi və ucadır... Bu məsələnin sionist qrupunun planlaşdırdıqları ilə köklü fərqi var. Sionistlər imperialistlərlə əlbirdirlər və onların casusları, muzdurları kimi çıxış edirlər". (İmamın İranın yəhudi icmasının üzvləri ilə görüşü, 14.05.1979)

  Qısası, İslam cəmiyyətində qeyri müsəlmanlardan kimsə cinayət törətdikdə cəzalandırılacaq, onunla bir müsəlmanla edildiyi kimi rəftar olunacaq. Bu səbəbdən də, İslam ümməti tarix boyunca bütün fikir ayrılıqlarına baxmayaraq, vahid ümmət şəklində yaşamışdır. Onun qanunları digər dinlərin ardıcıllarına da öz mahiyyət və mentalitetlərini hər bir qorxu, təqib və məhdudiyyətlərdən uzaq saxlamağa imkan verir.

 

Son

 

Vəhdət bütün ümmət, onun bütün qrupları üçün zəruridir. Vəhdət olmasa, düşmənlər və həris, tamahkar insanlar geniş süfrədən daha artıq faydalanmaq üçün çəkişmələr yaradarlar. Ancaq bu, müsəlmanların sayının azlığına görə deyildir. İslam dünyası və ya İslam sivilizasiyası dedikdə onun yaradılmasında səyi olan bütün insanlar – istər müsəlman olsun, istərsə qeyri müsəlman, heç bir fərqi yoxdur – nəzərdə tutulur. Çünki dostluq, tərəfdaşlıq, insan dəyərləri və kəramətinin qorunduğu yerdir. İmamın vəsiyyətnaməsində oxuyuruq:             "Namazın siyasi aspektinin simvolu olan cümə və camaat namazlarından qafil olmayın. Cümə namazı Allah-təalanın İran İslam Respublikasına ən böyük inayətidir".

  O, öz vəsiyyətində camaatı insanların ehtiyacını ödəmək üçün istehsal prosesində fəal iştiraka, İslamın elm və sənət barədə aydın mövqeyini qəbul etməyə, onun barəsində yersiz mübahisələrə son qoymağa çağırır:

  "Yaradıcılıq, sosial ədalət niyyətindəsinizsə, qarət, zülm və qətlin qarşısı alınmalıdır. Bu gün nüvə əsri olduğuna görə bunlar və İslamın novatorluğun əleyhinə olması iddiası köhnəlmişdirmi? Devrilmiş Məhəmmədrzanın "bunlar hazırki əsrdə heyvanlarla səfər etmək istəyirlər" deməsi kimi sözlər əbləhcəsinə ittihamlardan başqa bir şey deyildir. Çünki sivilizasiya, novatorluq, təşəbbüskarlıq və insanın tərəqqi və sivilizasiyasına aidiyyəti olan sənaye ixtiralarından söhbət gedirsə, İslam və heç bir səmavi din onun əleyhinə çıxmamış və çıxmayacaqdır. Əksinə, İslam və Qurani-Kərim də elm və sənayeni təkidlə vurğulayır". (Vəsiyyətnamə, səh 20).

  Sonda qeyd etməli olduğumuz məqam bundan ibarətdir ki, vaxt keçdikcə özündən əvvəlkilərin başa düşmədiklərini dərk edən ruhanilər yetişir və bu cahanşümul bir qanundur.

  İmam Xomeyni (r) və bütün İslam ümmətinə Allah taalanın rəhmət və bərəkəti olsun! Allah zülm görmüş bəşəriyyəti doğru yola yönəltsin! Allah eşidən və duaları qəbul edəndir!

 

Hazırladı: X.Qurbanlı