Türkiyədən gələn qonaqlar Novruz Həsənlinin məzarını ziyarət etdi VİDEO FOTOLAR

Xəbər veridiyimiz kimi Türkiyə Uşaq Oyunları Federasiyasının başqanı, nüfuzlu iş adamı Mehmet Mutlu, Türkiyə Ticarət Universiteti Öyrətim üzvü, millət vəkili, professor Mustafa Ilıcalı və İstanbul Universiteti rektor yardımçısı, professor İlyas Topsakal Azərbaycandadır.

Musavat.com xəbər verir ki, iş adamı Mehmet Mutlunun təşəbbüsü ilə Türkiyədən Azərbaycana gətirilən "Hədiyyə karvanı" bu gün Tovuzdan start götürəcək.

Xeyriyyə tədbirinin açılış mərasimi saat 12:00-da Tovuz rayonunda yerləşən "ASAN Xidmət" mərkəzində baş tutacaq.

Tədbirdən əvvəl qonaqlar Azərbaycanın ilk hərəkatçı polis rəislərindən və milli azadlıq mübarizəsinin tanınmış simalarından olan Novruz Həsənlinin (Həsənov) Tovuz rayon Bozalqanlı qəbiristanlığındakı məzarını ziyarət ediblər.

Novruz Həsənlinin yaxın dostu, silahdaşı, "Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlu hər kəsin Novruz Əmi kimi tanıdığı əfsanə komandirlə bağlı xatirələrini danışıb. R.Arifoğlu Novruz əminin döyüş xatirələri, xidmətləri barədə qonaqlara məlumat verib.

Mehmet Mutlu da mərhum Novruz Həsənli ilə tanışlığından danışıb.

İş adamı bildirib ki, Novruz əmi ilə bir neçə illik tanışlığı olub: "Həmin illərdə Novruz əminin necə vətənpərvər bir insan olduğunu gördüm. Onun vətən üçün xidmətlərini yaxşı bilirəm. Ailəsinə, sevdiklərinə baş sağlığı verirəm, səbr diləyirəm. Təəssüf ki, yaşadığım kiçik bir problemə görə dəfnində iştirak edə bilməmişdim. Amma Azərbaycana gəlib, Tovuzda olub əminin məzarını ziyarət etməsəydim olmazdı".

Sonda mərhumun ruhuna fatihə oxunub, yaxınlarına baş sağlığı verilib.