Paşinyanın "plan"ını hansı dövlət hazırlayıb: Böyük və hiyləgər "oyun"un şifrələri açılır

Rəsmi İrəvan, erməni baş nazirə sifariş olunan "plan"ın Ermənistana yeni fəlakət vəd etmədiyindən əmin deyil; "Qaragöl"ün 30 faizi üçün Azərbaycanla müharibə etməyəcəyik" açıqlaması Nikol Paşinyanın ABŞ və Qərbə tam güvənə bilmədiyini göstərir...

Ermənistanda seçki prosesi "Qaragöl" gölünün ətrafında cərəyan edir. Azərbaycana məxsus olan bu göl və onun ətrafında baş verən hadisələr hazırda Ermənistanın siyasi gündəmini öz təsiri altında saxlayır. Hətta Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkiləri "Qaragöl"də ümumiyyətlə, suyun dibinə də bata bilər.

Təbii ki, bu, Ermənistan üçün hadisələrin ən təhlükəli inkişaf variantı sayılır. Çünki bu məsələdə rəsmi İrəvanın məqsədyönlü şəkildə təxribatlar törətməyə çalışdığı inkaredilməz reallıqdır. Və Paşinyan hakimiyyətinin böyük riskə getdiyi də qətiyyən diqqətdən yayınmır.

Bu baxımdan, rəsmi İrəvan Azərbaycan Xarici İşlər Nazırliyinin son xəbərdarlığına maksimum səviyyədə həssas yanaşmalıdır: “Bölgədə yaşanan bu eskalasiyaya görə məhz Ermənistan cavabdehdir. Ermənistanı təxribat əməllərinə dərhal son qoymağa, sərhədlərin toxunulmazlığına riayət etməyə və bölgədə vəziyyəti gərginləşdirən əməllərdən çəkinməyə çağırırıq”.

789-1577268730.jpg (30 KB)

Rəsmi Bakı bölgədə hansı proseslərin getdiyini tam dəqiqliyi ilə bilir. Bu proseslərin niyə başladıldığından və arxasında hansı beynəlxalq siyasi iradə mərkəzlərinin dayana biləcəyindən də xəbərdardır. Yəni, hadisələrin istənilən inkişaf perspektivlərinə tam hazırdır.

Son baş verənlərə diqqət etdikdə rəsmi İrəvanın konkret plan əsasında hərəkət etməyə çalışdığı nəzərə çarpır. Belə ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini nəzarət altına almaq niyyəti rəsmi İrəvan tərəfindən hərbi-siyasi təxribatlar ilə qarşılandı. Bölgədə hərbi gərginliyin artırılmasına cəhd göstərildi. Buna paralel olaraq da beynəlxalq məkanda hay-küy salındı.

Ardınca rəsmi İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət etdi. Bu hərbi-siyasi qurumdan Ermənistanın "suveren sərhədlər"inin müdafiə olunmasını istədi. Əsas arqument kimi isə KTMT-nın hərbi təhlükəsizliyin ortaq təmin olunması barədə öhdəliyni ön plana çıxardı.

Ancaq KTMT-dan ümid etdiyi reaksiyanı ala bilmədi. Çünki KTMT üzvləri Ermənistanın haqsız olduğunu və bu qurumu öz avantürist təxribatlarlarına alət edərək, Azərbaycan ilə qarşıdurmaya cəlb etmək istədiyini tam dəqiqliyi ilə bilirdilər.

Təbii ki, rəsmi İrəvan da KTMT-dan Ermənistanı qane edəcək reaksiyanı ala bilməyəcəyini anlamamış deyildi. Paşinyan hakimiyyəti bu qurumun Ermənistanın haqsız iddialarına şərik çıxmayacağını elə əvvəlcədən bilirdi. Üstəlik, KTMT-ya üzv dövlətlərin Ermənistandan daha çox Azərbaycan ilə ikitərəfli münasibətlərə üstünlük verdiyindən də məlumatlı idi.

101870.jpg (66 KB)

Ancaq rəsmi İrəvan üçün KTMT-nı şantaj etməyə hər hansı qondarma səbəbin tapılması strateji hədəfə çevrilmişdi. Ona görə də rəsmi İrəvan həm bu qurumu, həm də hərbi müttəfiqi Rusiyanı Ermənistanın ərazi bütövlüyü probleminə həssas yanaşmaqda suçladı.

Ermənistan baş naziri Nikol Paşinyanın KTMT-dan və Rusiyadan ümidini kəsdiyinə eyham vurması isə rəsmi İrəvanın əsl planını üzə çıxartmağa başladı. Belə ki, o, tezliklə sərhəd bölgəsində yaranmış gərginliyin aradan qaldırılması üçün BMT Təhlükəsizlik Şurasına müraciət edəcəyini bəyan etdi.

Beləliklə, rəsmi İrəvanın hiyləgər planı tədricən ortaya çıxmış oldu. Azərbaycan ərazisinə erməni diversant-terrorçuların göndərilməsi isə rəsmi İrəvanın avantürist təxribatlarının kuliminasiya nöqtəsinə çatdığını göstərirdi. Hər halda, rəsmi İrəvan erməni diversant-terrorçuların Azərbaycan ərazisini minalayarkən həbs edilə biləcəklərini nəzərə almamış deyildi.

Bütün bunların avantürist bir oyunun tərkib hissəsi olduğunu anlamağa isə elə rəsmi İrəvanın özü "yardım" edirdi. Belə ki, baş nazir Nikol Paşinyan bölgədə gərginliyin aradan qaldırılması üçün xüsusi plana sahib olduğunu bəyanlamaqla, oynanan oyunu tam anlaşılan vəziyyətə gətirdi. Çünki bu plan 10 noyabr və 11 yanvar anlaşmalarının tələblərini inkar edir.

505da80c29b2b8b.jpg (46 KB)

Məsələ ondadır ki, erməni baş nazir iki qonşu ölkə arasında ATƏT-in Minsk Qrupuna həmsədr olan ölkələrin və Rusiyanın sülhməramlı qüvvələrini yerləşdirməyi təklif edir. Burada zatən həmsədrlərdən biri olan Rusiyanın ayrıca qeyd olunmasındasa, iki məqsəd güdülür. Bir tərəfdən Rusiyanın Ermənistan üçün önəmi növbəti dəfə qabardılır. Digər tərəfdən isə üstüörtülü şəkildə Rusiyaya tam güvənilmədiyinə eyham vurulmuş olur. Çünki açıq mətnlə "ABŞ və Fransa sülhməramlı qüvvələri də bölgəyə yerləşdirilsin" deyilir.

Ancaq Ermənistanın kənardan ilkin təminat almadan belə bir cəsarətə düşə biləcəyi də qətiyyən inandırıcı görünmür. Minsk Qrupu həmsədrlərindən öz təkliflərinə reaksiya gözlədiyini vurğulayan erməni baş nazirə ABŞ-da gələn cavab hətta bu planın birbaşa rəsmi İrəvana aid olmadığını düşünməyə də əsas verir.

Məsələ ondadır ki, ABŞ Dövlət Departamenti N.Paşiniyanın tələblərini eynilə təkrarlayıb. Belə ki, Ağ Ev Azərbaycanı bütün müharibə məhbuslarını dərhal sərbəst buraxmağa çağırır. Eyni zamanda, hər iki qarşıduran tərəfə öncəki mövqelərinə geri dönmək və ATƏT-in Minsk Qrupunun himayəsi altında danışıqlara qayıtmaq təklif edilir. Ardınca isə ABŞ-ın sifarişini yerinə yetirdiyi şübhə doğurmayan ATƏT-in fəaliyyətdə olan sədri Ann Linde vasitəsilə qarşıduran tərəflərə mübahisəli məsələləri uzunmüddətli müzakirələrlə həll etmək məsləhət görülür.

Göründüyü kimi, erməni baş nazirin öz ağlı ilə hərəkət etdiyindən şübhə etməyə əsas verən kifayət qədər qaranlıq məqamlar mövcuddur. Xüsusilə də, onun təkliflərinə bölgədə özəl maraqları olsa da, sükutu pozmayan Rusiyadan fərqli olaraq, ABŞ-ın tez-tələsik reaksiya verərək, qabağa düşməsi də böyük maraq doğurur. Və bütün bunlar Cənubi Qafqaz uğrunda mübarizənin yeni mərhələyə keçmək üzrə olmasının əlaməti də sayıla bilər.

moskva-gorush-6705520d13bc.jpg (86 KB)

Təbii ki, rəsmi Bakı Ermənistan baş nazirinin təkliflərini yaxına buraxmaq niyyətində görünmür. Çünki Azərbaycanın bu təkliflərə qətiyyən ehtiyacı yoxdur. Rəsmi Bakı üçün 10 noyabr və 11 yanvar anlaşmaları tamamilə məqbuldur. Məhz həmin anlaşmalar və beynəlxalq hüquq normaları əsasında öz sərhədlərini müəyyən etmək Azərbaycanın əsas prioritet hədəfidir.

Rəsmi Bakı Minsk Qrupu həmsədrlərinin fəaliyyətinə ehtiyac duymur. Xüsusilə də iki ölkə arasında xarici sülhməramlı qüvvələrin yerləşdirilməsi Azərbaycanın maraqlarına uyğun da deyil. Beynəlxalq hüquqla təsbit olunmuş sərhədlər müəyyən edildikdən sonra isə Ermənistan öz ərazisində istənilən dövlətin silahlı qüvvələrini yerləşdirə bilər.

Təbii ki, rəsmi Bakı Ermənistana ABŞ və Qərbin cızdığı pozucu planlarla sərhədlərin demarkasiya prosesini illərlə uzatmaq imkanı verməz. Azərbaycanın razılığı olmadan da heç bir ölkənin "sülhməramlı qüvvələri" aralığa girib, xaos da yarada bilməz.

Erməni baş nazirin təklifləri isə hazırda yalnız ABŞ və Fransaya sərfəlidir. Çünki məhz bu plan qəbul ediləcəyi təqdirdə, hər iki kənar dövlət Minsk Qrupunu yenidən "diriltmək" və bölgəyə girmək üçün "pəncərə" qazana bilər. Əks halda, yəni Ağ Evin erməni baş nazirə təlqin etdiyi plan baş tutmazsa, ABŞ və Qərb bu regiona təsir imkanlarını tamamilə itirməli olacaq.

putin-pasha-7109.jpg (43 KB)

Bu planın erməni baş nazirin ağlının məhsulu olmadığını biruzə verən bəzi maraqlı məqamlar da var. Belə ki, N.Paşinyan bu planın gündəmə gətirilməsinin Ermənistan üçün fəlakətlə yekunlaşmayacağından da tam əmin deyil. Çünki bu, həm Azərbaycanı, həm də Rusiyanı ciddi şəkildə qıcıqlandıra bilər. ABŞ və Qərbin isə taleyüklü mərhələdə Ermənistanı xilas edə biləcəyi qətiyyən real deyil. ABŞ və Qərbin "sürüşkən siyasi manevrləri" ilə bağlı örnəklərin çoxluğu da rəsmi İrəvanı narahat edə biləcək faktordur.

Ona görə də, rəsmi İrəvan ehtiyac olacağı təqdirdə, geriyə çəkilmək üçün "körpüləri tam yandırmamağa" da çalışır. Ermənistan baş naziri Nikol Paşinyanın sərhəd bölgəsində baş verənlər ilə bağlı son dedikləri də buna misal ola bilər: "Qaragöl gölünün 30 faizi üçün Azərbaycanla müharibə etməyəcəyik ".

Bu, o deməkdir ki, rəsmi İrəvan "Qaragöl" gölünün Azərbaycan ərazisinə aid olduğunu bilir və dolayısı ilə də etiraf edir. Hətta bu gölün 30 faizi üçün müharibə etməyəcəklərini vurğulamaqla, erməni baş nazir sərhəd xəttinin daha irəlidən cəkiləcəyini anladığını da biruzə verir. Yəni rəsmi İrəvan reallığı bilməklə yanaşı, həm də ABŞ və Qərbin ona təlqin etdiyi plan baş tutmazsa, vəziyyətdən hərbi əməliyyatlara məruz qalmadan çıxmağın hesabını da aparır.

Nəhayət, baş nazir Nikol Paşinyanın ABŞ-dan sifariş edilən plana Rusiyanın reaksiyasını gözlədiyini bəyanlaması da olduqca maraqlı məqamdır. Və bu barədə növbəti yazımızda bəhs etməyə çalışacağıq...