"Bu, Azərbaycana siyasi təzyiq kimi qiymətləndirilməlidir" - Qulamhüseyn Əlibəyli

Azərbaycan bir dəfə (1994-1999-cu illərdə) Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olub və bu təşkilat ölkəmizə heç bir siyasi-hərbi fayda verməyib. Ona görə də Azərbaycanın yenidən bu təşkilatda üzvlüyə dəvət olunması ilə bağlı Rusiya rəsmilərinin vaxtaşırı səsləndirdikləri fikirlər Azərbaycana siyasi təzyiq kimi qiymətləndirilməlidir.

Bu sözləri Ilkxeber.org - a açıqlamasında Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli deyib.

Onun sözlərinə görə, KTMT yalnız Rusiyanın maraqlarına uyğundur və Rusiya NATO-ya bənzər bir təşkilat yaradaraq bu təşkilat vasitəsi ilə Qərb ölkələrinə güc göstərmək istəyir: 

"Lakin buna nail ola bilmir və bundan sonra da çətin ki, nail olsun. Azərbaycan Türkiyə, Pakistan və digər dövlətlərlə ikitərəfli hərbi-siyasi əməkdaşlıq edir. Belə ikitərəfli əməkdaşlıqlar Azərbaycan üçün həm təhlükəsizlik, həm də geosiyasi baxımdan daha faydalıdır. Azərbaycanın təkcə Türkiyə ilə ikitərəfli hərbi-siyasi əməkdaşlığı KTMT-də qat-qat güclüdür. 44 günlük Vətən müharibəsinin gedişində biz bunun şahidi olduq. Buna görə də ölkəmizin yenidən rus NATO-su adlandırılan bir təşkilata üzvlüyə dəvət olunması yolverilməzdir".