Kəlbəcərdə Ermənistan ordusunun diversiya cəhdi: 6 erməni hərbçisi əsir götürüldü

Ermənistan Müdafiə Nazirliyi altı erməni diversant-terrorçunun zərərsizləşdirilməsi faktını təsdiqləyib.

Virtualaz.org bildirir ki, bu barədə “Sputnik Armeniya” məlumat yayıb.

Amma qurum mayın 27-si səhər saatlarında sərhədyanı bölgədə erməni hərbçilərin guya “mühəndis işləri” apararkən saxlandığını bildirib.

**08:58

Mayın 27-də saat 03.00 radələrində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində ərazimizə keçməyə cəhd göstərib.

Müdafiə Nazirliyindən virtualaz.org-a verilən məlumata görə, düşmən Azərbaycan Ordusunun sərhəddə yerləşən mövqelərinə aparan təminat yolunda minalama fəaliyyəti həyata keçirərkən dərhal görülən əməliyyat tədbirləri nəticəsində qarşı tərəfin 6 hərbi qulluqçusu mühasirəyə alınaraq zərərsizləşdirilib və onlar əsir götürülüb.

“Səhər saatlarında sərhəd yaxınlığında Ermənistan silahlı qüvvələrinin tanklar da daxil olmaqla bir neçə döyüş texnikasının cəmləşməsi müşahidə edilib. Tərəfimizdən görülən tədbirlər nəticəsində onların hərəkətinin qarşısı alınıb.

Hazırda bu istiqamətdə əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır”, - deyə Nazirliyin məlumatında bildirilir.

Xatırladaq ki, Azərbaycan Ordusunun Kəlbəcər və Gədəbəy rayonlarında yerləşən mövqeləri mayın 24-dən 26-dək də Ermənistan Respublikasının Geqarkunik vilayəti ərazisindəki düşmən mövqelərindən fasilələrlə atıcı silahlardan atəşə tutulmuşdu.