"Bu gün cəmiyyətimiz şəxsiyyətsizlikdən, insanların dəyərlərə arxa çevirməsindən əziyyət çəkir"

"May ayı gələndə mən hafizəmdə olan ən qiymətli insanlardan biri kimi həmişə Fuad Poladovu xatırlayıram. Mayın 5-i onun anım, 24-ü isə doğum günüdür. Mayın 5-də yenə dostlarla gedib məzarını ziyarət elədik".

 

Bunu İlkxeber.org-a açıqlamasında tanınmış media eksperti, professor Qulu Məhərrəmli bildirib:

"Sanki sağ imiş kimi adam onunla söhbət edə bilir. Fuad niyə bu qədər sevilir və niyə insanlar ona bu qədər ehtiram göstərir, həyatda olmadığı bu illər ərzində onun haqqında düşünür və danışırlar? Mən bunun birinci səbəbini Fuadın şəxsiyyətində, ikincisini onun sənətində görürəm. O, teatrda oynadığı bir birindən gözəl obrazlarıyla, yaratdığı və uzun müddət bizim hafizəmizdə qalan teatr və televiziya tamaşaları ilə sevilən aktyordur. Səhnəmizin və teatr sənətimziin inkişafına onun çox böyük töhfələri var. İkinci bir tərəfdən Fuad bir şəxsiyyət kimi də çox sevilir. Çünki indi çox az adamlar olur ki, o Fuad Poladov qədər özündə həm böyük ustatdlığı, böyük sənətkarlığı birləşdirsin, həm də şəxsiyyəti bu dərəcədə parlaq olsun. Fuad bu iki xüsusiyyəti özündə birləşdirən çox nadir simalardan biridir. Uzun illər - 30 ilə yaxın bizim yaxşı münasibətimiz olub. O sənət adamı idi və tez-tez yollarımız qovuşurdu. zahirən az danışan görünürdü, amma içi çox dolu, zəngin idi. Bir dəfə 90-cı illərin sonlarında "Kaspar" deyilən xəstəxanada müalicə olunurdu. baş çəkməyə getdik, palatada tək idi. Tək olduğundan xeyli söhbətləşmək imkanımız oldu. O söhbətimizdən sonra mən Fuadı daha çox sevdim. Çünki gördüm ki adam təkcə sənəti, teatrı, ədəbiyyatı sevmir, ümumiyyətlə özü başdan ayağa maraqlı olduğu qədər də mənəviyyat xəzinəsidir.

Mən "Səhər" proqramında işləyəndə dəvət edirdik. Bəzən gəlməyə imkanı olmayanda çox incə şəkildə dil-ağız edirdi. Düşüncəsi çox işıqlı idi. Məsələn, onun insanlara yanaşmasında maraqlı olan nə idi? Deyirdi ki, insanın şəxsiyyət olması üçün gərək onun şəxsi mövqeyi olsun ki, ondan sonra da ictimai mövqe qazana bilsin. Bu sözlərdə çox böyük həqiqət var. Bu gün Azərbaycan cəmiyyəti şəxsiyyətsizlikdən, parlaq xarakterin olmamasından, insanların öz məsləyində davamlı qalmamasından, dəyərlərə arxa çevirməsindən əziyyət çəkir. Ona görə də sözün həqiqi mənasında bu cəmiyyətin Fuad Poladov kimi "Polad"  insanlara ehtiyacı var. Onu çox ehtiramla xatırlayırıq, ruhu şad olsun".