BAKI AVRASİYA UNİVERSİTETİ AVROPA KOMİSSİYASININ LAYİHƏSİNDƏ İŞTİRAK EDİR

Avropa Komissiyasının “Erasmus+” proqramı çərçivəsində elan olunmuş qrant müsabiqəsində ötən il  Bakı Biznes Universitetinin təqdim etdiyi layihə qalib elan olunub. Avropa Komissiyasının dəstəklədiyi layihə “Azərbaycanda Rektorlar Konfransının Yaradılması” adlanır. Layihənin əsas məqsədi ölkəmizdə ali təhsilin inkişafı və Avropa təhsil sisteminə inteqrasiyanı daha da dərinləşdirməkdir. Bunun üçün Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəsissələrinin rektorlarından ibarət bir ictimai qurumun yaradılmasını nəzərdə tutur.

Bakı Avrasiya Universitetinin də tərəfdaş kimi qoşulduğu layihənin icrasının başlaması münasibətilə açılış mərasimi keçirilib. Tədbiri açan layihənin koordinatoru Gülşən  Bayramova layihənin məqsəd və vəzifələri haqqında iştirakçılara məlumat verib. Daha sonra Bakı Biznes Universitetinin rektoru, professor İbad Abbasov məruzə edib. O çıxışı zamanı universitet rektorlarının iştirakı ilə təsis ediləcək “Rektorlar Konfransı”nın yaradılmasının ali təhsilin problemlərinin həllinə yardım göstərəcəyini vurğuladı. Bildirdi ki, təhsil mütəxəssislərinin iştirakı ilə keçirilən ictimai müzakirələr ali təhsilə aid problemlərin müəyyənləşdirilməsinə və onların həllinə töhfə verəcək, təcrübə mübadiləsinə, uğurlu nəticələrin bölüşdürülməsinə və paylaşılmasına imkan yaradacaq.

Daha sonra tədbirdə Azərbaycan Respublikasının təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edərək dedi ki, hazırda ali təhsilin qarşısında duran əsas vəzifələrdən biri istənilən şəraitdə, dünyanın hər yerində işləyə bilən yüksək ixtisaslı, rəqabət qabiliyyətli mütəxəssislərin hazırlanmasını təmin etməkdir. Belə mütəxəssislərin hazırlanması isə ali təhsil sahəsində vahid təhsil məkanının yaradılmasını tələb edir. Nazir müavini bunun üçün ayrı-ayrı ölkələrin ali təhsil sisteminin bir-birinə yaxınlaşdırılması və uzlaşdırılmasının vacib olduğunu bildirdi. O, çıxışında informasiya texnologiyalarından istifadənin vəziyyəti və beynəlxalq informasiya məkanına çıxış imkanları ilə bağlı vəziyyətə də toxundu.

Sonra Avropalı qonaqlara söz verildi. Avropanın nüfuzlu müxtəlif universitetlərini təmsil edən rektor və digər məsul şəxslər layihə iştirakçılarına uğurlar arzuladılar və bu sahədə öz təcrübələrini bölüşdülər.

“Erasmus+” proqramının Azərbaycan üzrə nümayəndəsi Pərviz Bağırov layihənin gerçəkləşməsinin ölkəmizin ali təhsil sisteminə verə biləcəyi töhvələrdən danışıb.

Tədbirdə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, Magna Charta müşahidə qrupu, ABŞ, Polşa, Fransa və Litvanın Azərbaycandakı səfirliklərinin fövqəladə və səlahiyyətli səfriləri və nümayəndələri də iştirak edib.

 Açılış mərasimində Bakı Avrasiya Universitetini Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Səyavuş Qasımov, Elmi işlər üzrə prorektor, professor Gülzar İbrahimova, Regionşünaslıq və iqtisadiyyat fakültəsinin dekanı, dosent Mütəllim Rəhimov və Tərcümə kafedrasının müdiri, dosent Sevda Rzayeva təmsil ediblər.

“Azərbaycanda Rektorlar Konfransının Yaradılması” layihəsində BAAU-nun iştirkına münasibət bildirən prorektor Səyavuş Qasımov deyib ki, rektorlardan ibarət bir ictimai birliyin yaradılması təhsilin keyfiyyətinin daha da yaxşılaşdırılmasına kömək edəcək. Biz ali təhsilin səviyyələri arasında kəsilməzliyin təmin olunması, kredit sisteminin uğurlu və tam şəkildə tətbiqi, təhsilin keyfiyyətinə nəzarətin gücləndirilməsi, ixtisasların və diplomların Avropa məkanında tanınması, məzunların işlə təminatına nail olunması və s. məsələlərin həllində ciddi irəliləyiş gözləyirik. “Bütün bunların təmin olunması üçün ölkəmizdə fəaliyyət göstərən ali təhsil müəssisələrinin özlərinin fəaliyyətinin ilk növbədə əlaqələndirilməsinə ehtiyac vardır. Ali təhsildə olan çatışmazlıqları birlikdə aradan qaldıra bilərik. Eyni zamanda, dünyanın qabaqcıl ölkələrində olan müasir təhsil sistemini hamılıqla daha uğurlu şəkildə ölkəmizdə tətbiq edər, yaxşı nəticələr əldə edə bilərik” – S.Qasımov sonda bildirib. 

Onu da qeyd edək ki, layihə üç il ərzində həyata keçiriləcək. Bu müddət ərzində zəngin tədbirlər planının həyata keçirilməsi və ciddi nəticələrin əldə edilməsi nəzərdə tutulub.