Vaşinqtondan Kremlə dəhşətli sanksiya hazırlığı: "Rusiya milli təhlükəsizliyini qorumaq üçün..." - Politoloq

Ukrayna-Rusiya gərginliyinə münasibət bildirən Pentaqonun NATO və Avropa üzrə keçmiş köməkçisi Cim Tounsend “Ukraynanın ən yaxşı silahının ABŞ raketləri yox, beynəlxalq sanksiyalar” ola biləcəyini dilə gətirib. O, ən ağır iqtisadi sanksiyanın isə Rusiyanı SWIFT sistemindən ayırmaq olduğunu deyib. Çünki bu sanksiya cəzalandırılan tərəfi bank əməliyyatlar aparmaqdan məhrum edir və bütün idxal-ixrac əlaqələri kəsilir, iqtisadi böhran qaçılmaz hala gəlir.

Pentaqon təmsilçisinin dediklərini şərh edən Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyev bildirib ki, Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti (SWIFT)

200-dən artıq ölkədə 11 mindən çox maliyyə qurumunun qlobal ödənişlər üzrə məlumatlarını idarə edir: "SWIFT-in baş ofisi Belçika və ABŞ-dadır. Braziliya, Avstraliya, Hindistan, Yaponiya, Koreya, Avstriya, Belçika, Fransa, Almaniya, İtaliya, Cənubi Afrika, İspaniya, İsveç, İsveçrə, İngiltərə, BƏƏ və Rusiyada ofisləri var. Bu sistemdə əsasən əməliyyatlar ABŞ dolları və Aİ valyutası olan avro ilə aparılır. Əslində, SWIFT siyasətə qoşulmayacağını iddia etsə də, faktiki olaraq artan təzyiq qarşısında bitərəf qala bilmir.

Belə siyasi tərəfkeşlik və ABŞ-ın alətinə çevrilməsi bu sistemə olan inamı azaldır. Dollara alternativ tapmaq istəyən dünya, ödəniş sistemlərinə də alternativ tapmalıdır. ABŞ banklarının iştirakı olmadan yeni sistem qurmaq real məsələ kimi görünmür. Çünki dünyada ticarətin də böyük hissəsi ABŞ-ın milli valyutası dollarla aparıldıqca güc yenə də ABŞ-ın əlində qalacaqdır. Bu gün dünya ticarətinin 80-90 %-i dollarla, beynəlxalq əməliyyatların çoxu isə ABŞ maliyyə sistemi vasitəsilə tənzimlənir.

Bu sistem vasitəsi ilə ABŞ dünyanın maliyyə sektorunu tam nəzatətə götürdüyündən, bununla dünya iqtisadiyatını təmzimləyir. İqtisadiyyat siyasətə, siyasət də iqtisadiyyata bağlı olduğundan ABŞ dünya siyasətini tənzimləmək gücünə sahibdir.

Beləliklə, ABŞ öz marağına uyğun olmayan dövlətlərdə krizis yaratmaq gücünə malik olur. SWIFT beynəlxalq ödəniş sistemini ABŞ öz nəzarətində saxlamaqla istədiyi dövlətdə şirkətlərə, banklara və şəxslərə sanksiya tətbiq etmək imkanına malikdir. ABŞ bu imkanlardan istifadə edərək öz maraqlarını hər şeydən önə çəkərək ədalət pirinsiplərini tapdamış olur".

Ekspertin fikrincə, Rusiya rəhbərliyi uzun müddətdir ki, bu sahədə, yəni ticarət əlaqələrində dollardan imtina edərək, milli valyuta ilə ikitərəfli ödəmələri həyata keçirmək barədə danışıqlar aparırdı:

"Rusiya Xarici İşlər Nazirliyi, ABŞ-ın, SWIFT sisteminin bağlanması ehtimalı qarşısında Rusiya texnologiyasına əsaslanan yeni bir ödəmə sistemi qura biləcəklərini açıqlayıb.

Rus maliyyə və bank mütəxəssisləri, Rusiyanın SWIFT-ə alternativ bir sistem qurma gücünə sahib olduqlarını bildiriblər. Türkiyə ilə, o cümlədən Avrasiya İB-ə daxil olan ölkələrlə, Çin, Hindistan və İranla danışıqlarda razılaşmalar əldə etmişdi.

SWIFT beynəlxalq ödəniş sisteminə alternativ olaraq yeni beynəlxalq ödəmə sistemi yaranarsa, bu halda, yeni dünya valyutasının yaranması ehtimalı gündəmə gəlir. Xatırlatmaq istiyirəm ki, Rusiya Avrasiya İB-nin ALTUN pul vahidini dövriyyəyə buraxılmasını istəyir, təbii olaraq yeni yaradılan ödəmə sistemində bundan istifadə oluna bilər.

Çinin (China İnternational Payment System) sistemi, həmçinin Hindistanın buna bənzər sistemi, Rusiyanın Peredachi Finansovıkh Soobsheniy - Maliyyə Məlumatların Ötürmə Sisteminə qoşulması çox böyük siyasi-iqtisadi əhəmiyyət kəsb edir.

Rusiya Mərkəzi Bankı tərəfindən idarə olunacaq vahid sistemin yaradılması, Avraziya İB-nin inkişafına gətirib çıxara bilər ki, bu da ABŞ-ın strateji maraqlarına uyğun deyil.

Belə olan təqdirdə, yəni maraqların toqquşması dünyada yeni siyasi gərginliyin artması ilə nəticələnə bilər. Braziliyada keçirilən BRİCS (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası) zirvə görüşündə təşkilatın üzv ölkələri milli valyutalarla ticarət əlaqələrini genişləndirməyə səy göstərir.

Rusiya, Çin və Hindistan SWIFT beynəlxalq ödəniş sisteminə qarşı öz alternativini yaratmaq niyyətindədirlər. Ukrayna-Rusiya gərginliyi ilə bağlı Pentaqonun NATO və Avropa üzrə keçmiş köməkçisi Cim Tounsend fikirləri ilk baxışdan Rusiyaya iqtisadi cəhətdən zərər vurmağa hesablansa da bu Ukraynada və onun ətrafında yaranmış gərginlikdən çıxış yolu deyil.

Rusiya öz milli təhlükəsizliyini qorumaq üçün yeni sistem qurmaqdadır, bu yolda ona mane olan bütün hədəfləri aşmağa qarşısına məqsəd qoyub".