Səs-küylü məhəllələrin ləzzəti başqa idi...
Hambal şələsinin kənarlarında sünbül çələngləri, mərkəzində soykökü “MH” (kiril əlifbası) hərfləri həkk edilmiş daş kitabə-VENZEL Ağa Musanın keçmişini unutmadığına-hamballıq etdiyinə, atasının saman satan olduğuna bir işarədir. Binalarının üzərinə vurdurduğu bu VENZEL milyonçunun daşlaşmış möhürünün təsirini bağışlayır. İş otağında asdığı VENZEİ 2 kq. qızıldan hazırlanmışdır.
Həmin EMBLEMi adını daşıdığı və təsisçisi olduğum “Milli Dəyərlərin Qorunması” Təşkilatının möhürü ilə yaşadıram.
“Yuxarı baxıb, fikir etməkdənsə, aşağı baxıb, şükr edin”
Mənim gözümlə Bakıya nəzər yetirsəniz, bu günkü tikintilərdə Bakının keçmişdə tikilən binaların alternativ arxitekturaya rast gəlmədiyinizlə razılaşarsız. ... Keçmişlər gözümün önündə canlandı...
Neçə vaxtdır ki, Bakıya o vaxtlarda gördüyüm kimi baxıb, nəyisə arayıb- axtarıram. Beynimdə kimi, nəyi, niyə, harda, kimdə sualları biri-birinə qarışır.
... Hanı Ağa Musanın Quran ayələrilə dörd tərəfini bəzəyən əvvəlki “İsmailiyyə”si, ÜNS teatrının keçmiş binası, Qış Evi,Yeni Avropa və Astoriya mehmanxanaları, yaşadığı ev-Gül passajı, indi sanki yataqxanaya döndərilmiş Mərdəkandakı bağı?
Hanı Hacı Zeynalabdin Tağıyevin, Ağa Şəmsi Əsədullayevin, Murtuza Muxtarovun, İsa bəy Hacınskinin tikdirdikləri məqsədyönlü binaları, əzəmətilə insanı lərzəyə gətirən yaşayış evləri, gözəlliyi təsvir olunmaz bağları?
Bəlkə məndəki bu hisslərə, keçmişə qayıdışa səbəb, babam Ağa Musadır? Əlbəttə ki, bu öz yerində. Amma Bakı doğrudan da çox dəyişir axı. Yeni tikililən göydələnlərin alliqarxları Bakını lap rəhmətlik Krılovun yazdığı “Qu quşu, durna və xərçəng” təmsilindəki kimi hərəsi bir tərəfə dartır ha, hələ hey dartır...
Köhnə Bakı üçün lap darıxdım... Hisslərimi yazıya yönəltdim... Köhnə bulvar üçün, oradakı çimərlik üçün, vışkanın yanındakı lodkaya bənzər yelləncəklər üçün darıxdım. Köhnə Parapet (Fəvvarələr meydanı ) üçün, döşəmə rəngilə tünd qırmızı və bir də göy rənglənmiş oturacaqları üçün darıxdım. Rəhmətlik Nəsibə Zeynalova demişkən-“sögülülərin” görüş yeriydi bu bağ.
Bakıda ilk olaraq bu bu bağda uşaqlar üçün çox hündür olmayan, dairəvi yelləncək - karuseli var idi. Cürəbə -cürə heyvan miflərilə bəzədilmiş oturacaqlardakı uşaqlar heyvanların tutacaqları əvəz edən boyunlarından tuturdular ki, yıxılmasınlar. Onlar qarmonda ifa edilən milli müsiqi təranələri altında 10 dəqiqənin tez keçdiyindən narazı qalırdılar. Biletin qiyməti 30 qəpik idi. Bir az pullu valideyinlər uşaqlarına bu sevinci ikinci dəfə də yaşadırdı. Hə... yadımdadır.
Bilmirəm bilirsiz ya yox? Fikrinizi o zaman Krasnovodski adlanan, indiki S.Vurğun küçəsinin tinindən Xaqani (9 Yanvar) küçəsilə üzü (Böyük dəniz) Bülbül prospektinədək, oradan sağa dönüb (Birja) Üzeyir Hacıbəyov küçəsindən (üzü Sahil Metrosunun çıxışı tərəfindən) S.Vurğun küçəsinə dönüb, Xaqani küçəsinin kəsiyində, dördbucaq əmələ gətirən bu böyük çevrədə Ağa Musanın üç nəhəng tikililərinə ekskurs etməyə yönəltmək istərdim. Onu da nəzərinizə çatdırım ki, Bülbül prospektindəki “Dənizçilər Klubu”ndan başqa bu əhatədə tikilən mülklər Ağa Musaya aid olub.
-Belə ki, Xaqani küçəsilə küçəsində keçmiş “Astoriya” mehmanxanasının yerində hazırda fəaliyyət göstərən “Məhkəmə Ekspertizası”nın çoxsaylı eyvanlarındakı mifoloji heyvan qrifi və “MH” inisialları ilə bəzədilmiş bina, bu gün də öz ömrünü yaşayır. -S.Vurğun küçəsində sahilə yaxın ümumi yığıncaqlar keçirmək məqsədilə tikdirdiyi “Qış Evi” binasının sudan qorumaq məqsədilə qoyulmuş körpüvari binövrəsi bir növ Parisdəki Eyfel Qülləsinin dirəyini xatırladan formada qurulmuşdur. Binada neçə onilliklərdir ki,“Zabitlər Evi” fəaliyyət göstərir. -Bu dördbucaq çərçivəsində, Bülbül pr-dən sağda Ü.Hacıbəyov küçəsindəki binadan başlayaraq “Zabitlər Evi”nədək olan məsafədə Ağa Musanın “Tikiş Fabriki” olub. 100-ə qədər işçi buradan çörək pulu qazanıb. Sovetin dövründə Fabrik ləğv olunaraq başqa-başqa müəssisələrə icarəyə verildi. Təqribən 10 il bundan əvvəl “təsadüfən” baş vermiş yanğından sonra ziyan çəkmiş “Zabitlər Evi” əsaslı təmir olunaraq, yenidən bərpa olundu. Amma “təsadüfən” yanmış Fabrikin yerində isə yüksək mərtəbəli bina cücərdi. Sadəcə o zamanlar buradan 100 nəfər çörək yeyirdi, indi isə xozeyin yüzlərlə satdığı evlərin kirayənişinlərindən “çörək pulu” qazanır. Rusların gözəl bir misalı var: «Отсюда мораль»!!! Hə, nə olsun, pulu var idi, yeri yox idi də? Söküb, hə, nə olsun ki, tikib də... Pis iş görməyib ki, sadəcə xeyriyyəçilik edə bilmir.
Hə, darıxmaqdan söhbət açdım, gör hara getdim. Nə olar, pulu var idi, yeri yox idi. Söküb, hə,nə olsun ki, tikib də..
Olginski, sonradan Caparidze, indi Məmmədəmin Rəsulzadə küçəsindəki köhnə prodmaq üçün, orada satılan yarıya böiünmüş fransız bulkasının arasındakı əsl “lyubitelskaya” kolbasanın dadı bir tərəfə,ətri üçün, biri 3 qəpiyə olan əsl cigər piraşkiləri (pirojki s cigərim) üçün, pavidlalı ponçiklər üçün darıxdım.
Həmin küçədə sosiskaxana vardı. Ensiz, uzunsov bir yer idi. Sağda və solda 3-4 nəfərlik balaca dairəvi stolun ətrafı heç vaxt boş qalmırdı. Gəzintiyə çıxan gənclər burada sosiska yeməmiş, bulvara keçməzdilər. Nişanlı vaxtlarım yadıma düşdü. Darıxdım.
Mənə də nişanlım tələbə ikən təqaüd alandan-alana, ayda iki dəfə burada sosiska qonaqlığı verirdi. Dadından doymadığımız sosiskanı yeyib,üstündən qalın çay stəkanlarında (qranyonnı deyirdik) kakao içsək də, bulvarın girişinə çatanadək xardalın “tüstüsü” hələm-hələm burnumuzdan çıxıb, qurtarmaq bilmirdi.
Lap o günlər üçün darıxdım. Ən xoşbəxt günlərim idi. Həmin sosiskaların ləzzətini sanki hiss etdim, o keyfiyyət üçün darıxdım.
Yadınıza gələr, Moskva prospektində, indiki Heydər Əliyev prospektində “Ayaqqabı Fabriki” vardı. El arasında danışanda bu küçəyə Moskovski deyirdilər. Bu fabrikin istehsal etdiyi ayaqqabılar dünyamiqyasında özünə eksklüziv ad qazanmışdı. İndi belə keyfiyyətli ayaqqabılara “firmirni” deyirlər. Fabrikin binası necə də gözəldi. Nə yaxşı ki, binadan başqa yönümdə istifadə olunsa da, məkan və formatı dəyişdirilməyib. Binanın qüllələri bu gün də prospektə xüsusi yaraşıq verir. Hələ işçilərdən danışmıram. Nə qədər buradan əmək haqqı alan (maaş deyəndə daha moşnı çıxırdı), mükafat və 13-cü maaşla ailəsini dolandıran, ata-anasına kömək edənlər də vardı. Hətta ildə bir dəfə MDB ölkələrinə səyahət də edərdilər. İndi dəbdə olan Baliyə səyahət etməyi heç ağıllarına da gətirmirdilər.
O zamanlar evdə qazanın qapağı belə açılmazdı evin kişisi işdən qayıdanadək. Kişi evə gələndə həyat yoldaşı hər gün dediklərini: - “Hə, uşaqlar, atanız gəldi, süfrə arxasına keçə bilərsiz” cümləsini təkrarlayardı.
Burada bir haşiyəyə çıxmaq istərdim.
Hələ 1906- 1915-ci illərdə Ağa Musa Nağıyevin müəssisələrində 713 işçi qüvvəsi var idi. Bunlardan 672-si fəhlə, 41 nəfəri isə qulluqçu kimi fəaliyyət göstərirdi. Onlara verilən maaş ildə 173 min manat edirdi, müvəqqəti işə götürülənlərə verilən maaş isə ildə 280.min manatdan yüksək idi!
Həmin bu küçədə Biskvit Fabrikası (Biskivitni deyirdilər) da var idi. Burada hazırlanan şirniyyatlar yerli əhaliyə çatmırdı - Moskvaya daşındığından. Paxlavası - Şəkərburası dillər əzbəri idi. İçi pavidlalı ruletin kilosu inanmazsız, amma inanın, 1manat 40 qəpiyə idi. İnanın,Vallahı-billahı düz deyirəm. Mən bunları görmüşəm ki,yazıram. Burada bişirilən paxlava - şəkərburanın dadını bilirsiz haradan bilirəm? Ticatət Nazirliyində işlədiyim vaxtlarda Moskvaya ezamiyyə olunarkən “Bakı” restoranında bu nemətlərdən yeyəndə mat qalmışdım ki, bu Bakının məhsuludur? Hələ Moskvadan Bakının bu milli şirniyyatlarından “revizorun”payından bacı və qardaşlarıma da pay çatırdı. Yeyəndə mat-məəttəl qalırdılar ki,...
İstədim yazımı burada bitirim, amma qələm əlimə bərk yapışmışdı. Fikirləşdim ki, yazmalıyam. Bakının keçmişi çox maraqlı olub. Hərə öz yaddaşını az da olsa vərəqləsə, Bakı haqqında bir tarix yaradar.
Bunlara məni sövq edən atamın və babamın Bakıya göstərdikləri xidmətləri oldu. Çox darıxdım atam üçün. Ondan öyrəndim keçmişə qayıdışı. Amma hayıf ki, o, çox gec “dil açdı”, yalnız 1967-1970-ci illərdə. Səbəbini soruşa bilərsiz. Sadəcə desəm, milyonçunun vərəsəsi olduğundan... O zaman tələbat belə idi... Nə yaxşı ki, arxivlərimiz var, nə yaxşı ki, yaddaşım mənə hələ ki, xainlik etmir.
Xatirələrə qatıldım...
Hə, kilosu 1manat 60 qəpiyə satılan - içi vişnəli, portağallı və limonlu karamel konfetlərini dişlə sındıranda şaqqıltısından, dadından bihuş olduğum vaxtlar üçün darıxdım. Qubanov - indiki Zivərbəy Əhmədov küçəsində “Qənnadı Fabriki”nin (el arasında müsəlmanlar da “Qərəmelni” deyirdilər) yanından keçəndə bu şirniyyatlara vurulan ədviyyatların şirin qoxusu iki tin aralandığın məsafəyə qədər səni müşayiət edirdi. Hələ işçilərin sayından, oradan evlərinə gətirdikləri paydan qonum-qonşuların da bəhrələndiklərindən söz açmıram... Kimsə kiməsə hara gedəcəyini başa salarkən, “Qərəmelninin” yanından sağa və ya sola dönərsən deyərək, söyləyərdi.
Bu küçədə sağda, yerli əhalinin ən sıx yaşadığları yerdə, Oktyabrski- indiki Yasamal rayonunda -ucuzluğu ilə çox şöhrət qazanmış “Kömürçü Bazarı” vardı. Həmişə alıcılarla dolub-boşalan bazar. Kasıb-kusublar, çoxuşaqlı ailələr “axşam bazarına” saat 5-6 radələrində gedərdilər.Yəni kənddən mal gətirənlər axşama məhsullarını ucuz satardılar ki, qaranlıq düşməmişdən, kəndə qayıtsınlar. Məsələn 50 qəpiyə olan kartofun 3 kilosunu 1 manata,1 manata olan10 dəstə göyərtini 70 qəpiyə, kilosu 40 qəpiyə olan soğanı 25 qəpiyə satırdılar. Lap axırda isə qalan məhsulları bazarın gözətçilərinə və süpürgəçilərinə paylayardılar.Yəni lap “indiki kimi” kasıb-kusubu yaddan çıxarmırdılar. Anam kənd şoru almaq üçün həftənin xüsusi günləri, yaxşı balqabaq almaq üçünsə həftənin başqa günü bu bazara gedərdi.
Bazarın ətrafında qalayçı (qəleyçi deyirdilər) - mis qazanları ağardan, yağış sularını axıtmaq üçün yüngül aliminiumdan cürbəcür formada navalçalar düzəldən və açarların surətini çıxaran xırda-xırda dükanlar vardı. Dükanda işləyənlər zəhmətləri hesabına, necə deyərlər, xırda alver -“cuud alveri” edərək, çörək pulu qazanırdılar. Belə işçilər dükanları bağlayıb, evə gedəndə yollarını bu bazardan salardılar.
Lap darıxdım o günlər üçün. Kasıbçılıq olsa da, problemsiz günlər idi. İnsanların biri-birlərini başa düşmələri üçün darıxdım. Arxanda kimisə hiss etdiyin günlər üçün darıxdım. Lap pis oldum.
Hələ qonşupaylarından, onların mehribançılıqlarından, toyda da, yasda da biri-birlərinə arxa olduqlarından söz açmıram ki, mətləbdən fikrinizi yayındırmayım.
Bakı bağlarına gedərkən, istinin cırha - cırında saatlarla gözlədiyimiz, sonra da saatlarla dayanacaqlarda dayanan, yanlarımızı taxta oturacaqları kəsən köhnə elektriçkalar üçün darıxdım.
Bağ dedim, Şağandakı bağımız yadıma düşdü... Hə, indi bağımız yoxdur.
Anam Zəhra xanım qiyməti 60 qəpiyə karton qutuda kofe və karamel konfet almağa qardaşım Çingizlə məni Şağandan Mərdəkana göndərərdi. Bu yolu piyada gedib, qayıdanadək aldığımız konfetləri yarı- yarımçıq edirdik. Anam hirslənərək, konfet çərəz deyil, çayla içmək üçündür, desə də, bu hal hər dəfə təkrar olunurdu.
Atam Fərəc kişi yaman papiros çəkən olub (indi modnı deyirlər -siqaret). Evdə aparatı da var idi, tənbəkini (tütün) alar və özü kağaz olmayanda qəzetdən də eşərdi. Hərdən deyərdi ki, paprusa bir qullab vurub, içinə çəkdin,ciyərlərin bu tüstünü hiss etmədin, deməli tənbəki zaydır. Bir də atamdan eşitmişdim ki, Bakıdakı fabrikdə istehsal olunan papiros növləri SSRİ-də birinci yeri tuturdu. Gördüyümüz “Kazbek” və“Belamor”u bir az pullular alırdı, kasıblar isə qiyməti 15- 20 qəpiyə olan“Prima” və “Astra” alırdı. SSRİ- yə daşınan siqaretlərin heç adlarını belə eşitməmişdik.
Balaxanskaya, sonra Basin - indi Füzuli adlanan küçədən keçərkən,indiki Heydər Əliyev Sarayının yerində xoş qoxusu ətrafa yayılan, burnumuzu qıcıqlandıran “Tütün Fabriki” üçün, həmin küçədə Layihə İnstitutunun yerində göyərtinin dəstəsi 10 qəpiyə satıldığı - el arasında “Zelyonıy Bazar” deyərdilər, “Yaşıl bazar” üçün lap darıxdım.
“Neftçi” futbol komandasının məşhur futbolçusu Eynullayev Kamil xalam oğlu olub. Yeddi oğul, bir qız anası, Qəhrəman Ana- Stara xanım, xalam bu bazarın komendantı idi. İndi belələrinə “Bos” deyirlər, deyəsən. Həftədə 2 dəfə saat 3-dən sonra anam bizi “bazarlığa” göndərərdi. Toxunma torba ( tor setka) əlimizdə, xalam satıcılara əmrlə deyərdi: bundan 3 kilo, bundan 2-3 kilo, bu ətin yaxşı yerindən 2 kilo və beləcə yükləndiyimizi, tor setkanı ağırlığından yerə dəyə-dəyə evə güc ilə çatdırırdıq. Hələ xalam üstəlik bizə bahalı Eskimo dondurması da yedizdirərdi. Məhəllədə satılan Südlü və Fruktovı dondurmalar 10 qəpiyə idi. Stara xalam bunların hamısını “revizorun payından” pulsuz alar, bacılarına kömək əlini uzadardı.
... 1958-1960-cı illərdə Stara xalam 28 may küçəsindəki Ağa Musanın tikilisi “Əkiz Binalar”ın 1-ci mərtəbəsində böyük qastranom deyilən şirniyyat mağazasında xəzinədar işləyirdi. Sovetin qanunlarına əsasən alıcını hətta qəpik-quruşda hesabda aldadanı ticarətdə işləməkdən məhrum etməklə həbs cəzası da gözləyirdi. Ya da ki, böyük məbləğdə cərimə ödənilməli idi. Xalam alıcıya qaytardığı qalıq puldan 30 qəpik əskik verəndə, müfəttiş tərəfindən yaxalanmışdı.
Çox çətin vəziyyət idi. Hərə bir tikə çörək pulu qazanıb, ailəsini güc-bəla ilə dolandırırdı. Çoxuşaqlı Stara, qazancı ilə ailəni ancaq dolandırırdı. Cərimənin öhdəsindən gələ biləcəyi böyük şübhə altında idi. Gecəni səhərədək gözü açıq qalan xalam, səhər şahidi olduqlarına inanmadı.
Əhvalatdan xəbər tutan nənəm Məşədi Xanım, əynindəki xələtin (platya xalat deyirdilər) 10-12 ədəd üstü parçadan tikilmiş düymələrindən 2-ni qayçılayıb, içindəki qızıl beşlikləri xalama uzadanda onun gözləri bərələ qalmışdı. Stara xalam o zaman heç varına getməmişdi ki, işlədiyi qastranom da Ağa Musa Nağıyevin tikdirdiyi binada yerləşir. Hə, qayıdaq əsl mətləbə.
Yay aylarında qəmbər döşəmələri ilə seçilən yuxarı məhəllələrdə - Sovetski, Verxnaya Naqornaya, Nijnaya Naqornaya, Kamo küçələrində satıcının səyyar əl arabasını sürərək hay-küy salıb, “Marojna var, südlü, fruktovı marojna, gəlin ha, qurtarır... a, gəlin...a”- deyən satıcının səsi aləmi bürüyürdü. Hərdən o, bu çağırışı rusca çox gülməli şəkildə deyirdi: “marojnı yest, marojnı. Eskimo na palıçki, dlya krasivıy damıçki”. O zaman Südlü dondurma 10 qəpiyə, Fruktovı (meyvəli) isə15 qəpiyə idi.
Həmin meyxoş meyvəli dondurmadan istəyirəm. Ucuz və keyfiyyətli. Şirin və dadlı. O illərə qayıtmaq istəyirəm. Uşaq olmaq istəyirəm. Bakının əvvəllərdəki tək “balaca” olmasını istəyirəm.
Hə, günorta saat 2-3-dək, yəni gün düşənədək, bir də axşam gün batanda ara-sıra alver edənlərin səsi həyətləri bürüyürdü: Primus düzəldirəm, primus. Bu üç ayaqlı pilətə idi, aşağıda bir qulpu vardı. Bu qulpu gah “nöyüt” (neft) olan balaca bakına sarı, gah da kənara dartardılar ki, alov güclənsin.
O birisi qışqırardı ki, pilətə piltəsi var, işveyni maşın üçün “ignə” var (tikiş maşını üçün iynə deyirmiş), bir başqası da qışqır-bağır salardı ki, ucuz çit parça və qəlin stəkanlar var, gəlin ay müştəri. Dəsgah bundan sonra başlayırdı. Pəncərələrini açıb, yarıyacan çölə sallanaraq çağırış edən qadınların dediklərini çatdırıram: -“Ağəz, Gülbacı, çıx küçəyə, ucuz parça var, satanı göndərirəm süzə” ,yaxud da ki, “Sənəm, ay Sənəm hey... iynə istiyürdün maşınçun”, yaxud da “Ay Güllü, ağəz eşitmirsən, öldüm bağırmaqdan, çıx eşiyə yaxşı şor gətiriblər”...
Səs-küylü məhəllələrin ləzzəti başqa idi... O illərə qayıtmaq istəyirəm. Bakının əvvəllərdəki tək olmasını istəyirəm.
Adı qalıb,özü isə yoxdur. Sirklə üz-bəüz, S.Vurğun küçəsindəki Təzə Bazarı deyirəm. Hansı tər meyvəni, nübarı axtarsaydın, burada tapardın. Hətta nərə balıq, qara kürü defisitə çevriləndə, bu bazardan baha qiymətə daha nələr ala bilməzdin? Nələr? İndi min bir xırdavat mərkəzinə çevrilən bu bazarın yalnız adı qalıb.
Bakının “Tox kişiləri” yalnız buradan bazarlıq edər,evin qapısını ayaqları ilə açardılar,əllərində saxladıqları sarımtıl qalın kağız kulokları (indiki selafanlar yox e) yerə qoymazdılar ki, bərəkəti qaçar, deyərdilər. Nökərsiz, xidmətçisiz. İndikindən irağ olsun.
Deyirəm bu bazar deyəsən yaddan çıxıb, hə? Nə 23 mərtəbəli göydələnin yeridir?
Şad xəbər olasız. Ağzımdan söz çıxıb,yazıya dönüncə, bazarı köçürtdülər. Bilirsiz hara, keçmiş “Turist”, sonradan “Qarabağ” addlanan mehmanxananın yerinə. Gözdən uzaq, könüldən irağ. Zavaqzalnı deyilən yerə. Bilirsiz niyə? Axı bu bazarın yeri göydələn bina üçün daha sərfəlidir...
Kiçik yaşlarımda saat 6-nı gözləyərdik ki, gün başımızı deşməsin. Məhəlləmizin qızları böyük bacı və qardaşlarıyla “Beşmərtəbənin” qarşısındakı ilk olaraq “Çadra daloy” deyənlərdən olan Səriyyə Xəlilovanın adını daşıyan “Səriyyə Bağına” ((Dram teatrının yaxınlığında idi) gedərdik atılıb-düşməyə. Bağın ətrafı xoş, al çəhrayı rəngdə acı qoxusu olan Alexandra güllərilə sanki ikinci hasar əmələ gətirmişdi. Sahəsi çox böyük olan, hündürlüyü yarım metrəlik daş hasara alınmış dairəvi bağın daxildən hasara bitişik yarımçıq oturacaqları vardı. Hanı o gözəllik? Bu gün də orada salınmış “Qış Parkın”dan keçəndə o bağı axtarıram, burada atılıb-düşdüyüm günlər üçün darıxıram.
Bağ söküləndən çox sonralar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında ucaldılmış Səriyyə Xəlilovanın simasında "Azad qadın" heykəli ilə bu qadının çadranı atması təsvir edilib.Və çoxları onun bu hərəkətinə görə doğmaları tərəfindən qətlə yetirildiyini yəqin ki, bilmirlər. İndi biləcəklər.
Sovetin dövründə ilk 5 bərtəbə ev tikildiyindən, bu günədək bu əhatə, elə beşmərtəbə kimi də tanınır. Beşmərtəbənin həm Basin tərəfində, həm də C.Cabbarlı küçəsi tərəfində Qastpanom adlanan iri dükanlar vardı. İndi “müxtəlif marketlər” baş götürüb getdiyindən, buralarda xırda mağazalar işləyir. Bu qastranomdakı pirojnaların ləzzəti və qoxusu üçün bu gün də darıxıram. Qiyməti 15 qəpik, tikəsi də ki, maşallah idi. Sovetlər vaxtında maaş iki dəfə, hər ayın 1-də və 15-də verilirdi. Kasıbçılıqla dolandığımız vaxtlar idi. Çoxuşaqlı ailə olduğumuzdan və atamın anamı ülvi bir məhəbbətlə sevdiyindən, hər ay bu iki tarixdə qastranomdan aldığı 2-3 pirojnanı ona gizlicə yedizdirərdi . Bundan çox sonralar xəbər tutduq. Və biz bunu məhəbbətin əfsanəsi kimi qəbul etdik.
O zaman “Səriyyə Bağı”nın sol tərəfindən Basin küçəsilə, Bayıl yaşayış sahəsi tərəfdən Hüsü Hacıyev- indi Aazərbaycan pr-dən keçən tramvaylar üçün darıxmışam. Bilet almayıb, 3 qəpiyə qənaət edərək, yoxlayıcının əlinə keçməmək üçün, tramvay yola düşən kimi başqa oğlanlar kimi qardaşlarım da tramvayın qapısından və arxasından asılardılar. 3 qəpiklərin bərəkəti çox idi...
Basin küçəsinin vağzala doğru gedən tərəfində Əzizbəyov adına Doğum Evi (Əzizbəyov balniskəsi deyərdilər) var idi. Daha yoxdur! Axtarmayın!
O vaxtlar indiki kimi “uşaq çıxarma” mərasimləri dəbdə olmasa da, qışda yun yorğana, istilərdə isə nazik bikeyni və yaxud bumajnı deyilən ədyala bürüyüb, evə gətirilən uşaqlar indikilərdən qat-qat fərqli olaraq, öz başları ilə oxuyub, bəzilərinin “balalarından” fərqli olaraq 2.5mln dollara qol saatı taxmadan, qiyməti 3000 avroya olan bahalı kostyumlar geymədən professor, hətta akademik zirvəsinə də çatanlar çox idi. Ailələrdə xoşbəxtlik və mehribançılıq vardı. Biri-birini başa düşmək, biri od olanda, o biri su olmağı bacarırdı. Xeyirxah proqramlar yox idi. Amma qırğınları razborka eyləyən ağsaqqallar vardı, ağbirçəklər vardı ki, qanı –qanla deyil, su ilə yuyardılar. Boşananların sayı çoz cüzi idi. Necə deyərlər “otmetka” üçün ərə gedib,bir uşağı qoltuğuna vurub, ata evinə qayıdanlar demək olar ki, yox dərəcəsində idi.
Bahalı maşınları olmasa da, zəhməti hesabına, alın təriylə qazandıqları pula Zaparojes (zapı deyirdilər), Pobeda, Moskviç sürənlər qudurğan deyil,sadə insan idi. Bir az pullular “Zim”, bir də kapotun üstündə nikeldən ceyran olan Qaz 21 “Volqa” markalı maşın alırdı.
Nikel dedim, Ağa Musanın avtomobili yadıma düşdü... Haşiyəyə çıxmalı olacağam.
2014-cü ildə İsveçrədən gəlmiş bir nəfər mənimlə Ağa Musa haqqında danışmaq istədiyini bildirdi. Vladimir Borisoviç ilə görüşdüm. Vaxtı ilə Ağa Musanın onun atası Borisə etdiyi yaxşılıq haqqında xatirələrini sizlərə çatdırmağı məsləhət bildim:
“Atam İsveçrə mənşəli olub, Pyatiqorski şəhərində yaşayırdı. Təxminən 1914-1915-ci illər idi. Atam tanışlarına iş barəsində müraciət edir. İşləmək üçün Bakıya gedə biləcəyinə dair razılığını aldıqdan sonra ona bir ünvan verirlər. Deyirlər ki, Bakıda çox mötəbər və varlı bir şəxsiyyət var, Musa Nağıyev. O, özünə etibarlı və savadlı bir sürücü axtarır. Atam Bakıya gəlib, Gül passajı binasında yerləşən kontoru (idarə) tapıb, xozeyni xəbər alır. Onu Ağa Musanın yanına gətirəndə təəccübdən özünü itirir. Çünki o,varlı şəxsiyyətin hündür boylu, enlikürək olduğunu təsəvvür etdiyi zaman, qarşısında orta boylu və təsəvvür etdiyinin əksi olan cılız bir insan görür. Sonradan atam deyirdi ki, əməllərini gördükdən sonra həmin cılız Ağa Musa onun gözündə əvvəlcədən təsəvvür etdiyi kimi canlanmışdı. Tanışlıqdan sonra onu iş otağına dəvət edəndə atamın gözü divardan asılan qeyri-adi bir panoya sataşır. Atam sonradan bilir ki, bu, mənsəbini itirməyib, milyonlara çatsa da, heç zaman samançı oğlu olduğunu və hamballıq etdiyini unutmadığını əks etdirən Emblem idi. Ortasında adının və soyadının baş hərifləri “MH” (kiril əlifbası ilə) həkk edilmiş Emblemin hazırlanmasına 2 kq. qızıl istifadə olunmuşdu. Atamı işə götürməyə razılıq verdikdən sonra onlar birlikdə maşın dayanacağına gəlirlər. Avtomobilin gözəlliyinə heyran olan atam söyləyirdi ki, kapotu açanda sözün əsl mənasında gözləri qamaşmışdı. Ağa Musanın Avropadan sifarişlə gətizdirdiyi “Rols Rois” markalı maşının motoru qiymətli metaldan – nikeldən hazırlanmışdı.”
Hə, bu Əzizbəyov balniskəsilə üzbəüzdə sıra ilə 3-4 xörda-xırda qalayçı dükanları vardı.Tramvaylar bu küçədən hər iki istiqamətdə keçərkən, sıra ilə düzülən qalayçıların çəkicvurma mərasimi yadıma düşdü. O səs-küyə dözmək lazım idi. Yaxınlığında olan birmərtəbəli həyət evlərində bizim də qohumlar yaşayırdı. Heç vaxt onlardan şikayət eşitməzdik. Bir növ yaxınlıqda yaşayanlar da, küçədən keçənlər də buna maraqla baxır, səs-küyə varmırdılar.
O səs- küylər üçün darıxdım. Əyinləri hisli -paslı qalayçıların ağartdıqları mis qazanlarda bişirilən plov üçün, mis tavalarda bişirilən qovurma üçün darıxdım. Amma bu atalar misalıınn lap yeridir “Zərgərin tozu da qızıldlr”. Bax, onların tozu da pul idi. Hələ su qablarını- səhəngi, abgərdəni, kəfkiri demirəm. Ağzımda mis deyirəm ey. Hə də, indiki cavanlar mis qablar görüblər ki? Tefal var da. Asan və rahat. Onda eşitmişdim ki, mis qablarda bişən xörəklərin mədə üçün nə qədər xeyri var. Üstünü zəfəran örtmüş yerli düyülərdən bişirilən lobyəçilo, döşəmə plov, qovurmaçilo, toyuq plov üçün darıxdım. O illərə qayıtmaq istərdim...
Rəsul Rza (Karqanov) küçəsilə Nigar Rəfibəyli (Kolyubakin) küçələrinin kəsiyində Fəvvarələr Meydanından gələndə, soladakı əzəmətli -“MH” venzelli bina Ağa Musa Nağıyevin (Gül passajı kimi tanınan), sağdakı əzəmətli, damında əkiz uşaq büstü olan bina isə (Kitab passajı kimi tanınan) Hacı Zeynalabdin Tağıyevin tikililəridir. Bu iki nəhəng bina üzbəüz tikilib. A.M.Nağıyevin binasının giriş –çıxışı 3 küçəyə: N. Rəfibəyli, R.Rza və Nizami küçələrinə çıxırdı. Onun belə girişli-çıxışlı binalarına 28 May, Nizami, Bülbül, S.Vurğun, R.Rza və s. küçələrində də rast gəlmək olar.
A.M.Nağıyevin bu binasının altında iki tərəfə girişi olan qastronom, irəlidə sadaladığım böyük qastronomların sırasında idi. Uşaq ikən anamız qardaşım Çingizi və məni ədes pendiri (deşikli brınza) almaq üçün “Şaxnoviçin mağazasına” göndərəndə də heç deməzdi ki,bu bina bizim olub. Nə atam, nə də anam. Çünki Sovetlər hər ikisinə də az danışıb,çox eşitmək dərsini yaxşı keçmişdi.
Tələbə ikən təqaüd alanda bu qastronomda 2-3 gün “toy- bayram” edirdik. Ayaqüstü stollarda yediyimiz sosiska və pirojnaların dadından, ağzımızı yandıra-yandıra qalın stəkanlardan içdiyimiz kakodan xüsusi ləzzət alırdıq. İnanın bu misraları yazarkən, elə bil stəkanın istisini hiss etdim,türklər demişkən sanki bayıldım.
Eşitməmiş olmazsız bu qastronom “Şaxnoviçin mağazası” kimi daha çox tanınmışdı. Sən demə, Böyük Vətən Müharibəsinin iştirakçısı olmuş Moisey Şaxnoviç, bu qastronomun zammağı (müdiri) idi.
2000-ci ildə Ağa Musa Nağıyevin tədqiqatçısı kimi artıq məşhurlaşmışdım. “ABA” televiziyasına verilişə dəvət olunmuşdum. Çox sual-cavabdan sonra, ağrılı yerim olan bu bina haqqında söylədiklərimi olduğu kimi sizlərə çatdırıram: - “Mən biləməzdim ki, Ağa Musa Nağıyevin möhtəşəm binalarından olan məhz bu binası nə vaxt isə hər hansı bir pendirsatanın adı ilə məşhurlaşacaq. Vaxtı ilə Ağa Musanın yaşadığı evlərdən ən çox istədiyi bu bina olub. Cənazəsi də bu evdən haqq yoluna salınıb. Balıq Kontoru da bu binada yerləşib.
Səd heyif ki, nə o zaman, nə də bu gün bu möhtəşəm binanın qarşısından keçənlərdən çox az adam bilir ki, bu Ağa Musanın yadigarıdır. Maraqlısı odur ki, Ağa Musanın məşhur “MH” embleminin ən görkəmlisi də elə bu binanın üzərindəkidir.
Uzun müddət bu emblemin üstünü binanın eyvanından asılmış meynəliyin qurumuş budaqları örtürdü. Nədənsə bunun ardınca düşməmişdim. Milliyyətcə rus olan Zapletin Georgiy Pavloviç - hərbi jurnalist-istefada olan polkovnik, hələ 1998-ci ldə A.M.Nağyevin məzarını əbədiləşdirərkən, içdən gələn məqalələrilə bizə yaxınlaşaraq, ailəmizin dostuna çevrilmişdi. Qeyd etməliyəm ki, ilk olaraq bu İnsan Ağa Musa və ailəmiz barədə “Contact” jurnalında (1998) çox geniş məqalə yazmışdı.
6-7 il bundan öncə Georgiy Pavloviç binanın nəhəngiyinin qarşısını alan bu emblemin üstünü örtmüş qurumuş meynəliyin Bakı İcra Hakimiyyətinin köməkliyi ilə götürüldiyini bildirəndə tərif üçün daha layiqli bir söz tapmadım. Məlum oldu ki, ürək ağrısı ilə yanaşdığı bu məsələnin həllində onun böyük rolu olub. İndi bu emblem-Venzel böyük bir sənət əsərinə çevrilib, bütöv binanı daha da yaraşığa salıb.
2018-ci ilin yayında ailəmiz oğlumun dostu Mürsəlin ailəsilə istirahət etmək üçün Mehdiabad- Pirşağı yolundakı “Ömər Atçılıq Klubu”na getmişdik. Çox maraqlı yerdir. Sahəni gəzdikcə yorulmaq bilmirsən. Meyvə ağacları,heyvanat aləmi,cins atlar, cürəbə -cürə quşların cəh-cəhi, bir sözlə sanki cənnətə düşdüyümüzü hiss edirdik. Biş - düşlərindən yeyib, çay da içdik. Evə dönməyə hazırlaşırdıq, Mürsəl gözümüzə dəymirdi. Bir də gördüm ki, Mürsəl başı lovlu gəlir ki, Dilarə xanım məyər bura Ağa Musanın olub? Həyacanla verdiyi sualı heç birimiz başa düşmədik.
Yeri gəlmişkən qeyd edim ki, “Musamaniya” xəstəliyinə tutulduğumdan ətrafımdakılar, yəni məni yaxşı tanıyıb, başa düşənləri də bu xəstəliyə düçar etmişəm. Fikirləşdim ki, hə, deyəsən Mürsəl də “uje xəstələnib”.
Eşidib, bilməyənlərin nəzərinə çatdırmaq istərdim ki, binalarının üzərindəki hambal şələsinin kənarlarında sünbül çələngləri, mərkəzindəki soykökünü “MH” hərflərilə sifariş etdiyi daş kitabə - Emblem, Ağa Musa Nağıyevin keçmişini unutmadığından bir nişanədir. Emblem milyonçunun daşlaşmış möhürünün təsirini bağışlayır. İş otağında başının üstündən asdığı bu panonun əmələ gəlməsinə 2 kq. qızıl işənmişdi. Bu gün təsisçisi olduğum A.M. Nağıyevin adını daşıyan “Milli Dəyərlərin Qorunması” Təşkilatın möhürü ilə bu Emblemi yaşadıram.
Mürsəl söhbət əsnasında və eləcə də kitablarımdan “Emblem” haqqında qeydlərimlə tanış olduğundan, buradakı restoranın üzərində eyni Emblemi gördüyünü söyləyəndə, hamımız heyrət içində idik.
Getdik, baxdıq,söylədiklərinin şahidi olduq. Mənası bəlli olmayan bir hadisə baş vermişdi. Xüsusi ünvanlı Emblem özəl bir restoranın üzərinə vurulmuşdu. İşçiləri sual-cavab etdik. Bizimkilər məni onlara təqdim etdilər,maşındakı kitablardan birini onlara hədiyyə etdim.
Həmişə olduğu kimi o günü məkanın şefi “yerində yox idi”. İradımı müdir müavininə bildirməli oldum. Samir və Mürsəl bu emblemin onlar üçün nə məna daşıdığını soruşsalar da, birmənalı olaraq bildirdilər ki, sadəcə şefin xoşuna gəlib, vurub binanın üzərinə. Eşidəndə ki, bu xüsusi əhəmiyyət daşıyan, soykökü ifadə edən Emblemdir, icazəsiz və ümumiyyətlə bunu etmək olmaz kəlmələrinə cavab aldıq ki, “Pis iş görməyib ki, xoşuna gəlib,vurdurub.”
Bir anlığa düşündüm ki, hə də, tutaq ki, bu da bir mebeldir və yaxud bir fiquradır sifariş edib,usta da düzəldib, vurub. Vəssalam, necə deyərlər şüt də tamam.
Restoranın müdiri əvəz edənə hədiyyə etdiyim kitaba ürək sözlərimi yazsam da, möhürümü avtoqraf yerinə vursam da,əlaqə üçün telefon nömrəmi qoysam da, şeflə görüşmək istəyimi bildirsəm də, onlardan səs çıxmadı. Bunların cavabını indi özüm sizlərə çatdırıram:
“Əlbəttə ki, bu insanın tarixdən bixəbər olduğu bir mənalıdır. Sadəcə, Panonun gözəlliyi onu valeh edib, ardını isə düşünməyib. Bəlkə də bundan sonra şef təkcə restoran deyil, binalar tikmək həvəsinə düşəcək? Amma çox inamlıyam ki, məkanın şefi ilk qazancını əlbəttə ki, hamballıqdan qazanmayır ki, özü belə bir emblem yaratsın və yaxud mahiyyətini başa düşsün. Vəssalam!”
Bakıxanov körpüsünü keçəndən sonra Volodarski adına Tikiş Fabriki vardı. Burada istehsal olunan kişi və qadın üst geyimləri Bakı və bütün MDB öklərəinə göndərilirdi. Paltoların astarı ikiqat vatin olduğundan, iqlim cəhətdən sərt olan Qazaxıstanın bu geyimlərə daha çox tələbatı vardı. 1937-ci ildən fəaliyyətə başlamış fabrika 1991-ci ilədək bu funksiyanı yerinə yetirməklə, 5000-dən artıq işçi ailəsini dolandırırdı. 1991-ci ildən bu fabrik “Tekstil Fabriki” adlanaraq müxtəlif zabit çeşidli geyimlər tikilişinə başlamış və nə yaxşı ki, bu gün də məktəbli formalarının tikilişi sahəsində fəaliyyətini davam etdirir.
Bilin və agah olun ki, XIX əsrin axırlarında, XX əsrin əvvəllərində Azərbaycanda Rusiya, Alman, Fransa və eləcə də Nobel qardaşlarının neftin istehsalından əldə etdikləri gəlir hesabına Azərbaycanı çapıb - talayan dövrdə, H.Z.Tağıyev, A.M.Nağıyev, A.Ş.Əsədullayev, M.Muxtarov kimi əsilzadə milyonçu- xeyriyyəçilərimiz əldə etdikləri qazanclarını xalqın rifahına xərcləyiblər.
Volodarski fabrikindən bir az aşağı Kömürçü Bazarından içəriyə keçəndə Kubinka deyilən (el arasında “güllü”dərə deyirdilər) bir məkan vardı. Defisit nə mal istəsəydin, orada tapardın. Bakının pullu kişilərinin arvadları buradan alış-veriş edərdi. İndi buna şopinq deyirlər.
Hə, hər bir obyektin: Ayaqqabı, Şuba, Diplomat palto vəTiklas plaşlar, Ziynət əşyaları, Madonna servisləri və s.satılan malların öz “obyekti” vardı. Və hər bir “obyektin” çox mötəbər şefləri vardı. Xüsusən kişi şeflərini görəndə, qarşında elə bil nazir dayanırdı. Bakının qaymaq kişiləri, yəni nazirlər, hakimlər, QAİ, prokurorlar və milis (indi polis deyirlər, həyif döüil, görün necə səslənir-milis) işçiləri buradan alış-veriş edirdilər. Yeni mal əldə edən bir arvad şefinin (elələrinə qadın yox, şirin-şirin arvad deyirdilər) kliyentlə telefon söhbətini dinləyin:
“Əlo, salam məleyküm, Xeyransa xanım (Xeyransa Nazir arvadıdır). Nə var, nə yox? Çoxdandu görmürəm səni. Ağəz bacuvu yaddan çıxarmısan, gəl bir sənə çay verim ki, ləzzətindən doymayasan. Əsil “Seylon”çayı, özü də qəşəng nəlbəki - fincanda (yəni madonna çay servisi gəlib). Ağəz o gün bizdən gedəndə qulağın ağrıyırdı. Necəsən? Qulağ dərmanı almışam səninçün, neçə damcı tökəcəyini gələndə deyərəm, yaşdaşıram da, yadımdan (guya)çıxıb ( yəni sırğa var, qiymətini telefonda deyə bilmərəm). Tez-tez zəng edə bilmirəm. Bilirsən də, bu boyda Qubinkədə 2-3 evdə telefon var. Biri məndən uzaqdadır, ora gedə bilmirəm. O birisindəki arvaddan zəhləm gedir. Hələ ki, telefon etməyə gəlirsən,Fatmanisə pilətədə südü qaynayıb, daşsa da, gəlib mürdəşir kimi oturacaq qabağunda danışığlaruvun hamısını eşitsin ki, qonşulara xəbərçilik edəndə nəyisə buraxmasın. Necə deyərlər bittə-bittə çatdıra bilsin. Hə, hələ bir uçaskovıya da xəbər verir. Bilirsən də, uçaskovının aylıq “haqqını” veririk. Baxma, onlar da insandular da, adam insafla danışar, gələn- gedən müştəriləri sorğu suala tutmurlar. Amma xəbərçilik edəndə, satdıqlarımın say artımına görə, onu yenə görməli oluram. Hə,onu deyirdim axı bu zəng etdiyim evdə də ki, o qədər mənim kimisi -“vacib söhbətləri”olan var ki. Biz də oçirid tutub dayanırıq, lap mühəribə illərində çörəy oçiridinə dayndığımız kimi. Ev yiyəsi də bizi bir-bir buraxır içəri. Hal-əhli belə olar, yoxsa xəbərçi Fatmanisə kimi. Hə,nəsə,çox danışdım, di sağ ol. Gözdiyirəm”.
Bir kişi (“Avtoritet” deyirdilər) şefinin də kliyentlə danışdığı telefon söhbəti:
-“Məllim, salam. Atoppadır danışan. Tanudun? Hə,deyirəm ki, o günü isti idi, paltonuvu qoydun bizdə qalsın. Gəl apar da atam. Yoxsa, kimin xoşuna gəlsə verəcəyəm (Yəni Diplomat palto gəlib, tez gəl. İstəyəni çoxdur)”.
Belə söhbətlərin – alverin ləzzəti tam başqa idi. Onda pul var idi- mal yox idi. İndisə mal çoxdur..., pul isə...
Hə, qayıdıram Kubinkaya. Səhər-səhər Kubinkadan yan keçəndə isti təndir çörəyinin iyi hər kəsi valeh edir, sanki gəl və al deyirdi. Gecə yarısı, yəni saat 1-də və yaxud 4-də Kubinkaya gələn Kişilər üçün üstü əsl sumağlı (geydirmə sumağ demirəm) isti qutab və piroşki, əla növ araq və siqaret hazır idi. Bu məkanda yox-kəlməsi yasaq idi.
Bu yay mövsümündə də (2020), hər il olduğu kimi qudalar, nəvələr və oğlumun ailəsi birləşib, Novxanıda kirayə bağ götürmüşdük. Nəvəmin qaynatası Niyazi müəllim Novxanıda “Kubinka çörəyi” təndirxanası olduğunu “icad” etdi və hər gün bizim üçün aldığı bu çörəkdən yeyirdik.
Həsrətində olduğum illərə - gəncliyimə qaytardı məni Kubinka çörəyi . Bir tikə çörək! Gözəl bir məsəl də var ki, yaxşılığı itirməyən üçün deyirlər- “Çörək itirən deyil”! Niyazi müəllimin əsli Gəncədən olduğundan bu çörəyin “tarixini” bilmədən, mənim ruhumu təzələdi. Əlbəttə ona təşəkkürlərim böyükdür. Çünki həm də ağzımız dada gəldi axı...
Amma hamı heyifslənirdi ki, mənim bağım yoxdur. Baxmayaraq ki, 3-4 ildir ki, Prezidentimizə etdiyim 16 –dan çox müraciətlərimdə bildirmişəm ki, Bakıda qısa müddət ərzində bütöv bir ziyalı nəslinin təşəkkül tapmasında neft milyonçusu Ağa Musa Nağıyevin əməyi çox olub. İlk poçt binası, xəstəxanalar, məscid və qızlar yataqxanası, mehmanxanalar tikdirən, Neftayırma zavodu və körpü salan məhz Ağa Musa olub. Pirşağıda və Şağanda Əlillər Evi (bağ sahələridir), Mərdəkanda 1,5 hektar sahəsi olan bağı– indiki “Abşeon Sanatoriyası”, Şüvəlandakı bağları, Binəqədidə üzum sahələrinin yerində və S.Vurğun küçəsində tikilən “Delfin Otel” və “Nioqara” restoranlarının sahəsi Ağa Musa Nağıyevin torpaq sahələri olub, mənisə bir qarış torpağım yoxdur.
98 sayda binalarından olan: 4 xəstəxana (OMD, E.Əfəndiyev şəhər xəstəxanası, Sabunçu Poliklinikası və eləcə də Səhiyyə nazirliyinin binaları), uşaq bağçaları və məktəblərin özülünü qoyduğu torpağın 70 faizi babam Ağa Musa Nağıyevə mənsub olub. Yalnız Ağa Musa Nağıyev bu sayda bina tikdirib və bu gün onun 41 binasında nazirliklər, eləcə də inzibatı idarələr fəaliyyət göstərir. Bunlar marağ üçün sadaladığım binalardır: – Səhiyyə nazirliyinin əvvəlki və indiki binaları, Socar, Lukoyl, Zabitlər Evi, Yüksək Texnologiyalar nazirliyi, Diasporla İş üzrə Komitə,Ekspertiza və eləcə də Ağır Cinayətlər üzrə Məhkəmələr, “ÜNS” teatrı, İqtisad Universiteti və Filialı, keçmiş Tibb və İncəsənət Universitetləri,Uşaq Bağçası,Yetimlər Evi, Məscid, Kirxa, Sinaqoq və s.
28 ildən çoxdur ki, A.M.Nağıyevin fəaliyyətinin tədqiqatçısı olaraq, xeyirxah əməllərini davam etdirirəm. 80 yaşındayam, kökündən bakılıyam, amma bir qarış torpağın sahibi deyiləm. Bağı olanlara həsrətlə baxıram. Kiçik sahəli bir bağ evinin həsrətindəyəm. Əlbəttə ki, ümüdimi itirməyirəm. Çünki haqq və ədalət hər zaman yerini tutur.
Kubinkadakı Kişilər səhər-axşam küçədə stulda əyləşib, qabağlarında pürrəngi Filli və yaxud Seylon çayın ətirli qoxusunu duyaraq, nərd taxta oynayardılar.
Yeri gəlmişkən qeyd edim ki, Niyazi müəllim və həyat yoldaşı Mehriban xanım, oğlum Samir, rəfiqələrim Bahar və Zenfira xanımlar, əlbəttə ki, mən başda olmaqla, nərd xəstəsiyik. Bağda osobenni, şəhərdə də nərd-taxta üstündə “oçiridə” dayanırıq. Onu da qeyd edim ki, aramızda ən güclü oyunçu Samir oğlum və Niyazi müəllimdir.
Əfsuslar olsun ki, nərd o nərddir, amma içdiyimiz çay, o çay deyil. Dadı- tamı başqadır. Hanı o çaylar?... Hindistanski, seylonski çaylar? Mockvaya gedən hər bir kəs bu çaylardan gətirirdisə, ən bahalı hədiyyə hesab ourdu. Yoxsa indiki kimi. Bakıda xüsusi Moskva konfetlərinin üstündə “Babayevski” yazılsa da, mənim yaşımda olanlar konfeti dişləyəndə, hələ dadını bilməmiş, xırçıltısından geyidirmə olduğunu başa düşür. Bilmirəm. Bəlkə əvvəllər Qoskontrol vardı, ona görə idi?
Tarixdən bəllidir ki, XIX əsrin axırlarında, XX əsrin əvvəllərində Azərbaycanda Rusiya , Alman, Fransa neft şirkətlərinin və eləcə də Nobel qardaşlarının neftin istehsalından əldə etdikləri gəlir hesabına Azərbaycanı çapıb-talayan dövrdə meydana çıxan H.Z.Tağıyev, A.M.Nağıyev, Ş.Əsədullayev, M.Muxtarov kimi əsilzadə milyonçularımız əldə etdikləri qazancı xalqın rifahına xərcləyib.
Gəlin birlikdə Bakımız üçün yanaq,birlikdə Bakının quruculuğuna,inkişafına təşəbbüs göstərək, tarixi ənənələrimizi, milli mənəviyyatımızın məhv olmamasına çağırış edək. Mesenatlarımızın, ata-babalarımızın əməllərini xoş əməllərimizlə, xoş təəssüratlarımızla yaşadaq...
Kaş səs-küylü küçələrimiz, asfalt yox ey, daş döşəmələr - qəmbərdən olan küçələrimiz az da olsa, saxlanardı. Çox darıxdım.
Tikənlər də elə tiksinlər ki,izləri qalsın. Bir də ki, zövqümüzü korlamasınlar. Baxanda və yaxud illər ötəndə, yada salanda, desinlər ki, kişilər nə yaxşı iş görüblər.
İnsan əlində olanın qədrini bilmir. Amma itirəndən sonra heyfını duyur. Lap elə mənim indiyədək təəssüratından çıxa bilmədiklərim kimi.
Zaman dəyişdikcə elə bil indiki dəblə desək, mentalitetimiz də dəyişir. İndi deyəsən bunu zövqün əla növü (modern) adlandırırlar,hə?
Başınızı ağrıtsam da, içimdəki boşluqları bu yazı ilə sanki bir az doldurdum. Xatirələr çoxdur. Xüsusən uşaqlıq və gənclik xatirələri... Çox hörmət etdiyim qaynatamdan və super qaynanamdan yazsam çox çəkər. Qalsın gələn dəfəyə.
Siz də xırda-xırda bildiklərinizdən yazın, Bakının keçmişindən və indisindən yazın. Bu tarixdir. Tarix isə heç vaxt ölməyir və unudulmayır.
Dilarə Nağıyeva
Bakının keçmişindən maraqlı xatirələr
Səs-küylü məhəllələrin ləzzəti başqa idi...
Hambal şələsinin kənarlarında sünbül çələngləri, mərkəzində soykökü “MH” (kiril əlifbası) hərfləri həkk edilmiş daş kitabə-VENZEL Ağa Musanın keçmişini unutmadığına-hamballıq etdiyinə, atasının saman satan olduğuna bir işarədir. Binalarının üzərinə vurdurduğu bu VENZEL milyonçunun daşlaşmış möhürünün təsirini bağışlayır. İş otağında asdığı VENZEİ 2 kq. qızıldan hazırlanmışdır.
Həmin EMBLEMi adını daşıdığı və təsisçisi olduğum “Milli Dəyərlərin Qorunması” Təşkilatının möhürü ilə yaşadıram.
“Yuxarı baxıb, fikir etməkdənsə, aşağı baxıb, şükr edin.”

© 2020 - Created by İLK XEBER.