“Allahım mənə elə bir istedad, ürək verib ki...”


Gülgün Gündüz: “Uşaqlıqdan ailəm, dostlarım mənə “balaca həkimimiz” deyə müraciət edirdilər”

“Azərbaycan Talassemiya Federasiyası”  İctimai Birliyi 2014-cü ildən fəaliyyət göstərir. Təşkilatın əsas vəzifəsi talassemiyalı pasiyentləri yüksək tibbi xidmətlə təmin etmək və onları cəmiyyətimizin tam hüquqlu üzvlərinə çevirmək, talassemiya ilə mübarizənin, o cümlədən bu istiqamətdə regionlarda aparılan işin daha da möhkəmləndirlməsini dəstəkləməkdir. Eləcə də, Azərbaycanda qan donoru barədə təbliğatı yüksəltmək, donorluq mədəniyyətini, xüsusən də korporativ doktorluq ideyalarını geniş surətdə təşviq etməkdən ibarətdir.

Federasiya həmçinin həmfikirləri birləşdirir, talassemiya ilə mübarizə ideyasını hər zaman xatırladır. Faydalı təşəbbüsləri dəstəkləyir və talassemiyalı pasiyentlərin problemlərinin həllinə kömək edilməsinin mümkün olduğunu önə çəkir.

Beləliklə, “Azərbaycan Talassemiya Federasiyası”  İctimai Birliyinin təsisçisi və “Talassemiya Könüllüləri” Fondunun rəhbəri  Gülgün xanım Gündüzün maraqlı  müsahibəsini Ilkxeber.org  saytının oxucularına təqdim edirik.

 

- Gülgün xanım , gəlin söhbətimizə Covid-19-dan başlayaq. Dünya, eləcə də ölkəmiz  hələ də bu qorxunc virusun acılarını yaşamaqda davam edir. Bununla bağlı siz nə deyə bilərsiniz?

- Bəşəriyyət yaranan gündən müxtəlif viruslu xəstəliklər olub, geniş miqyas alaraq pandemiya halına alıb. Əfsuslar olsun ki, hər dəfə pandemiya zamanı çoxlu insan həyatını itirib. Covid-19 virusu geniş və sürətlə yayılan, ağır fəsadı olan qripin ağır növüdür.Tibb nə qədər inkişaf etsə də, bəzən bəşəriyyət pandemiya halını alan virus xəstəliklərinin qarşında aciz qalır.

- Covid-19 xəstəliyi talassemiyalı xəstələrdə necə müşahidə edilir və onlar  harada müalicə olunurlar?

- Bildiyiniz kimi talassemiya genetik qan xəstəliyidir. Covid-19 selikli qişa yolları ilə yoluxan virus xəstəliyidir. Ona görə də, iddia etmək olmaz ki, Covid-19-a yoluxan talassemiyalı insanlar xəstəliyi daha pis, kəskin şəkildə keçirir və daha çox ölüm halları müşahidə olunur. Bu günə qədər koronavirusa yoluxan və immuniteti güclü talassemiyalı insanlarda temparaturun bir az yüksək olması, bir neçə gün iy və dad bilmənin itməsi, uşaqlarda isə bir-iki gün ihsal olunması müşahidə edilsə də, əsasən xəstəliyi yüngül keçirmişdilər.Talassemiyalı xəstələr də digər insanlar kimi ölkədə fəaliyyət göstərilən dövlət xəstəxanalarında müalicə alır və onların müalicə almasına hansısa əngəl yoxdur. Hətta TƏBİB tərəfindən Talassemiya Mərkəzində Covid-19 xəstəliyinə qarşı mübarizə qərargahı da qurulmuşdur. Bu hal talassemiyalı insanların Covid-19 virusu ilə bağlı müalicə almasına avantaj yaradır. Qeyd edim ki, bu günə qədər apardığımız müşahidələrə əsasən yalnız Covid-19 xəstəliyinə görə dünyasını dəyişən talassemiyalı insanlara təsadüf etməmişik. Covid-19 virusuna yoluxan talassemiyalılar arasında təsadüf edilən ölüm halları digər (diabet, böyrək çatışmamazlığı, qan göstəricilərin normal olmaması və s.) səbəblərdən baş vermişdir. Azərbaycanda Covid-19 virusuna yoluxmuş cəmi 3 nəfər talassemiyalı xəstə dünyasını dəyişmişdir.

- Ötən il sentyabrın 27-də başlayan və qələbəmizlə yekunlaşan Vətən müharibəsi barədə nə deyə bilərsiniz?

- Mən Şəhid deyəndə, Vətən,Vətən deyəndə, Azərbaycan, Azərbaycan deyəndə, üçrəngli bayrağımız, Bayraq deyəndə, Şərəfim, canım “Bir kərə yüksələn bayraq, bir daha enməz” şüarı yadıma düşür. Müharibə zamanı yaşadığım günlər, keçirdiyim hisslər nəinki yada düşür, indi də təkrar gördüklərim gözümün önündə canlanır, səslər qulağımda səslənir. Çox çətin günlər idi. O çətin günlərdə bacara bildiyim qədər tibbi-humanitar yardım etsəm də, indi də dualarım ordumuzladır. Rəbbim özü bütün ordumuzu pənahında saxlasın. Amin!

- Qarabağ  deyəndə ilk ağılınıza nə gəlir?

- Xarıbülbül, Şuşa, Cıdır düzü, Turşsu, Qarabağ xalçası, Qarabağ atı və s.

- İşinizlə bağlı hansı yeniliklər var?

- Bildiyiniz kimi mənim 2 ixtisasım var: Rabitə və telekomunikasiya üzrə mütəxəsis və talassemiya üzrə könüllü. 11 ildir bu sahə üzrə çalışıram.Yeri gələndə müalicə həkmi və ya tibb bacısı oluram. Həm də psixoluqam. İşimlə bağlı yeniliklər çoxdur. Ancaq birini xususi qeyd etmək istəyirəm. Keçən il fevralın 15-də Gənclər Fondunun maliyyə dəstəyi ilə “Sağlam Könüllüyük biz” adlı 3 aylıq layihə həyata keçirdim və yekunda böyük bir forum təşkil etdik. Layihə çox uğurlu alınmışdı və əldə edilən nəticələrdən sonra yeni idealar yarandı. Bununla bağlı xeyli maraqlı təkliflər aldım və bu məndə, eləcə də “Talassemiya Könüllüləri” ailəsinin hər bir üzvündə gələcək fəaliyyətimizlə bağlı xoş bir ümid yaratdı.

- Fəaliyyətinizi özündə əks etdirən kitab çap etmək barədə düşünürsünüzmü?

- Gizlətməyəcəm, açığı şəxsi həyatımla bağlı kitab çıxarmaq istəsəm də hələ düşünürəm, qəti qərara gəlməmişəm. Ancaq şəxsi bloqum var, orada xeyli məqalələrim toplanıb.

- Boş vaxtlarınızda hansı işlə məşğul  olmağı xoşlayırsınız?

- Boş vaxtım az olur, ancaq hər gecə yürüş edirəm, musiqi dinləyirəm həftə sonları dənizi seyr edirəm.

- Gülgün xanım, telekommunikasiya hara, tibb hara? Necə oldu ki, belə bir seçim etdiniz? Əvvəllər xoşladığınız peşə shansı olub? Xəstələrlə işləmək və vaxt ayırmaq sizi yorurmu?

- Çox cəsarətli, risq etməyi sevən və qorxu hissi olmayan bir insanam. Allahım mənə elə bir istedad, ürək verib ki, həmişə insanlara əlimdən nə gəlibsə kömək edə bilmişəm istər tibb, istər mənəvi tərəfdən. Buna görə də, elə uşaqlıqdan ailəm, dostlarım mənə “balaca həkimimiz” deyə müraciət edirdilər.Tibb işini bacardığım üçün uşaqlıqda həkim olmağı istəyirdim, çünki bu peşənin öhdəsindən gələ bilirdim. Ancaq uşaqlıqda səhhətimdə yaranmış problemimi həkimlər aşkarlayıb, müalicə edənə qədər çox əziyyət çəkdim... Həkimlər sanki üzərimdə eksperiment aparırdı. Bu ağrılı hadisələrdən sonra onlara nifrətim yarandı və bu səbəbdən həkim olmaqdan vaz keçdim. Mən eyni zamanda yaradıcı insanam. İdeyalarım olurdu, insanlarla rahat ünsiyyət qurmağı bacarırdım. Rəssamlıq və dekor işi üzrə də qabiliyyətim var. Elə oldu ki, həyat məni bu istiqamətə yönəltdi-marketoloq olmaq qərarına gəldim. Təhsilim biznes, reklam üzrə olsa da 6 il telekommunikasiya üzrə marketoloq, müştəri mütəxəsisi olaraq dövlət və özəl sektorda çalışdım. İşləyib, oxuduğum illər ərzində 2009-cu ildə 18 yaşım tamam olan kimi “Savab Dünyası” Talassemiya Assosiasiyasının İdarə Heyətinə üzv seçildim və o vaxtdan könüllü olaraq talassemiyalılarla işləməyə başladım. Talassemiyanın içində olmaq və hər dəfə yeniliklərin aşkar edilməsi üçün daha çox can yandırmağa balşadım. Tibb sahəsinə 2015-ci ildə gəlmişəm. Qərara gəldim ki, tibb üzrə təcrübə keçim, təhsil alım. Bir tərəfdən çalışdım, digər tərəfdən Türkiyənin İzmir şəhərindəki Ege unviversitenin tərkibində tibbi kurslara və təlimlərə qatılaraq təhsil almağa başladım.

- Hansı dövlət qurumları ilə əməkdaşlıq edirsiniz?

- Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, Heydər Əliyev Fondunun tərkibində “Regional İnkişaf Birliyi”,YAP, eləcə də bir sıra dövlət və özəl qurumlarla əməkdaşlıq edirəm. 2016-cı ildə “Gözdən əlillərə göz olaq” 3 aylıq layihədə təlimçi idim. Gözdən zəif və gözdən əlililərlə bağlı fəaliyyətim olub bəli, onlara təlim keçmişəm.

- Yekunda mətbuatla bağlı fikirlərinizi bilmək istərdik...

- Mən mətbuata açıq adamam. Bəzən haqqımda fəaliyyətimlə bağlı tənqidi yazılara rast gəlsəm də, ümümiyyətlə, KİV-ə münasibətim müsbət olub. Jurnalistlərə xüsusi rəğbətim var, onların arasında tanıışlarım da çoxdur...  

 

Səid Əhmədli