“NATO Baş katibinin fikirləri Rusiya ilə dost olan dövlətlərə barmaq sirkələməkdir”- Azad Məsiyev

Bu yaxınlarda NATO Baş katibi Yens Stoltenberq “El Mundo”ya müsahibəsində deyib ki, biz Rusiyaya aydın siqnal göndərməliyik.

O qeyd edib ki, onlar toqquşma istəsələr, biz buna hazırıq. Söyləyib ki, əgər əməkdaşlıq etmək istəsələr, biz buna şad olacağıq.

NATO-nun Baş katibi bu fikirləri ilə hansı sətiraltı mesajı verib? 

Məsələ ilə bağlı İlkxeber.org-a danışan Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyev bildirib ki, cəmiyyətdə belə bir fikir formalaşıb ki, NATO deyiləndə ABŞ-ın nəzarətində olan, ABŞ-ın maraqlarına xidmət edən bir hərbi maşın təsəvvür edilir.

Onun sözlərinə görə bu təşkilat ABŞ-ın hərbi-siyasi maraqlarını tənzimləyən, lazım gəldikdə dünya dövlətlərini hədələmək, ABŞ-ın iradəsi, əli ilə barmaq sirkələmək üçün bir qurumdur:

“Bildiyiniz kimi ABŞ Rusiyanı özünə düşmən, Çini isə rəqib kimi görür, bu barədə rəsmi Vaşinqton mövqeyini bəyan edir. Yens Stoltenberqin fikirləri ikibaşlıdır, əslində bu fikir təkcə Moskvaya deyil, Rusiya ilə dost olan dövlətlərə də barmaq silkələmək kimi ifadə olunur. Rusiya prezidenti bəyan edib ki, NATO-nun Rusiya sərhədlərinə doğru irəliləməsi Rusiyaya təhlükədir, biz bu təhlükəyə yol verməyəcəyik. ABŞ isə Rusiyaya qonşusu olan dövlətlərdə “narıncı inqilab” edərək öz adamlarını hakimiyyətə gətirir, həmin şəxslərin əli ilə dövləti NATO-ya inteqrasiya etmək kimi siyasət həyata keçirməkdədirlər.

Bunu Gürcüstanın, Ukraynanın, Ermənistanın timsalında görmək olar. NATO rəhbərliyi dialoqdan bəhs edirsə, hansı dialoqdan söhbət gedə bilər? Eyni zamanda baş katib Yens Stoltenberq bəyan edir ki, NATO öz üzvlərini qorumağa hazırdır, bəyəm Rusiya NATO üzvü olan dövlətlərə müharibəmi elan edib? Əksinə, Rusiya NATO üzvü olan qardaş Türkiyə ilə müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq edir. Bu əməkdaşlıq dünyada, o cümlədən Cənubi Qafqazda qarşılıqlı etimad və dostluq münasibətləri çərçivəsində sülhün təmin olmasında fəaliyyət göstərməkdədir”.

Ekspert bildirib ki, ABŞ Rusiyanı özünə düşmən elan edib:

"Kim ki Rusiya ilə əməkdaşlıq, dostluq edir həmin dövlətlərə təzyiq göstərir. Bunu Belarusun timsalında görmək olar. Bundan başqa, Rusiyanın NATO üzvü olan Ankara ilə dostluq münasibəti yaratdığına görə Türkiyə təzyiqlərə məruz qalıb. Cənubi Qafqazda 44 günlük müharibədə Rusiyanın vasitəçiliyi ilə atəşkəsə nail olunması, Rusiyanın təşəbbüsü ilə sülhə aparan yolların müəyyən edilməsi ABŞ-ın bölgədə nüfuzunun itməsinə səbəb olur. Azərbaycan-Rusiya-Türkiyə münasibətlərinin yaxşı olması ABŞ-da qısqanclıqla qəbul olunur. Hesab edirəm ki, ABŞ yaxın vaxtlarda Azərbaycana da təzyiq göstərməyə cəhdlər edəcək”.