APOSTROFUN BƏRPASININ ZƏRURİLİYİ HAQQINDA

Hafiz Rüstəm

 

 

Qoy orfoqrafiya komissiyası nəhayət nəzərə alsın  ki, atılan daşları nəhayət yığmaq vaxtıdır,  bütün dünya dillərində işlənən apostrof işarəsinə bizim orfoqrafiyada da yaşıl işıq yandırmaq zəruridir. Hər şeydən əvvəl bu elmi komissiyanın tərtib etdiyi “Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsinin 69-cu bəndindən başlayaq: “Vaxtilə apostrofla yazılan Qur’an, cür’ət, hey’ət, Kən’an, məs’ud, məs’ul, məş’əl, Sən’an, sür’ət, vüs’ət, və s. sözlər apostrofa görə Qur-an, cür-ət, hey-ət, Kən-an, məs-ud, məs-ul, məş-əl, Sən-an, sür-ət, vüs-ət kimi sətirdən sətrə keçirilirdi. Bu qəbildən olan sözlərin aşağıdakı şəkildə  sətirdən sətrə keçirilməsi məqsədəuyğun sayılır: Qu-ran, cü-rət, he-yət, Kə-nan, mə-sud, mə-sul, mə-şəl, Sə-nan, sü-rət, vü-sət və s.”

Təsəvvür edin ki, apostrof  ləğv edildikdən sonra  indi də apostroflu sözlərin hecalara bölünüb sətirdən sətrə keçirilməsi əməliyyatına start verilib - Qur’an sözünü, Qur-an kimi yox, qu-ran kimi hecalara bölüb sətirdən sətirə keçirilməsi nəzərdə tutulub.  Bununla da Qur’an sözü öz leksik mənasını dəyişib omoqraf (quran, düzəldən və s. mənada) kimi də oxuna bilər.

 

Mən bu zərərli maddənin (69-cu maddə) əksinə olaraq apostrofun yenidən bərpasının zəruriliyini əsaslandırmağa çalışacağam.

Apostrof (yunanca “Obraşyonnıy nazad” – “geriyə yönəldilmiş”) müxtəlif dillərdə və müxtəlif tə’yinatla istifadə olunan sətirüstü vergülə, ştrixə oxşar hərfsiz orfoqrafik işarədir.

Qədim yunan dilində də bu işarədən istifadə olunub.

Rus dilində apostrof hərfsiz orfoqrafik işarə kimi çoxdan yazı işarələrinin yeni kateqoriyasına daxil edilib. Hələ 1920 – 1930-cu illərdən apostrof  rus orfoqrafiyasında “ъ” yerinə işlənib.

Latın praktik transkripsiyası və kiril transliterasiyasında apostrof yumşaq işarədir (ь). “Ъ” isə iki aposrofla, yaxud iki hərfüstü ştrixlə ifadə olunur.

Həmçinin rus dilində apostrof tətbiq olunur: xarici xüsusi adlarda d’, O’ və L’ başlanğıc elementlərindən sonra (Janna d’Ark, O’Konnor, d’Artanyan və s.)

Apostrof ukrayna və belorus dillərində  bölüşdürücü işarə kimi istifadə olunur.
Türk dilində apostrof (kəsmə işarəsi) xüsusi isimləri köklərindən ayırmaq üçün (Əli’nin qələmi), sözdən düşən bir hərfi belirtmək üçün (n’olur = nə olur), şəkilçinin söz köküylə qarışmaması üçün (çay’ını içdinmi?) işlədilir.

Dillərdən və oynadıqları rollardan asılı olaraq apostrof durğu işarələri sisteminə, diakritik  işarələrə şamil edilir. İngilis, fransız, serb, niderland və s. dillərdə apostrof sözün oxunuşunu və tələffüzünü asanlaşdırmağa xidmət edir.

***

Yuxarıda sadaladığım dünya dillərində bu gün də işlənən, gələcəkdə də işlənəcəyi şübhə doğurmayan, eyni zamanda bizim də orfoqrafiyamızda özünəməxsus yeri olan Apostrof (‘) yazıda  iki məqsədlə işlədilirdi: 1. əsasən birinci, bəzən də ikinci hecasında uzanan  e, ə, ö saitlərindən biri olan sözlərdə: məsələn: e’lan, e’dam, ə’la, mö’tərizə və s.

2.birincisi samitlə bitən, ikincisi saitlə başlanan hecalar arasında qoyulmaqla samiti saitdən ayırmaq və saiti aydın tələffüz etmək üçün.

2003-cü ilin sentyabr ayının 23-də Azərbaycan dilinin yeni Orfoqrafiya lüğətinə əsasən, apostrof işarəsi ləğv edilmişdir.

Әrəb əlifbası  samit səslər əsasında formalaşdığından sait səslər müstəqil hərf şəklində deyil, “hərəkə” (fəthə, kəsrə və damma – “ə”, “i”, “u”)  adlanan xüsusi diakritik işarələrlə göstərilir. Bu əlifbada xüsusilə  «ع» “əyn”, “ء” ’həmzə’ yə əlavə edilən hərəkələrə müvafiq olaraq bəzi uzanan, fərqli  incə saitlər (e, ə, ö)  xüsusi boğaz məxrəcilə  tələffüz olunur və beləliklə apostroflu sözlər dilimizdə mövcud heca vurğusundan fərqli olaraq spesifik ikiqat vurğu ilə tələffüz olunur.

Beləcə mənşəyi ərəb dilindən götürülmüş və ana dilimizə daxil olmuş apostroflu sözlər iki yolla yaranmışdır:

  1. “əyn” hərfi vasitəsilə: e’lan, sə’y, lə’l, me’yar, mə’na, məş’əl, məs’ud, mə’mur, rək’ət, rüku’, və s.
  2. “həmzə” işarəsi vasitəsilə: mə’mur, mə’yus, mö’min, rə’y, tə’kid, tə’min, tə’sir, tə’sis, tə’xir, mə’xəz, və s.

Fonetik müstəvidə bir nüansı da nəzərə alaq ki, üzərinə vurğu düşən heca vurğulu heca adlanır. Ana dilimizdə sözlərin çoxusunda  vurğu son hecadakı saitin üzərinə düşür. Bu prinsip  bir çox alınma sözlərdə pozulur:  lakin, dünən. Nadir hallarda uzun saitli heca ilə vurğulu heca üst-üstə düşür: bə’zi, bə’zən, yə’ni və s. Bunu ona görə nəzərə çatdırıram ki, bəzi şəxslər apostrofla, yəni hecada uzanan saitlə vurğulu hecadakı saiti bir-birinə qarışdırırlar.

Sözlərin leksik-semantik planda mə’na fərqlərinin müəyyənləşdirilməsində, omoqrafların (şəkilcə omonim, oxşar, vurğusuna görə fərqlənən sözlər) yazılışında, bu sözlərin aydın tələffüzündə apostrof vacib köməkçi vasitədir.

Məs.: bə’zən – bəzən (əmr şəklində, II şəxs təkdə, vurğu birinci hecada);

Dəf’(rədd etmə) – dəf (musiqi aləti);

Qur’an (müqəddəs kitab) – quran (indiki zaman fe’li sifəti, vurğu ikinci hecada);

Də’va (dava, iddia) – dəva (dava, dərman);

Ə’van (köməkçilər) – əvan (anın cəmi);

Ə’yan (aristokratiya) – əyan (aşkar);

Ə’da (düşmənlər) – əda (əda, naz, tərz);

 Ə’ləm (çox bilikli) – ələm (ələm, dərd);

Ə’za (üzvlər) – əza (incitmə);

Mən’ (qadağan, maneçilik) – mən (şəxs əvəzliyi);

Mə’rəz (səhnə, sərgi) – mərəz (xəstəlik);

Nə’rə (nə’rə, qışqırıq) – nərə (balıq);

 Su’(pislik, yaramazlıq) – su (su);

Təb’(damğa, çap etmə) – təb (qızdırma);

Tə’n (tə’nələmə, danlama) – tən (bədən);

Və’z (öyüd, nəsihət) – vəz’ (hal, vəziyyət) və s.  

Elə bu səbəblərə görə apostroflu sözlər  qədim əlyazmalardan, tarixi yazılı abidələrdən tutmuş bu günə kimi müxtəlif funksional üslublu, rəngarəng janrlı, saysız-hesabsız mövcud yazılı, çap və elektron ədəbiyyat nümunələrinədək hər birində öz təcəssümünü tapır.

Klassik ədəbiyyatı oxumaq üçün tərtib və nəşr edilmiş “Ərəb və fars sözləri lüğəti”ndə (Bakı, Yazıçı, 1985) mənim hesablamalarıma görə  550 apostroflu ərəb söz və tərkibləri yer tutur. Bu apostroflu sözlərlə təkcə klassik irslə məşğul olan tədqiqatçılar –  əlyazmaşünaslar, əruzşünaslar, mənbəşünaslar və s.-lər qarşılaşmır.

Trendə verdiyi müsahibədə “( 07/07/2015) Dövlət Dil Komissiyasının üzvü İ.Məmmədov haqlı olaraq bildirdi ki,  apostrofun qalması Azərbaycan dilini öyrənənlərə bu dili daha dərindən, incəliklərinə qədər öyrətməyə imkan verərdi: “Tədris işində apostrof həm hecaya ayırma, həm mə’na fərqləndirməsi, həm də tələffüz zamanı bə’zi sait səslərin uzanmasına xidmət edirdi. Məsələn, şö’lə, şö’bə, mə’na sözlərində birinci sait səslər uzanırdı. Yaxud “bəzən” (zərf – bə’zi vaxtlarda) və “bəzənmə”’ sözlərində mə’na fərqlidir, apostrof olmadığına görə mə’na təhrifinə yol verilir. Apostrof olanda isə bu fərq bilinirdi. Apostrof götürüldüyü üçün indi şagirddə, dinləyicidə hazırlıq o qədər güclü olmalıdır ki, bu fərqləri özü bilsin. Amma bu, heç bir mənbədə yoxdursa, bu qayda da çıxardılıbsa, şagird bunu haradan bilər?”
Yaxşı yadımdadır ki, bə’zi tanınmış dilçi alimlərdən Əziz Əfəndizadə,  Yəhya Kərimov, Yusif Seyidov və b. vaxtilə apostrofun əlifbadan çıxarılmasının əleyhinə olublar.

Apostrof dünya dillərində də tələffüzü asanlaşdıran bir işarə kimi istifadə olunur. “Apostrof əsasən, ərəb dilindən alınma sözlərin, habelə Avropa  dillərindəki bə’zi şəxs adlarının (d’Annunsio, d’Artanyan, O’Neyl) yazılışında işlədilir” (ASE, I cild (Xcilddə). Bakı: 1976, səh. 375).

Halbuki həmin dillərdə “əyn” və “həmzə” ilə işlənən, yə’ni birbaşa ərəb mənşəli sözlər yoxdur. Ancaq bizim ana dilimizin leksik ehtiyatının az qala 40 faizindən yuxarısını təşkil edən ərəb söz və tərkiblərində xeyli apostroflu sözlər mövcuddur. Dilimizdə vətəndaşlıq hüququ qazanmış bu sözlər az qala qışqırır ki, bizim tələffüz hüquqlarımızı bərpa edin.

Mən həm də orfoqrafiyamızdakı bu özbaşınalıqlara qeyri-təvazö’karlıq olsa da ən azında 40 illik stajlı, praktik bir nəşriyyat redaktorunun gözü ilə baxıram. Yaxşı yadımdadır ki, 2015-ci ildə eynicinsli yy samitlərlərinin bir y samiti ilə (37-ci maddə) yazılması ideyası o vaxtkı Ədəbiyyat İnstitutunun direktoru İ.Həbibbəyli tərəfindən təklif kimi irəli sürülmüşdü. Çox qəribədir ki, Dilçilik İnstitutunun o vaxtkı direktoru, eynititullu, adlı-sanlı mərhumT.Hacıyev məhz onun səlahiyyətinə aid olan bu anlaşılmaz və qəti qəbuledilməz məsələyə rəsmi münasibətini bildirmədi. Bununla belə sonralar etibarlı bir mənbədən eşitdim ki, sən demə mərhum akademik sağlığında baş redaktoru olduğu “Türkologiya” dəgisində apostroflu sözlərin işlədilməsinə şərait yaratmışdır.

Başqa bir titullu məşhur dilçi alim A.Axundov isə bunlardan da qabaq apostrofun ləğvinə münasibətini soruşanda mənə qorxa-qorxa yuxarıların işinə qarışmamağı məsləhət görmüşdü. Məhz A.Axundovun əksinə olaraq o zaman – 2001-ci ildə “Maarif” nəşriyyatının baş redaktoru kimi mən öz səlahiyyətimdən istifadə edərək Y.Kərimovun “Əlifba” dərsliyini (apostroflu sözlər qarışıq, məs.:Rə’na) cəsarətlə çapa imzaladım. Demək, bu “akademiklər” ümummilli prinsipial məsələlərdə yuxarıdan yuxarı olan öz səlahiyyətlərinə daxil istənilən problemi özlərindən qat-qat aşağıda dayanan “yuxarılar”ın xeyrinə, sözsüz yerinə yetirən kiçik məmurlardan başqa bir şey deyilmişlər.

Əgər orfoqrafiyada tələffüz qanunları hökm sürəcəksə, onda orfoepiya lüğəti nə üçündür? Bizim minilləri keçib-gələn, formalaşmız milli dilimizdə hər düşmən fürsəti düşəndə bu eksperimentlər axı kimə lazımdır? Az qala min il bundan əvvəl lordların yaratdığı ingilis əlifbasında, o cümlədən rusların qurama kiril qrafikasında bu gün əcaib-qəraib görünən, yerinə düşməyən, hətta dilin ifadəsinə əngəl olan o qədər qüsurlar var ki, burada onların təsnifatına, təfərrüatına varmağın heç bir əhəmiyyəti yoxdur. Bunlar öz dillərinin artıq oturuşmuş, sabitləşmiş, əsrlərcə qəbul edilmiş qanunlarına haqlı olaraq radikal şəkildə yox, mühafizəkarlıqla, ehkam kimi yanaşırlar. Bununla da dünyanın ən böyük dövlətlərinin başında duran ingilislər və ruslar bilə-bilə hər yüz ildən, əlli ildən bir əlifba islahatı, orfoqrafik dəyişikliklər aparmırlar. Biz vaxtilə ustadlarımız olmuş,  indiki elmi cameədən qat-qat üstün, böyük alimlərimizin tərtib etdikləri tarixi-ədəbi-elmi irsə niyə ehtiramla yanaşmırıq?

Mən Allah şahidiyəm ki, yuxarıda qeyd etdiyim mərhum A. Axundov – Dilçilik İnstitunun o vaxtkı direktoru indi millətin boğazında tuği-lənətə çevrilmiş apostrof işarəsinin ləğvinə qarşı adicə münasibətini bildirməkdən çəkindi. Hələ özünün səhv etdiyi bəs deyilmiş kimi mənə də məsləhət gördü ki, yuxarıların qərarlarına qarşı çıxa bilmərik. Bu cür prinsipsiz, müt’i alimlərlə   milli adımız (türk) asanlıqla coğrafi adla (“azərbaycanlı”) əvəz edildi. İndi məhz bu cür qeyri-prinsipial, mövqesiz, cəsarətsiz alimlərin sayəsində  hər şeydən üstün olan elm bir qrup avantürist, qeyri-milli ünsürlərin kölgəsində qalıb, daha doğrusu oyuncağına çevrilib.

Akademik Rafael Hüseynov dilimizdə çoxdan oturuşmuş “fe’l”, “şe’r” kimi populyar apostroflu sözləri təhrif edənləri də,  onlara qarşı təəssübkeşliklə, qeyrətlə mübarizə aparmayanları da qınamaqda çox haqlıdır: “Keşməkeşli keçmişlərdə dilimizin ən e’tibarlı qalxanı olmuş, yad dillərin yava təsirlərindən ən mərdanəliklə çıxmış fe’llərimizin ortaq adı olan “fe’l” sözümüzü sözün kökünü, əslini də təhrif edərək bilməzlikdən, naşılıqdan, ya elə mərdümazarçılıq məqsədiylə “feil”ə döndəriblərsə (bununla birgə “şe’r’imizi “şeir”, onların gözünə qataraq “meyl”imizi “meyil” ediblərsə və belə-belə digər yazı hoqqaları durğuzublarsa), bizlər də ellikcə buna vaxtında mane ola bilməmişiksə, deməli, yetərincə təəssübkeş, lazımı qədər qeyrətçəkən olmamışıq ( İlkxəbər.org saytı, 11 avqust 2018).

Aposrofun zəruriliyinin şərhinə keçərkən müzakirə olunan layihədəki digər bəndlərdən də qısaca bəhs etmək yerinə düşərdi.

Yuxarıda deyildiyi kimi  lüğət fondumuzda külli miqdarda eynicinsli qoşa yy samitlərindən biri ixtisar olunarkən, hərc-mərclik yaranacaq. Hələ onu da yəqin bilməmiş deyilsiniz ki, hazırkı  orfoepik normaya görə, eynicinsli qoşa yy ilə yazılan sözlərdən bə’ziləri bir y ilə (vəziyət, ədəbiyat, şəxsiyət və s.), bə’ziləri isə qoşa yy ilə (hədiyyə, səyyar, qəyyum, səhiyyə və s.) yazılır ki, bu da şagirdlərimizin onsuz da çaşbaş qalmasına münbit şərait yaradır. Kim zəmanət verə bilər ki, eynicinsli qoşa yy-lardan birinin ixtisarı gələcəkdə bu prinsiplə  eynicinsli qoşa kk, pp, tt və qq hərflərinə də eyni aqibəti yaşatmayacaq? Yaxud eyni zamanda həmin qaydayla qoşasaitli sözlərin yazılışları tələffüzləri ilə əvəz olunmayacaq? Bu ‘eksperimentlər’ orfoqrafiyada, həm də orfoepiyada elə bir idarəolunmaz və islaholunmaz  bir xaosun yaranmasına səbəb ola bilər ki, sonralar uzun müddətə bu xaosun qarşısını almaq mümkün olmaz. Belə çıxır ki, bu təkliflə eynicinsli qoşa kk, pp, tt və qq hərflərilə yazılan sözlərdə ikinci kar samit onun cingiltili qarşılığı kimi tələffüz oluna bilər, yaxud  eynicinsli qoşa samitlərdən biri ixtisar olunarkən həm də biabırçı və  anlaşılmaz sözlərin meydana gəlməsi qaçılmaz olar (Məs.: sikkə və s.).

Layihədə 22-ci maddəyə münasibətdə istər-istəməz bir maraqlı xatirə yadıma düşdü.

Mən 1978 – 2004-cü illərdə “Maarif” nəşriyyatında nəşr olunmuş həm də bütün ərəb-fars dilli ibtidai, orta və ali məktəb dərsliklərinin, elmi-pedaqoji ədəbiyyatların, metodik vəsaitlərin alternativsiz nəşriyyat redaktoru olmuşam. Bir dəfə müəllifimiz rəhmətlik Ələsgər Məmmədovdan (şərqşünas alim, pedaqoji elmlər doktoru, professor, əməkdar elm xadimi, Azərbaycanda müasir ərəbşünaslığın banisi) soruşdum ki, ay ustad, sizin adınız ərəb mənşəli, artiklli “Ələskər” (cəmi: əsaker) sözündən yarandığı halda nə üçün onu xüsusi isim olaraq “Ələsgər” kimi yazdırırsınız? Onu da bilirəm ki, qoşa kar samitlər yanaşı gəldikdə birisi cingiltiləşir. O, balacaboy, şux zarafatları və anekdotları ilə məşhur, hazırcavab bir bilim adamı idi. Yanımdakı başqa əməkdaşlar eşitməsin deyə mənə yaxınlaşıb qulağıma bu sözləri yarızarafat-yarıciddi pıçıldadı: “Yəni “sk” – “sg”-yə çevrilir, əks təqdirdə biədəb səslənir. Məsələn, Ələskər, İskəndər və s.
Yeri gəlmişkən, ədəbiyyat , hakimiyyət, ünsiyyət və s. eynən eyni orfoqrafiyada fars dilində də işlənir – loru, saya, dialektdə danışan farslar həmin eynicinsli qoşa yy samiti ilə yazılan sözləri bir y ilə də tələffüz edirlər. Ancaq heç də bu əsas vermir ki, ədəbi dilin orfoqrafik norması pozulsun. Bizdə də kim qara kütlənin dilində, rayon şivələrində danışmaq istəyirsə öz curları arasında danışsın. Ancaq heç kəsin vaxtilə yüksək səviyyədə tərtib olunmuş, artıq çoxdan oturuşmuş  yazı dil normasını – orfoqrafik qaydaları oyuncağa çevirməyə haqqı yoxdur.

Dilaçarın vaxtilə türk dilinin başında elədiyi dəlləkliklər, o cümədən qoşa yy-lardan birinin ixtisarla yazılmasını imitasiya  etmək bizə nümunə ola bilməz.

Ümumiyyətlə, bu yeni layihədə: “– 69 maddəlik qaydalar içərisində 3 bənd (22, 37 və 69) klassik ədəbiyyatın tədqiqi, tədrisi və və təbliğinə mənfi təsiri şübhəsizdir.
– iyyət, – iyyat sonluqlu sözlər Azərbaycan bədii mətnində, mənbəşünaslıq, mətnşünaslıq, əruz elmi, bədii qiraət, ədəbiyyatdan oxu dərsləri və s-də problem yaradacaq
– ərəb dilində “eyn”, yaxud “həmzə” də daxil qarşılığı olan apostrofun ləğvinin ardınca qoşa yy hərfindən birini də ləğv etmək (37-ci bənd) və əskidən apostroflu yazılan sözlərin hecasını, eyni zamanda vurğusunu dəyişmək (69-cu bənd) mənəvi ədəbi mirasımız qarşısında tamamilə məsuliyyətsiz bir addım olar.
12 ildə üç dəfə dəyişdirilən orfoqrafiya qaydaları ilə yazılan mətnlərdən insanlar dilin hansı imla xüsusiyyətlərini öyrənə bilərlər?

İş o həddə çatıb ki, ədəbi dil ləhcələri deyil, ləhcələr ədəbi dili öz nüfuz dairəsinə daxil edib.  Bu təkliflər (xüsusilə 37 və 69) yeddi yüz illik klassik anadilli ədəbiyyatımızın bədii özülü, musiqililiyi və estetik bünövrəsini dağıdacaq gücə malikdir; təklif qəbul edilərsə, ayrıca olaraq, əruz vəznli mirasımız ciddi itkiyə məruz qalacaq (Səadət Şıxıyeva, filologiya üzrə fəlsəfə doktoru, dosent).

Məsələn: “Xəlil ibn Əhmədin yaratdığı və bu gün də əruz şerində qüvvədə olan səkkiz əsli təf’ilənin tərkibinə və transkripsiyasına nəzər salsaq, onların aşağıdakı apostrofla işarələnmiş ritmlərdən yarandığını görərik: fə’Ulün, fa’İlün, məfA’ilün, fA’ilatün, müstəf’ilün, müfA’ələtün, mütəFa’lün, məf’Ulatü’(Tərlan Quliyev).

İlahiyyatçı Nəriman Qasımoğlunun zənnimizcə, apostrofun vacibliyilə yanaşı layihədə irəli sürülmüş digər maddələrə də özünün kreativ, konseptual münasibəti təkcə yazıçı dostlarımız üçün nəzərdə tutulmayıb: “Birincisi, yaxınlaşma təbii proses olmalıdır, süni yox və özü də təbii olunca, ikitərəfli qaydada baş verir. İkincisi, Türkiyə türkləri ilə ortaq abidəmiz “Kitab-i Dədə Qorqud”un dili Azərbaycan türkcəsi ilə bağlıdırsa, ortaq nəhənglərimiz Füzuli, Nəsimi və b.-nın türkcə əsərləri bizim türkcədədirsə, bu abidələrindəmi redaktəsinə girişməliyik? Səadət xanımın bu narahatlığını diqqətə necə almamaq olar: “Azərbaycan bədii mətnində, xüsusilə şeirdə ayrıca bir yeri və müəyyən bir çəkisi olan bu ifadələrin yazılış və deyiliş şəklinin dəyişdirilərək, -iyət, -iyat şəklini alması mənbəşünaslıq, mətnşünaslıq, əruz elmi, bədii qiraət, ədəbiyyatdan oxu dərsləri və s.-də ancaq və ancaq problemə yol açacaq.

69-cu bənddə ifadə olunan təklifin də zərərli olduğu, sözlərin deyilişinə əngəl yaratdığı üzdədir. Layihə müəllifləri vaxtilə apostrofla yazılan Qur’an sözünün sətirdən sətrə keçirilməsini Qur’-an  deyil, ‘Qu-ran’ kimi təklif edirlər. Deyilişə bir zərbəni vaxtilə apostrofun ixtisarı vurub. İndi də bu təklif ki, keçərsə, məcbur olacağıq müqəddəs Kitabımızın orijinal adını  sadəcə fe’li sifət qəbilindən sözcük olan “quran” kimi tələffüz edək…

Qayıdıram təklif edilən layihənin 37-ci maddəsinə. Heç kimin haqqı yoxdur qoşa “y”-dan birini ixtisara salmaqla divan ədəbiyyatımıza divan tutsun. Eləcə də son iki əsrin görkəmli ədiblərimizin əsərlərini “orfoqrafik” redaktəyə məruz qoysun. Bunu bildirəndə israrla iddia edirlər ki, guya ədəbi abidələr, klassiklərin əsərləri çap ediləndə heç bir redaktəyə uğramayacaq. Bəs belə olduqda imla xaosundan necə, qurtulmaq mümkünmü olacaq?”

(“Yazıçı dostlarımızın nəzərinə” 05.09.2018 12:30) “Mükəmməl şəkillənmiş, inkişaf etmiş və ədəbi dil səviyyəsində özünü hər baxımdan çoxdan təsdiq etmiş dildə, dil qrammatikasında, orfoqrafiyasında qısa zaman müddətində tez-tez dəyişikliklərə yol vermək arzuedilən deyil. Dünyanın ən inkişaf etmiş ölkələri də özlərinin dövlət dillərinə münasibətdə məhz belə bir mövqeni əsas götürüb bəlli bir mühafizəkarlıq sərgiləyir” (N.Qasımoğlu).

Hazırda məqsədli şəkildə tez-tez aparılan orfoqrafik dəyişikliklər  (xüsusilə 13 (şe’r və fe’l), 22,, 37 və 69-cu maddələr  üzrə) bu qənaətə gəlməyə əsas verir ki, hansı radikal qüvvələrsə ədəbi dilimizin ləhcələşməsinə, orfoepikləşməsinə, klassik irslə müasir nəsillər arasında bu istiqamətdə rabitənin qırılmasına  və nəticə e’tibarilə orfoqrafik qaydaların pozulması ilə vahid ədəbi dilimizin  formalaşmasına mənfi təsir göstərməyə ciddi-cəhd göstərir.

Elə bu arqumentlərə görə də:

– 13 (ancaq fe’l və şe’r sözlərinə şamil edilir), 22 və 37-ci maddələrdə heç bir dəyişiklik aparılmasın.

– ərəb dilindən daxil olmuş bəzi sözlərin əsasən birinci, bə’zən də ikinci hecasında  uzanan e, ə, i saitlərindən biri olan sözlərdə;

– birincisi samitlə bitən, ikincisi saitlə başlanan hecalar arasında samiti ayırmaq, saiti aydın tələffüz etmək üçün;

– bu ərəb mənşəli sözlərin hecalara bölünüb, sətirdən sətrə keçirilməsində apostrofun rolunu nəzərə alaraq;

– klassik ədəbiyyatın transkripsiya və transliterasiyalarının hazırlanmasında;

– rus və Qərb ədəbiyyatlarında olmuş və olacaq apostroflu sözlərin yazılışında apostrof işarəsindən istifadə edilsin.

13-cü bənddən “şe’r və fe’l” sözlərini 69-cu bəndə əlavə edərək, həmin bəndin mətni (kökündən dəyişib) aşağıdakı redaksiyada oxunması təklif edilsin: 2003-cü ilin sentyabr ayının 23-də ləğv edilmiş apostrof işarəsi bərpa edilsin, Qur’an, cür’ət, hey’ət, Kən’an, məs’ud, məs’ul, məş’əl, e’lan, e’dam, şe’r, fe’l və bu qəbildən olan sözlərin aşağıdakı şəkildə hecalara bölünüb, sətirdən sətrə keçirilməsi məqsədəuyğun sayılsın: Qur-an, cür-ət, hey-ət, Kən-an, məs-ud, məs-ul, məş-əl və s.

 

30 sentyabr 2018