“Oğullar kişilik zəmanətini, Sənin qeyrətindən ala, Mübariz”.

“Oğullar kişilik zəmanətini, Sənin qeyrətindən ala, Mübariz”.
                     (Musa Ələkbərli.) 
 
Bu gün-7 fevral Milli Qəhrəman Mübariz İbrahimovun doğum tarixidir. Düşmənə “Mübarizlik dərsi” verən Mübariz  mübariz və qəhrəman olmağın  nə demək oduğunu şəxsi nümunəsi ilə təkcə Azərbaycana, Ermənistana yox, bütün dünyaya göstərdi. O,  qəhrəmanlığı ilə qəhrəmanlıq sözünü qəhr olmaqdan qorudu. Düşmən üstünə təkbaşına yürüyən Milli Qəhrəman Mübariz İbrahimov  öz qanıyla bizlərə səfərbərliyi diktə edən bir məğlubedilməzlik obrazı yaratdı. Həmin obraz mübarizliyi ilə şifahi xalq ədəbiyyatından, nağıllarımızdan, dastanlarımızdan  qanımıza , yaddaşımıza hopmuş yenilməz  xalq qəhrəmanlarının həqiqət olduğunu sübut edə bildi. Bu obrazın davamçıları isə Poladlar, Xudayarlar, İkinci Qarabağ müharibəsində şəhadət zirvəsində yurd salmış 3 minə yaxın şəhid və qazilərimiz oldu.
Mübarizin bütöv bir qoşunu əvəz edərək düşmən üstünə təkbaşına yaraqlı-yasaqlı çıxması xalqln içərisində mürgüləməkdə olan Qələbıyə inam , düşməni əzmək, qisasçılıq hissini alovlandırdı. Sanki Mübariz bir qığılcım olaraq bu alovu qarşısıalınmaz bir yanğına çevirdi. Düşmən üstünə faktiki olaraq təkbaşına getsə də, Mübariz tək deyildi. İşğal altında olan torpaqlarda, Xocalıda xüsusi qəddarlıqla alçaldılaraq işgənscə ilə, vəhşicəsinə öldürülən, qətlə yetirilən soydaşlarımızın ruhları hamısı birləşərək o gecə onu intiqama səslədi və ona kömək etdi. Mübarizin yenilməzliyinin sirri, bəlkə də, elə bunda idi. Ermənilərin yalana bürünmüş yazıq bir obraz yaratmasını, ATƏT-in, BMT-nin başqatan qətnamələrini illərlə nəticəsiz görməkdən artıq usanan Mübariz qisas almaq üçün düşmən üstünə tək getdi və qisasını aldı. Hücuma keçdiyi həmin yay gecəsi sanki Xocalının - tarixdən silinmiş şəhərin bütün ruhları da onunla bərabər oyanmışdı. Həmin ruhlar Mübarizi daha da qətiyyətli olmağa həvəsləndirirdilər. Qisasa çağıran bu səslər Mübarizi haqlı olduğuna daha da inandırıb qətiyyətli etdi.
O zaman 22 yaşında gənc olmağına baxmayaraq canından sevgi ilə keçməyi bacaran bu vətən oğlu döyüşə getmədən öncə hər şeyi gözünün qabağına gətiriib qərar verdi. O, doğulduğu kəndi və valideynlərini, idmanda qazandığı uğurları, sevgilisini nə qədər düşünsə də, heç nə onu öz qərarından döndərə bilmədi. “Mübarizlik yolunu Özü seçdi Mübariz” fikirlərindən də bəlli olduğu kimi o tamamilə özündən əmin idi. 
 
Mübarizin doğulduğu qədim Biləsuvar indi bu qəhrəman oğlu ilə  qürur hissi keçirir. “Kiçik Əliabad böyük vətənin Köksündə ürəktək döyünür indi”. Onun böyüyüb boya-başa çatdığı ev isə indi müqəddəs bir məkana çevrilib, “təsəlli verməyə gələn adamlar özləri təsəlli alıb gedirlər”. 
 
Adı dillərdən düşməyən Milli Qəhrəmanın bu cür addımı ölməkdə olan inamımızı özümüzə qaytardı, təslimçilik ab-havasından bizi xilas etdi. Mübariz bilirdi, nə qədər ki, alçaq düşmənin qarşısından qaçacaqsan,  o  səni qovacaq.  Ona görə də Mübariz qaranlıq əriməmiş minalı yollardan cəsarətlə keçərək öz işini tamamlamalıydı. O, düşmənlə üz-üzə olan Tərtərə çatanda daha da əminləşdi.  Məğlubedilməz Erməni Ordusun,  "arxalı köpək qurd basar", fikirlərini tamamilə darmadağın etdi. Xalq, Millət, Vətən, Torpaq uğrunda ölümü şərəf sayan  ölümdən qorxmayan Mübariz əvvəlcə içindəki  qorxunu öldürüb qalib oldu. İçindəki qorxuya qalib gəlib düşmən üstünə təkbaşına  gedənin isə dünyada heç nədən qorxusu olmur. Bunu bir daha sübut eləbi Mübariz. "Mübariz oğullar heç nədən qorxmur" ,- bunu və adının onun özünü ehtiva etdiyini də bütün dünyaya sübut etdi Mübariz İbrahimov. Onun bu cəsarətini qözü qorxuzulmuş , Xocalı faciəsinin dəhşətlərindən sarsılmış xalqı silkələdi, ayıltdı, özünə qaytardı. 
 
O, min-min yaşıdının böyüməsi üçün bütün ağrıları təkbaşına çəkməyə qərar verdi. Onun həmin döyüş qərarı sirr olduğuna görə düşmən üstünə hər kəsdən  xəbərsiz getmişdi. Ona görə də, hərbi hissədə gecənin bir aləmi atasına zəng edib, əgər evə gedibsə qayıtmasını tələb edirdilər. Atası cavab verir ki, onu ön cəbhədə axtarın. Təlaş keçirən atanın birdən yadına düşür ki, oğlu bir gün əvvəl zəng edib halallıq istəmişdi. Bu epizod da  türk oğlunun vətən və övlad sevgisinin bütövlüyünü nümayiş etdirən bir örnəkdir. Hələ onun məktubu. Nələr yoxdur o məktubda?! Vətən üçün , ata -anası üçün sevgi ilə vuran, çırpınan, amma mübarizəsindən də geri dönməyəcəyinə inamla , qətiyyətlə döyünən bir ürək!  Bugünkü gəncliyə həqiqi bir örnək oldu Mübariz Obrahimov. Əgər 2-ci Qarabağ müharibəsində Vətən üçün canından, qanından keçən bu qədər şəhidimiz və qazimiz oldusa, onların hamısının kişilik məktəbi məhz Mübariz İbrahimov oldu. Onlar kişilik dərsini ondan almış oldular.
“Böyük Ermənistan” xülyasının suya düşməsində onun örnəyi böyük hərəkətverici rol oynadı.  O bu qəhrəmanlığı, şücaəti ilə yağıya bildidi ki, sənin Tanrı türkünə qənim kəsilməyin öz məhvinə səbəb olacaq. Əgər indiyə kimi səni yola vermişiksə, elə sanma ki bu, axıradək belə olacaq!..
2010 -cu ildə bir çox məktəblərin təşkilatçı müavinləri kimi mən də işlədiyim məktəbdə Mübariz İbrahimovun xatirəsinə böyük stend hazırlatdırmışdım. İri fonda qrantamyotlu şəkli və iri şrift ilə anasına yazdığı məktubu. Çox böyük ölçüdə idi. Köçkün məktəbin dəhlizində  divara bərkitdirmişdim. İnanın, hər tənəffüs oğlanların cərgə-cərgə düzülüb qibtə ilə üz-üzə dayanıb baxdıqları şəkil. Bu qədər sevgi və marağı işlədiyim müddətdə hazırladığım  heç bir stendə qarşı görməmişdim. Hamı Mübariz kimi olmağı arzulayırdı .Mən onları seyr edikcə düşünürdüm ki, vaxt gələcək və Mübazlər ordusu  yetişəcək ! Torpaqlarımız azad olacaq! Nəhayət, o gün gəlib çatdı. Düşünürəm ki, bu günkü qələbəmizdə Mübariz və   onun kişilik məktəbinin  rolu çox böyük oldu! Həmçinin  bu rolda biz müəlimlərin də əməyi danılmazdır. Həqiqətən də, yaşadığımız tarix göstərdi və sübut etdi ki, Şəhidlər ölməz, Vətən bölünməz!

Gülyaz ƏLİYEVA