Xırdalanda partlayış

Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar xəttinə Xirdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə uçqunla müşayiət olunan partlayış hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

Virtualaz.org FHN-ə istinadən bildirir ki, dərhal əraziyə nazirliyin müvafiq qüvvələri cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, uçqun ikimərtəbəli fərdi yaşayış evində baş verib, partlayış dalğasının təsirindən yaxınlıqdakı binaların şüşələri sınıb. FHN-in əməkdaşları tərəfindən operativ olaraq biri qadın və biri uşaq olmaqla iki nəfər xilas edilərək aidiyyəti üzrə təhvil verilib. Dağıntı altında qalan şəxs və ya şəxslərin olması ehtimalı nəzərə alınaraq axtarış-xilasetmə əməliyyatı davam edir.

Əlavə məlumat veriləcək.