Azərbaycanda yeni təxribatçı qüvvələr kimlərdir? - Fazil Mustafa "Canlı debat"da

Qarabağ savaşımız davam edir. Amma bu arada ölkə daxilində etirazçı kütlənin yetişdirilməsi üçün cəhd göstərən qüvvələr var. Hərbçilərin maaşını kəsənlər, Mərkəzi Bankın yeni binası üçün milyonlarla vəsait xərcləyənlər, bahalaşmanı tənzimləyənlər... Qalib ordunun ölkəsində insanları hökumətdən narazı salmaq istəyənlər kimlərdir? Əcəba 5-ci kalonun izləri hələ də qalırmı?

Qarabağla bağlı proseslər də qaynarlığını saxlayır. Güc birlikləri məsələyə daha çox müdaxilə etdikcə proses gərginləşir. Rusiyalı ermənipərəst politoloq Stanislav Tarasov Regnum-dakı müəllif məqaləsində yazıb ki, Bayden hökuməti Qarabağ məsələsində təşəbbüsü ABŞ-ın əlinə alması üçün Azərbaycanın Ermənistan üzərində hərbi qələbəsini legitim saymaya, yəni tanımaya bilər – Bakının problemi güc yolu ilə həll eləməsinə etiraz olaraq. Onu da yazıb ki, Bayden öz ətrafına kifayət qədər qafqazşünas yığıb. Amma Qafqazda söz sahibi Rusiyadı, o bizim yanımızdadı. Bu bölgədə ikinci söz və nüfuz sahibi Türkiyədi, o da yanımızda, arxamızda. ABŞ-ın Qarabağ məsələsində hökm verməyə hansı resursu var? İstəsə belə bunu bacararmı? ABŞ –ın təzə prezidenti bizim halal və qanuni qələbəmizi niyə qısqansın və ya şübhə altına alsın ki?

Rusiya XİN rəhbəri Sergey Lavrov Qarabağla bağlı son açıqlamasında Rusiya sülhməramlılarının statusunun dəqiqləşdirilməsi istiqamətində iş aparıldığını söyləyib. BAXCP sədri Qüdrət Həsənquliyev isə deyib ki, Bakı Rusiya sülhməramlılarına beynəlxalq səviyyədə hər hansı statusun tanınmasına imkan verməməlidir, çünki bu, on illər ərzində bizə Dağlıq Qarabağ üzərində suveren hüquqlarımızı bərpa etməyə imkan verməyəcək.

Sitat: “Qarabağdakı Rusiya sülhməramlılarına beynəlxalq status verilsə və onların Azərbaycanda qalması bizim yox, beynəlxalq birliyin qərarından asılı olsa, münaqişə heç vaxt həll olunmayacaq və biz Dağlıq Qarabağ üzərində suveren hüquqlarımızı bərpa edə bilməyəcəyik”.

Azərbaycana “BMT təhlükəsi” ciddidirmi?

Daha bir hərbçimiz minaya düşərək şəhid olub. Belə hallar səhlənkarlıq nəticəsində baş verir, yoxsa təsadüf nəticəsində? Azad edilmiş ərazilərimizdə şəxsi heyətə minalarla bağlı təlimatlandırma işləri necə aparılır? Aparılırmı?

Qarabağda prezidentin yeni səlahiyyətli nümayəndələrinin olması necə və nəylə izah edilir. İcra başçıları da prezidentin səahiyyətli nümayəndələridir. Azərbaycan paralel idarəçilikdın imtina etdiyi vaxtda yenidən paralel idarəçiliyəmi qayıdır?

Bu və digər sualların cavabını Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa ilə müzakirə edirik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər. Bunun üçün Musavat.com-un Facebook və Youtube səhifələrindən birini bəyənib, paylaşa bilərsiz.