O, düşmənin də, ölümün də gözünə düz baxırdı-FOTO-VİDEO

Ehtiramla: Azad Məsiyev

 

…ŞƏHİD Mayor Mürsəliyev Sübhi Balamirzə oğlu 28 dekabr 1979-cu ildə İsmayıllı rayonu Qurbanəfəndi kəndində müəllim ailəsində anadan olub.
Orta məktəbi yüksək qiymətlərlə bitirən Sübhi 1997-ci ildə BDU-nun İqtisadi nəzəriyyə ixtisasına qəbul olur. Uşaqlıqdan hərbi sahəyə olan marağı, yağı düşmənin işğalı altında olan torpaqlarımızın azad olunması arzusu onu daim düşündürür. Elə buna görə də ali məktəbi bitirib hərbi xidmətə zabit kimi yollanır. Elə ilk günlərdən düşmənlə üz-üzə döyüşür. Sübhi Mürsəliyev hərbi xidmətdə olduğu müddətdə daim cəbhə bölgələrində xidmət aparır. Göstərdiyi şücaətlərinə görə həmişə hərbi hissə komandanlığının rəğbətini qazanır, peşəkar zabit kimi önə çəkilir, onların diqqət mərkəzində olur. O, tez bir zamanda tağım komandirliyindən batareya komandirliyinə yüksəlir.
Sübhi Mürsəliyev cəbhənin Tərtər, Ağdam, Tovuz bölgələrində xidmət keçir, ən qaynar döyüş bölgələrində olur. 2016-cı ilin Aprel döyüşlərində Talış kəndi uğrunda gedən döyüşlərdə fəallıq göstərir. Döyüş xidmətlərinə görə çoxsaylı təltiflərə layiq görülür, müxtəlif medallar və fəxri fərmanlarla mükafatlandırılır. O, 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsində isə tabeliyində olan hərbi bölmələrlə düşmənin qorxulu röyasına çevrilir. Sentyabrın 30-da gedən gərgin döyüşlərin birində 28 əsgərini ölümdən xilas edərkən özü qəhrəmanlıq göstərir, Vətən yolunda şəhid olur.
Zabit və əsgərlərinin dediyinə görə, Sübhi Mürsəliyev ölümün gözünə mərd baxan komandir kimi daim əsgərlərini düşünər, onların qayğısına qalarmış. İgid komandir- mayor Mürsəliyev Sübhi Balamirzə oğlu Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dekabrın 15-də "Vətən uğrunda" medalı və " 3-cü dərəcəli Vətənə xidmət” ordeni ilə (ölümündən sonra) təltif edilmişdir.
Allah rəhmət eləsin!
O, düşmənin  də, ölümün də gözünə düz baxırdı-FOTO-VİDEO