"Jurnalist binaları"nın tikintisindən böyük pullar mənimsəyən şirkət rəhbəri tutuldu

"Məmmədov Nadir Məhərrəm oğlu isə Cinayət Məcəlləsinin 179.4, 308.2 və 313-cü maddələrinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir".
Bu faktlar Baş Prokurorluğun yaydığı məlumatda əksini tapıb. Mövzuya aid hissəsini təqdim edirik: 
" Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna (KİVDF) dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclənməsi zamanı aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar Hesablama Palatasından daxil olmuş materiallar üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Aarılmış istintaqla Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun sərəncamında olan əmlakın həmin qurumun İcraçı direktoru və əməkdaşlarının digər şəxslərlə əlbir olmaqla şəxsi maraqlarına uyğun istifadə etmələrinə, fəaliyyətin ayrı-ayrı istiqamətləri üzrə proqramların və vəzifələrin icra edilməsi adı ilə rəsmi sənədlərə yalan məlumatlar daxil edilərək xüsusilə külli miqdarda ziyan vurulmaqla mənimsəmələrinə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına və digər qanunsuz əməllər törətmələrinə əsaslı şübhələr müəyyən edilmişdir.
Belə ki, aparılmış istintaqla müəyyən edilmişdir ki, Fondun icraçı direktoru Səfərli Vüqar Müzəffər oğlu, “Portos” MMC-nin direktoru Məmmədov Nadir Məhərrəm oğlu və qeyriləri ilə qabaqcadan əlbir olaraq mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və yaşayış evlərinin tikintisi ilə bağlı 2013-2019-cu illər ərzində dövlət tərəfindən KİVDF-yə ayrılmış vəsaiti layihə və smeta sənədlərində iş həcmini əsassız şişirdib, işlərin və materialların dəyərini müəyyən edilmiş qiymətlərdən artıq göstərilməklə “Portos” MMC-nin bank hesablarına köçürmüş, bununla da, mətbuat işçiləri üçün Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, Bibiheybət qəsəbəsi ərazisində yaşayış binalarının tikintisi üzrə ayrılmış xüsusilə külli miqdarda pul vəsaitini mənimsəmiş, qeyd edilən cinayət əməllərinin aşkar olunmasının qarşısını almaq məqsədilə əlbir olduğu şəxslərlə birlikdə yerinə yetirilmiş işlərin qəbulu haqqında “Forma 2” aktlarında ayrılmış vəsaitlərin tam həcmdə binanın tikintisinə sərf edilməsinə dair yalan məlumatlar daxil edib şəxsən təsdiq etməklə vəzifə saxtakarlığı da törətmişdir".